IŞİD-irsiniz, cənablar?? (VİDEO)

12-10-2014, 22:49   
Onlar qəfildən peyda oldular. Təkcə müqəddəs yox, elə murdar yer də boş qalmır. Talibanın, “Əl-Qaidə”nin yerini kimsə tutmalıydı və tutdu. İndi İŞİD adı ilə islam xilafəti yaratdığını elan edən, amma elə müsəlmanlara qənim kəsilən, bəlkə də şübhə doğurmasın deyə arabir beş-altı xristian başı də kəsən bu lənətullahlar gəlib Qəmlonun sözü olmasın lap burnumuzun ucuna dirəniblər. Kimdir onlar və nə istəyirlər? Niyə istəyirlər və kim üçün istəyirlər?

Onların kimliyi elə qiyafələri və bayraqları kimi qaradır. Beş-altı xarici maşını zirehli avtomobilə çevirərək başqa vaxt bəlkə də adi Yol Polisi əməkdaşının qorxusundan altını batırmağa hazır olan bu qara-quralar indi müsəlman dünyasında meydan sulayırlar, daha doğrusu qanlayırlar. İŞİD-in dırnaqarası yürüşünün qarşısını almaq niyə mümkün olmur? Axı kosmosdan ucqar Almaniyada Angela Merkelin qulağının dibini güdməyi bacaran, örtülü bir yerdə, yalnız gecə gördü cihazının köməyi ilə dinc iraqlıların izinə düşüb, kompüter oyununda olduğu kimi bir gülləni belə boşa vermədən onları dənləməyi bacaran Birləşmiş Ştatlar bu İŞİD-in qabağında niyə belə acizdir? Axı niyə bu yeni anlaşılmaz xilafət ordusunun dırnaqarası səraslanlarının hədəfləri sırasında müsəlmanların məscidlərini dağıdanlar, onlara it zülmü verənlər yoxdur? Əksinə onlar elə özləri məscidləri dağıdır, minarələri uçururlar?! Kimdir onların arxasında dayanan və niyə gəlib Türkiyə sərhədinə dirəniblər? Bu gün Türkiyədə tökülən qan qrupuna görə kimə qohumdur?

Əlbəttə Ərdoğanın yaratmaqda olduğu yeni Türkiyənin böyük bir problemi var: dünyəvi və dini dövlət arasında səndələnən qeyri-müəyyənlik. Ölməz Atatürkün ruhu qarşısına Ərdoğanın çıxardığı obraz tamamilə fərqlidir. Atatürk namaz qılmırdı. Allah-taaladan, peyğəmbərdən sitat gətirmirdi... Ərdoğanın dinə bağlılığı onun və Türkiyənin bir sıra yerlərini düşmən qarşısında açıq qoyur. Məsələn, kiməsə elə görünə bilər ki, öz aləmində xalis islam uğrunda mübarizə apardığını iddia edən İŞİD Türkiyəni islamı məhz onunku kimi qəbul etmədiyindən hədəf alıb. Amma bir az əvvələ qayıdaq. Yadınızdadırsa, “Mavi Mərmərə” gəmisini İsrail hərbçiləri gülləbaran edəndən sonra Türkiyə uzun müddət Tel-Əvivdən üzürxaqlıq tələb etdi və nəhayət onu da aldı. Elə o zamanlar bəzi ekspertlər bildirdilər ki, bu Türkiyəyə baha başa oturacaq. Ona görə ki, İsrail heç vaxt üzr istəməyib və bu addımı atıbsa mütləq nəsə bir planı var. Bir müddət əvvəl, Türkiyədə prezident seçkiləri keçirildi və bununla da Türkiyə öz tarixində ilk dəfə olaraq ümumxalq səsverməsi ilə başçı seçdi. Bununla da dövləti bundan sonra təmiz hərbçinin yox, məhz mülki şəxsin idarəçiliyinə verdi. Dövlətin arxasından ordu çıxarıldı. Ərdoğanın Birləşmiş Ştatlar əleyhinə, Pensilvaniya və burada fəaliyyət göstərən Fətullah Gülənin əleyhinə çıxışları Ağ Evi Çankayaya qarşı qoydu. Tərəflər nə qədər çalışsalar da yaranmış gərginliyin üstünü örtmək mümkün olmadı. Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden Türkiyəni İŞİD-i yaratmaqda günahlandırması isə Ərdoğanın köhnə şakərini oyatdı. Bayden üzr istəməlidir. Bayden də üzr istədi…
IŞİD-irsiniz, cənablar?? (VİDEO)[media=http://www.youtube.com/watch?v=0G4egrgBUoc#t=231]
Və indi İŞİD-Türkiyənin düz burnunun ucundadır.

Baxmayaraq ki, bu terror qruplaşması ərəb ölkələrini hədəfə alırdı. Və nəhayət mən sizin yadınıza bir nəzəriyyəni də salmaq istəyirəm. Xaos nəzəriyyəsi. Bu nəzəriyyəyə görə ölkədə xaos yaradılır və bu xaos vasitəsi ilə dövlətlər parçalanır, zəif salınır. Amma məscidin açıq olması barədə misalı da müsəlmanlar düşünüblər axı. Belə olan halda onda onlar hara baxırlar???

İndi isə gəlin nəticə çıxaraq:

Beləliklə, ortada Birləşmiş Ştatların maraqlar var. O Suriyada əməliyyat aparmaq istəyirdi bir zamanlar, amma Rusiya onun qarşısına hansısa naməlum, amma samballı arqumentlər qoydu və Ağ Evi əməliyyat apara bilmədi. Başqa vaxt Rusiyanı regional dövlət sayan ABŞ bu dəfə geri çəkildi. Bu gün isə istədiyi vaxt Suriyaya girib istədiyini edir və daha bu başqa məsələdir ki, Birləşmiş Ştatlar nəyi və niyə istəmir. İkincisi, İŞİD də Suriya müxalifəti kimi Bəşər Əsədə qarşı vuruşur. Deməli onların Birləşmiş Ştatlarla bəzi məqamlarda iş birliyi də ortaya çıxa bilər. Və nəhayət, NATO üzvü olan Türkiyənin İŞİD-lə toqquşmaya təhrik edilməsi göz qabağındadır. Bəyaqki xaos nəzəriyyəsini yadımıza salın. Bunu edənlər yəqin ki, Türkiyənin uzun illərdir ki, zəifləməsi planını həyata keçirirlər. Əvvəllər bu mümkün deyildi. Ordu var idi. Dövlətin idarəsini ən pis vəziyyətdə o üzərinə götürürdü. Türkiyənin təbii müttəfiqləri ilə əla münasibətləri var idi. İndi isə vəziyyət dəyişib. Ərdoğan öz xarici və daxili siyasətində kifayət qədər boş yerlər buraxıb. Daxildə onu radikal müxalifət hətta İŞİD-lə əlbirlikdə ittiham edir. Onlarla Türkiyə vətəndaşı İŞİD-lə müharibənin ilk qubanları sayıla bilər. Açıq savaşda həlak olmasalar da. Xaricdə isə Ərdoğanın dirəndiyi seytnot müzakirə olunur. Vaxt Ankaranın əleyhinə işləyir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.