Rusiya bizi aldadır, Kreml Qarabağ problemini həll etmək niyyətində deyil»

13-10-2014, 18:03   
Rusiya bizi aldadır, Kreml Qarabağ problemini həll etmək niyyətində deyil»

«ABŞ istəsə neftin qiymətini 20 dollara salar»

Vəfa Quluzadə: «Putin düşünür ki, qoşunlarını geri çəkməklə sanksiyaların dayandırılmasına nail olacaq»

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sərhəddə cəmləşmiş ordu hissələrinin geri çəkilməsinə göstəriş verib. Putinin belə bir addım atması kifayət qədər maraq doğurur. Putin Müdafiə Nazirliyinə Rostov vilayətində təlim üçün cəlb olunmuş ordu hissələrinin daimi dislokasiya yerlərinə qaytarılmasını əmr edib. Putin qərarını oktyabrın 11-də müdafiə naziri Şoyqu ilə işçi görüş zamanı açıqlayıb. Amma bu xəbərlə yanaşı onu da vurğulamaq yerinə düşər ki, Rusiya tərəfi birinci dəfə deyil ki, oxşar qərar verir. Amma daha sonra Rusiya qoşunları yenidən əvvəlki mövqelərinə geri qaytarılır. Politoloq Vəfa Quluzadə ilə müsahibəyə Putinin geri çəkilməkdə nə dərəcədə səmimi olmasıyla bağlıdır:

- Hazırkı situasiyanı nəzərə alarıqsa, o zaman söyləmək olar ki, rus ordusu geri çəkilir. Rusiyanı belə bir addım atmağa bir neçə səbəb vadar edə bilər. Birinci səbəb odur ki, Ukrayna Rusiya aqressiyası qarşısında tək qalmadı. Qərb Ukraynanın arxasında möhkəm dayandı. Putin gördü ki, Ukraynanın şərqini tamamilə işğal etmək mümkün olmadı. Ukraynanın şərqində əhalinin yalnız üçdə biri Rusiyanın tərəfdarıdırsa, ikidə üçü Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Ona görə Putin burada üstünlük əldə edə bilmədi. Putinin planı bu idi ki, Rusiya separatçılara kömək etməklə Ukraynanın şərqini ümumi dövlətdən ayırsın. Üstəlik Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar dövlətə ciddi ziyan vurdu. Rusiyanın iqtisadiyyatı olduqca zəifdir, müqavimətə davamlı deyil. Rublun məzənnəsinin aşağı düşməsi, neftin qiymətinin enməsi Rusiya iqtisadiyyatını ciddi təhlükə qarşısında qoyur. Ona görə görünür, Putin anlayıb ki, müharibəni davam etmək onun xeyrinə olmayacaq. Putin düşünür ki, qoşunlarını geri çəkməklə sanksiyaların dayandırılmasına nail olacaq. Digər bir fərziyyə ondan ibarətdir ki, Rusiya sadəcə müvəqqəti olaraq qoşunları geri çəkir. Rostov şəhəri Ukrayna ilə sərhəddədir. Bu şəhərə qoşunu çəkərək, daha sonra geri qaytarmaq o qədər çətin iş deyil. Ona görə Rusiya taktiki şəkildə sərhəddən geri çəkilərək, yenidən köhnə mövqelərinə qayıda bilər.

“Qərb Rusiyanın enerji siyasətini iflasa uğratdı”

- Dünya bazarında neftin qiyməti durmadan aşağı düşür. Bunun fonunda isə ABŞ neft idxal edən ölkədən, ixrac edən ölkəyə çevrilməkdədir. ABŞ-ın neft ixrac etməsinin təsadüfi olmadığı düşünülür. Ekspertlər hesab edir ki, ABŞ məhz bu yol ilə Rusiyaya ilk zərbəsini endirmiş oldu...


- Ukrayna hadisələri prosesləri tezləşdirdi. Yəni SSRI çökəndən sonra Rusiya ABŞ və NATO-nun düşməni kimi meydanda qaldı. Amma Rusiya çox zəiflədilmiş düşmən idi. Buna baxmayaraq Rusiya əlində olan enerji resurslarından istifadə edərək Avropanı ələ almağa çalışdı. Rusiya neft dollarından istifadə edərək ordusunu bir qədər təkmilləşdirdi. Bu addımlar sona yetdikdən sonra Rusiya aqressiv siyasət yürütməyə başladı. Rusiyanın aqressiv siyasəti yekunlaşmayana qədər Amerika Rusiya ilə iqtisadi müharibəni dayandırmayacaqdır. Qərb Rusiyanın əsas gəlir mənbəyi olan neft və qazı tamamilə neytrallaşdırana qədər iqtisadi müharibəni aparacaq. Qərb demək olar ki, tamamilə Rusiyanın neft və qazından imtina edib. Ona görə də Qərbə alternativ enerji mənbələri lazımdır.

Onu da nəzərə almaq lazımdır ki, ABŞ neftin qiymətinin aşağı salınması üçün hələ əsas amildən istifadə etməyib. Burada əsas amil Səudiyyə Ərəbistanıdır. Səudiyyə Ərəbistanı isə ABŞ-ın müttəfiqidir. Əgər ABŞ-dan Səudiyyə Ərəbistanına mesaj gəlsə ki, neft hasilatını artırsın. Bu zaman neftin qiyməti 20 dollara düşə bilər. Ona görə Rusiyanən vəziyyəti olduqca gərgindir.

“Rusiya çıxış yolunu MDB-də görür”

- Bu arada Avrasiya Ittifaqı Azərbaycana qarşı öz əsl niyyətləri açmaqdadır. Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Vladimir Cabarov bəyan edib ki, Azərbaycan təşkilata üzv olarsa Qarabağ münaqişəsinin həllinə yol açılacaq. Bundan başqa Rusiya Ictimai Şurasının üzvü, keçmiş deputat Sergey Marka vurğulayıb ki, Ermənistanın 7 rayonu geri qaytaracağı təqdirdə Azərbaycanla əlaqələr bərpa oluna bilər...

- Rusiyanın MDB çərçivəsində aktivləşməsinə gəlincə isə bu da təbiidir. Rusiya hazırda öz durumunu gözəl bilir və istəyir ki, vəziyyətini öncə MDB çərçivəsində yaxşılaşdırsın. Azərbaycanlılar bu vaxta qədər Rusiyada təhqirlərə məruz qalırdı. Jirinovski və digər Rusiya məmurları Azərbaycan xalqını təhqir edirdilər. Amma hazırda bu siyasət kəskin dəyişib. Əslində bu siyasət Rusiyanın zəifliyindən və bu dövlətə bel bağlamaq mümkün olmadığından xəbər verir. Azərbaycanın 20 faiz toropağı işğal altındadır. Rusiya Ermənistana söz verib ki, bu ərazilər sizindir. Idi Rusiya necə edəcək ki, birdən Ermənistanın əlindən bu torpaqları alacaq? Rusiyanın əslində belə bəyanatlar verməsi bir daha sübut edir ki, bu əraziləri elə Rusiya işğal edib. Əgər Rusiya bu gün desə ki, biz işğal altındakı torpaqları alıb Azərbaycana qaytarırıq Ermənistanda anti-rus inqilabı başlayar. Çünki təbliğat erməniləri inandırıb ki, Rusiya müttəfiqdir və Rusiya erməniləri qoruyur. Indiyə qədər yürüdülən siyasəti birdən-birə necə dəyişdirmək olar? Digər tərəfdən Ermənistanın Qərbə marağı çox böyükdür. Bu məqam Ermənistanı Rusiyadan ayıra bilər. Onu da nəzərə almaq lazımdır ki, ötən müddət ərzində Qarabağ problemini çözməklə bağlı Rusiya tərəfindən heç bir mexanizm hazırlanmayıb. Hazırda da bəyan edirlər ki, Azərbaycan Gömrük Ittifaqına üzv olmalıdır, ondan sonra bu problem həll olunacaqdır. Kim zəmanət verir ki, Azərbaycan bu təşkilata üzv qəbul olunduqdan sonra münaqişənin həlli istiqamətində addım atılacaq. Bizi sadəcə olaraq aldadırlar.

Eyni zamanda yeddi rayonunun geri qaytarılması müqabilində Azərbaycanın Ermənistanla əlaqələri bərpa edə biləcəyi barədə fikir də reallıqdan uzaqdır. Rusiya sadəcə olaraq anlayır ki, Qərblə Azərbaycan arasında soyuqluq yaşanır və Bakı Qərbdən gələn tələblərdən qorxaraq, Rusiyaya üz tutacaq. Amma Qərb Azərbaycanın torpaqlarını işğal etməyib, Ermənistanın hərbi müttəfiqi deyil. Indi necə olur ki, biz ABŞ-dan əl çəkərək, gedib çökən Rusiya ilə birgə olduq.

“Şoyqu Bakıya silah satmağa gəlir”

- Rusiyanın müdafiə naziri Şoyqunun Azərbaycana səfəri planlaşdırılır. Bu səfərin məqsədi nədir?

- Şoyqu elə bir ciddi səlahiyyətlərə malik, ciddi məsələlər həll edən şəxs deyil. Onun Bakıya səfərinin məqsədi Rusiyanı düşdüyü ağır iqtisadi durumdan çıxarmaqdır. Belə məlumatlar var ki, Şoyqunun səfəri silah satışı ilə bağlı Azərbaycanla müqavilə imzalamağa hesablanıb. Putin Azərbaycana səfər etdikdən, Soçi görüşündən sonra Azərbaycan Gömrük Ittifaqına getdimi? Bu şərtlərə razılıq vermək Azərbaycan üçün ölüm hökmüdür.

- Maraqlıdır ki, Həştərxan sammitindən sonra Türkiyə Dəniz Qüvvələrinin rəhbəri Hakan Üstəm oktyabrın 13-də Bakıya səfər edəcək. Bu səfəri necə dəyərləndirmək olar?

- BTC, Bakı-Qars dəmiryolu xətti Azərbaycanı Türkiyə üçün daha önəmli ölkəyə çevirir. Minsk Qurupu yeni qurulanda Azərbaycan Türkiyənin elə bir dəstəyin görmürdü. Hətta o zaman Türkiyəli diplomat mənə təzyiq edirdi ki, Azərbaycan müharibəni uduzub. Mən buna etiraz etdim. Hazırda situasiya tam fərqlidir. Azərbaycan Türkiyə üçün enerji mənbəyidir. Ona görə Azərbaycana təcavüz olsa Türkiyə hətta bizim yerimizə döyüşə belə girə bilər. Ona görə Azərbaycana edilən səfərlər və verilən bəyanatlar hərbi əməkdaşlığın dərinləşməsinə xidmət edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.