“Ərdoğanın siyahısı” niyə gündəmdən düşmür?; İqtidar kadr dəyişikliklərinin birmənalı olaraq nə nurçular, nə rusiyapərəstlər, nə də harınlamış məmurlardan can qurtarmaq kimi izah edilməsini istəmir; Elnur Aslanova yenidən vəzifə verilməsinin sirri açılır; Dini Komitə sədrinə şok ittihamlar...
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakı səfərindən sonra Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun “Ağ Ev”dən uzaqlaşdırılması ilə hakimiyyət daxilində “Hizmət” hərəkatına (nurçulara) yaxın adamların “təmizlənməsi” prosesi çoxlarının gözlədiyi kimi davamlı olmadı.
“Hizmət” hərəkatının Bakıdakı lideri kimi tanıdılan E.Aslanovun Rabitə və Yüksək İnformasiya Texnologiyaları Nazirliyində kiçik bir şöbəyə təyinatı yeni istefalar olacağı barədə versiyaları doğrultmadı. Niyə?
Çünki nurçu xofu (və ya ovu) artıq o qədər güclənmişdi ki, bu, hakimiyyətdaxili savaşın mühüm bir elementinə çevrilirdi. Ən ağlagəlməz məmurlar belə nurçularla əlaqədə suçlanır, sanki mühüm qərar mərkəzlərinə “bu adamla da haqq-hesab çəkilməlidir” kimi mesajlar verilirdi. Hakimiyyətin strateji qərar verən mərkəzi isə bu prosesin elə hakim komanda üçün necə təhlükəli məcraya yönəldiyini tez fərq etdi və “nurçu siyasəti”ndə təcili korrektələrə məcbur oldu. E.Aslanovun hamının təəccübünə səbəb olaraq yenidən hakim komandanın koridoruna qaytarılmasının səbəbini də məhz bu korrektə ilə izah etmək olar.
Əgər hakimiyyət “Ərdoğanın siyahısı” ilə “təmizləməyə” başlasaydı, bu, Türkiyədəki anti-nurçu əməliyyatlarından daha səs-küylü olacaqdı ki, bu da iqtidara indilikdə gərək deyildi.
Əvvəla, o səbəbdən ki, bu cür təmizləmə iqtidarın əslində monolit olmadığı və xarici qüvvələrin asanlıqla daxilə öz adamlarını yerləşdirdiyi barədə iddiaları gücləndirəcəkdi. Bu da Azərbaycanda maraqlı olan digər dövlətlərin kəşfiyyatlarını da “iqtidar daxilinə sızmağa” həvəsləndirə bilərdi.
İkincisi, iqtidarda məmurlara nəzarət sistemi hələ mərhum prezident Heydər Əliyev dövründən elə qurulub ki, burada kiminsə nəzarətdən çıxması qeyri-mümkündür. Heç kimə sirr deyil ki, 2005-ci ildə Fərhad Əliyev və Əli İnsanov bu mürəkkəb nəzarət mexanizminin üzə çıxardığı nəticənin sonucu olaraq həbs edilmişdilər. Ona görə də “hakimiyyət daxilinə xarici sızmalar” iddiaları bəzi hallarda ya rəqiblərin vurulması üçün istifadə edilir, ya da sensasiya xətrinə şişirdilir... Axı kim inanar ki, günlərin birində, məsələn, hüquq-mühafizə orqanına sızmış nurçu(lar) hansısa nazir oğlunun həbsinə sanksiya verərək Türkiyədəki 17 dekabr sayağı əməliyyat keçirə bilər.
Hələ Ərdoğanın Bakıya səfəri ərəfəsi “Yeni Müsavat” nurçu axtarışı mövzusuna toxunaraq yazmışdı ki, iqtidar adı şübhəlilər siyahısında olanlarla bağlı “tam məxfi” qrifi ilə daxili təftiş aparıb. Xəbərdə deyilirdi ki, nurçu şübhəlilərinin bütün yazışmaları, telefon zəngləri və digər əlaqələri araşdırılıb.
Nəticədə isə yalnız E.Aslanov Prezident Administarsiyasından cəmi üç-dörd küçə aralıda yerləşən başqa bir dövlət idarəsinə göndərildi. Amma şübhəsiz ki, E.Aslanovun suçu Prezident Administrasiyasından uzaqlaşdırılmaqdan daha ciddi olsaydı, hakimiyyət onu heç vaxt bağışlamazdı...
Bəs nə baş verir ki, ordudakı həbslər, generalların istintaqa cəlb edilməsi barədə xəbərlər gündəmi zəbt edərkən daxildəki nurçular mövzusu gündəmdən düşmür?
Hakimiyyətdəki nurçular mövzusundan yazan haqqın.az saytının baş redaktoru “Ərdoğanın məxfi siyahısındakı ikinci adam - Elşad İskəndərov” yazısı da bu baxımdan diqqəti cəlb edir. Jurnalistin Türkiyədə görüşdüyü bir analitiklə söhbət əsnasında hazırladığı yazıda maraqlı faktlar var: “Ərdoğanın siyahısında ikinci şəxs Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovdur.
Bu məkrli tip Elnur Aslanovdan və ya Osmanlı adlı anlaşılmazlıqdan daha çox təhlükə kəsb edir. Ceyhun Osmanlının Xocalı soyqırımının ərəfəsində İstanbulda necə yolunu azdığını bizdə hələ də xatırlayırlar. O, Taksimdəki məlum Xocalı mitinqi ərəfəsində bura gəlmişdi. İstanbulda iki aya yaxın qaldı. Guya Ceyhun 2012-ci ilin fevralında keçirilən bu səs-küylü aksiyanın əsas təşkilatçılarından biri idi. Həmin təşkilati iş üçün Elnur Aslanov ona 1 milyon dollar ayırmışdı. Hamıya məlumdur ki, bu aksiyanı Türkiyə hökuməti təşkil edib. Osmanlı Aslanovla birlikdə həmin milyonu oğurlayıb mənimsədilər”.
Yazıda iddia edilir ki, Dini Komitənin sədri nurçulara 2000-ci ildə - Azərbaycanın BMT-dəki nümayəndəliyində birinci katib işləyəndən qoşulub. Atasının Ayaz Mütəllibov dövründə DTK-nın təsərrüfat idarəsinin rəisi (polkovnik Hüseyn İsgəndərov) işlədiyini yada salan müəllif Dini Komitə sədrinin də hələ gənc yaşlarından Azərbaycan KQB-sində işlədiyini qeyd edib. “Yeri gəlmişkən, Hacı Hüseyn Ayaz Mütəllibovun vaxtında formalaşan şamaxılılar klanının rəhbərlərindən biri idi. Ancaq hakimiyyətdə qalmaq ona nəsib olmadı, həm də ona görə ki, Heydər Əliyevin tərəfdarları Mütəllibov Ali Sovetinin sessiyasında patriarxın çıxışına səs-küylü etirazını ona - Vaqif Hüseynovun tərəfdaşına bağışlamadılar. Hüseyn İskəndərov Heydər Əliyevin çıxışını ”Reqlament!" deyə qışqıraraq kəsənlərdən və parlamentin zalında ayağını yerə döyənlərdən biri idi. Hüseyn İskəndərovun müxalifətçi Heydər Əliyevə qışqırmağa çalışdığını əks etdirən videokadrlar dövlət telekanalının arxivlərində doludur"-deyə, E.Fətullayev yazır.
Daha bir sitat: “Elşad xüsusi xidmət əməkdaşı olduğunu təsdiqləyən vəsiqəsini az qala bütün Bakıya göstərmişdi - DYP əməkdaşlarından tutmuş gözəlçələrə qədər. Öz tabel silahı ilə lovğalanmağı xoşlayırdı və hətta şəhərin mərkəzində atəş açırdı.
Gənc Elşadın sayəsində şəhərin yarısı xarici kəşfiyyat xidmətinin məxfi idarəsinin harada yerləşdiyini öyrəndi, çünki hamı bilirdi ki, bu idarədə Elşad işləyir, özü də ikinci mərtəbədə. Pəncərəsi isə düz “İnturist”ə baxır - gözəgörünməz düşməni axtarmaq üçün!"
Bəs E.İskəndərovun karyerası necə irəliləyib? Yenə yazıdan sitat: “Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini (DQİDK) ələ keçirmək gülənçilərdən ötrü çox vacib məsələ idi. Bu qurum üzərində nəzarəti ələ almaq Gülən sektasından ötrü hələ Rafiq Əliyev dövründən bəri həyati əhəmiyyətli məsələ idi. Və bu sekta istədiyinə nail oldu. Elşad İskəndərov 2012-ci ildə DQİDK sədri vəzifəsini tutdu”.
Kifayət qədər ciddi ittihamlar və faktların yer aldığı yazı ilə bağlı Dini Komitə hələ ki heç bir reaksiya verməyib.
İndi isə “daxildəki nurçular mövzusu niyə gündəmdən düşmür” sualına qayıdırıq. Əldə etdiyimiz məlumata görə, yaxın zamanlarda hakimiyyətdaxilində ciddi kadr dəyişiklikləri planlaşdırılır. Gözlənilən dəyişikliklərin nurçularla nə dərəcədə əlaqəli olub-olmadığını iddia edə bilmərik. Çünki ordudakı həbslərin və “təmizləmənin” də Rusiya təhlükəsi ilə bağlı olduğuna dair iddialar da var. Dini Komitə sədrinin atasının Mütəllibovçu və Şamaxı klanının lideri kimi təqdim edilməsi də bu baxımdan maraq doğurur.
Son günlər iri məmur-oliqarxlar arasında amansız media savaşını da mümkün kadr dəyişikliyi ilə izah edirlər. Əsas strateji qərar mərkəzi isə sanki proseslərə seyrçi mövqedə qalır, bəzi iddialara görə, hətta öz media strukturları vasitəsilə gizli yön də verir.
Görünür, hakimiyyət bu dəyişikliklərin səbəbinin birmənalı olaraq nə nurçular, nə rusiyapərəstlər, nə də artıq şişmiş məmurlardan can qurtarmaq kimi izah edilməsini arzulamır.
Səbəbini yuxarıda izah etdik...
Maraqlı yay olacaq...