Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, yaxın həftələrdə İsraillə münasibətlərin normallaşması prosesi başayacaq.
Bu haqda Ərdoğan Amerikanın PBS telekanalına müsahibəsində bildirib. Baş nazir deyib ki, iki ölkə arasında yenidən “qara pişiyin” keçməyəcəyinə ümid edir. Türkiyə ilə İsrail arasında münasibətlər Qəzzaya yardım aparan“Mavi Mərmərə” gəmisinə İsrailin hücumu və 9 Türkiyə vətəndaşının öldürülməsindən sonra kəsilmişdi.
Ərdoğan deyib ki, İsrail Türkiyənin bütün şərtlərinə əməl edib-üzr istəyib, “Mavi Mərmərə”də ölənlərin ailələrinə kompensasiya verib və Qəzza sektorunun blokadasını yumşaldıb. Türkiyənin baş nazirinin bildirdiyinə görə, münasibətlərin normallaşması səfirlərin qaytarılması ilə başlayacaq.
Son aylarda Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasına dair danışıqlar İsrail qazının Türkiyə üzərindən Avropa bazarlarına nəqli layihəsinə dair danışıqlarla paralel gedib. Xəbərlərə görə İsrailin “Leviafan” yatağından hasil olunacaq təbii qazın Türkiyəyə nəqlinə dair “Turcas Petrol” şirkəti ilə anlaşma əldə edilmək üzrədir. Anlaşmaya görə İsrail Türkiyəyə ildə 7 milyard kubmetr qaz nəql edəcək. Bu sövdələşmə Türkiyənin Avropanın qazla təchizatı üçün mühüm dəhlizə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İsrail qazı Türkiyədən Avropaya TAP kəməri vasitəsilə çatdırıla bilər. Türkiyə Rusiya ilə Qərb arasında indiki qarşıdurmadan özünün regionda mühüm enerji dəhlizi statusunu gücləndirmək üçün maksimum istifadə etməyə çalışır.