Dost-tanışa külli miqdarda pul atan İlqar Məmmədova hökm oxunacaq Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində bizneslə məşğul olan İlqar Məmmədov iflas olandan sonra Azərbaycana qayıdaraq bu dəfə Bakı şəhərində pul qazanmaq niyyətinə düşüb. Bu məqsədlə plan qurub və pullu tanışlara üz tutub. 2008-ci ilin yayında tanışı Səttar Hacıyevin etibarından sui-istifadə edib. Səttar Hacıyevə Dubaydan Azərbaycana içki və neft quyularının qazılması üçün avadanlıqlar gətirəcəyini, Bakıda biznes quracağını vəd edib. Əvvəlcə Səttardan 210 min manat, sonra 111 min manat, daha sonra 750 min manat alıb. Beləliklə, Səttar Hacıyevin ümumilikdə 1 milyon manatdan çox pulunu mənimsəyib. İlqar Hacıyev eyni üsulla Sədrəddin Məmmədovu da aldadaraq, onun 241 min manatını, Sədrəddin Məmmədovun qardaşı Kərim Məmmədovun isə 200 min manatını ələ keçirib. "Dubayda işlərim düz gətirmədi" Bu əməli ilə İlqar Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə) maddəsi ilə ittiham edilib. Cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Prosesdə ifadə verən İlqar Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilib. Bununla belə deyib ki, ittiham aktında olan iddiaların bəziləri həqiqətəuyğun deyil. Onun sözlərinə görə, Səttar Hacıyevdən alınan pulun məbləği şişirdilib: "10 ildən çox Dubayda bizneslə, o cümlədən ev alqı-satqısı ilə məşğul olmuşam. 2008-ci ildə dünya iqtisadi böhranı yaşananda mən də iflas oldum. Buna görə orada işlərimi yarımçıq qoyaraq Azərbaycana gəldim". "Mənə 1 milyon manat verib" İlqar Məmmədovun sözlərinə görə, Bakı şəhərində olduğu müddətdə yenidən bizneslə məşğul olmaq qərarına gəlib. Uşaqlıq dostu Səttar Hacıyevdən Dubayda biznes qurmaq üçün əvvəlcə 210 min manat alıb: "Həmin pulu kommersiya fəaliyyəti üçün nəzərdə tutmuşduq və əldə olunan gəlirdən Səttar Hacıyev payını alacaqdı. O, mənə ümumilikdə 1 milyon manat verdi". Təqsirləndirilən şəxs deyib ki, Səttar Hacıyevdən aldığı pullarla Dubayda ev alqı-satqısına sərf edib. Borcu qaytarmaq üçün Hacı Ələsgər adlı dostunun zirzəmisini satışa çıxarıb: "Zirzəmini 500 min manata satdım və həmin pulu Səttar Hacıyevə verdim. İslam İsayevdən aldığım 110 min manatı da əlavə olaraq Səttara vermişəm. Səttara ümumilikdə 610 min manat ödəmişəm ki, banka girov qoyduğu evi çıxarsın. Qalan pulu ödəməmişəm. Bildiyimə görə, Səttar evini bank girovluğundan çıxarıb. Səttar Hacıyevə 135 min manat borcum qalıb". Uşaqlıq dostunu da aldadıb İlqar Məmmədovun sözlərinə görə, Dubayda ev alqı-satqısı ilə məşğul olmaq üçün Sədrəddin Məmmədovdan 300 min manat alıb: "Sədrəddinlə uşaqlıq dostu olmuşuq. Onunla görüşəndə Dubayda biznes qurmaq istədiyimi dedim. Sədrəddin də mənimlə razılaşdı və həmin məbləği mənə verdi. Dubaydan Azərbaycana içki və yaxud neft quyularının qazılması üçün avadanlıq gətirməyə söz verdim. Əslində avadanlıq gətirməklə yox, həmişə ev alqı-satqısı ilə məşğul olmuşam. Buna görə Sədrəddinə də, Səttara da Dubayda ev alqı-satqısı biznesi ilə məşğul olacağımıza söz vermişəm və vədimə əməl etmişəm. Sədrəddindən aldığım 300 min manatı sonradan geri qaytarmışam". "Tonla çörək kəsmişik və məni aldadacağı ağlımdan keçməyib" O deyib ki, Kərim Məmmədovdan pul almayıb. Təqsirləndirilənin sözlərinə görə, zərərçəkmişlər ondan əlavə pul tələb edirlər: "Onların verdiyi pullarını qaytarmışam. Pulu mənə faizə veriblər və əlavə pul istəyirlər". Zərərçəkmiş Sədrəddin Məmmədovun sözlərinə görə, uşaqlıq dostu İlqar Məmmədovla ailəvi gediş-gəlişləri olub: "İlqara inanıb borc pul vermişəm. Onunla tonlarla çörək kəsmişik, məni aldadacağı ağlımdan belə keçməyib. İlqarla görüşəndə mənə siyahı göstərdi. Həmin siyahıda neft quyularının qazılması üçün avadanlıqların siyahısı olduğunu dedi. Bildirdi ki, həmin avadanlıqları gətirərək Bakıda satmaq istəyir. Ancaq buna pul lazım olduğunu və satışdan yaxşı gəlir əldə ediləcəyini dedi. İttiham aktını oxuyanda bilmişəm ki, İlqar Məmmədov Dubayda ev alqı-satqısı ilə məşğul olub. O, mənə neft avadanlıqlarını gətirmək üçün pul istəyib". "Faizə pul vermək haramdır" Sədrəddin Məmmədov deyib ki, pulu faizə verməyib: "İlqar Hacı olduğunu, faizə pul alıb-vermədiyini dedi. Buna görə pulu faizsiz borca vermişəm. İlqar pulumu qaytarmayıb, 300 min manat qaytarması ilə bağlı dedikləri yalandır. İlqarın bacıma, bacım oğluna və digər qohumlarıma da borcu olub. Ancaq həmin pulları qaytarıb. Öz pulumdansa bir manat da görməmişəm. Həmin qohumlarımla aralarında olan məsələ öz işləridir. Mən öz pulumu istəyirəm. Belə vəziyyətdə uşaqlıq dostumun qarşısında dayanmağa xəcalət çəkirəm. Allah şahiddir ki, İlqardan dəfələrlə pulları ödəməyini istəmişəm. Məcbur qalıb şikayət etmişəm". Zərərçəkmiş Kərim Məmmədov bildirib ki, İlqar Məmmədovu qardaşı Sədrəddinin vasitəsilə tanıyıb və onunla qardaşının Mərdəkandakı bağ evində görüşüb: "Həmin görüşdə İlqar Məmmədov Dubaydan neft avadanlıqları gətirilməsi və Bakıda satışı ilə məşğul olduğunu, məni də həmin biznesə şərik etmək istədiyini bildirdi. Onunla razılaşdım və ona 210 min dollar verdim. Həmin pulu İlqar Məmmədov geri qaytarmayıb". Şahid qismində ifadə verən İlqar Adıgözəlov isə deyib ki, zərərçəkmiş Sədrəddin Məmmədovun dayısı oğludur. Onun sözlərinə görə, Sədrəddin ondan 115 min manat borc pul istəyib: "Həmin vaxt avtomobilimi 60 min manata satmışdım. Üstünü də düzəldərək Sədrəddinə 115 min manat verdim. Dayım oğlu dedi ki, işləri yaxşı alınsa, mənə də əlavə pul verəcəklər. Sədrəddin İlqar adlı bir şəxslə iş quracağını söylədi. Pulu dayım oğluna verəndə əlavə gəlir güdməmişəm. Dayım oğlu məndən borca pul istəyib, mən də vermişəm. Pulla bağlı heç vaxt İlqarla əlaqə saxlamamışam, pulun verilməsinin də şahidi olmamışam". Prokuror: "Məqsəd dələduzu cəzalandırmaq deyil" Digər şahid Elman Məmmədov deyib ki, Sədrəddin Məmmədovun dostudur. Onun sözlərinə görə, Sədrəddin İlqara pul verdiyini, İlqarın da pulu qaytarmaq istəmədiyini deyib: "Sədrəddin pulu bankdan götürdüyünü, evini banka girov qoyduğunu da bildirmişdi. Mənim bildiklərim bundan ibarətdir. Sədrəddinin İlqara pulu hansı məqsədlə verdiyini əvvəllər bilməmişəm. Onların bu pula biznes quracaqlarını eşitmişəm. İşin incəliyindən xəbərsiz olmuşam. İlqar Məmmədovu da şəxsən tanımamışam". Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru Mübariz Hadıyev deyib ki, dələduzluq cinayətləri ilə bağlı məhkəmələrin qurulması nəticə verməlidir: "Bizim məqsədimiz dələduzluq cinayəti törədən şəxsləri cəzalandırmaq deyil. Cinayəti törədən şəxsləri cəzalandırırıq ki, digər şəxslər də nəticə çıxarsın". Hakim: "Qardaşına qarşı da dələduzluq edən olur" Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasovun sözlərinə görə, dələduzluq cinayəti törədən şəxslərin bir niyyəti olur: "Həmin şəxslər yad adamlara qarşı cinayət törətmirlər. Onlar adətən, öz qohumlarına, tanıdıqlarına qarşı dələduzluq edirlər. Biz baxdığımız bütün dələduzluq cinayətlərində belədir. Hətta qardaşına qarşı da dələduzluq edənlər olur". Məhkəmə istintaqı zamanı Sədrəddin Məmmədov vəsatətlə çıxış edib. Deyib ki, İlqar Məmmədov onun dostu Ələsgər Məhərrəmovun restoranını banka girov qoyub: "Ələsgəri İlqar Məmmədov mənim vasitəmlə tanıyıb. Buna görə də restoranını banka qoymağı və bankdan pul götürməyi təklif edib. Ələsgər İlqar Məmmədovun təklifinə mənə görə razılaşıb. Ələsgər etibarnamə əsasında restoranı İlqar Məmmədovun adına sənədləşdirib. İlqar Məmmədov da fürsətdən istifadə edərək restoranın sənədlərini "Zaminbank"a girov qoymaqla pul götürüb. Sonradan "Zaminbank"ın pulunu ödəməyib. Bank da dəymiş ziyanla bağlı restorana yiyələnib. Buna görə də İlqar Məmmədovun cinayət işi üzrə Ələsgər Məhərrəmov zərərçəkmiş şəxs qismində tanınmayıb. Məqsəd isə həmin mülkün "Zaminbank"a qalması ilə bağlı olub". Sədrəddin Məmmədova əlavə edib ki, Ələsgər Məhərrəmov cinayət işi üzrə şahid qismində tanındığı üçün belə vəsatətlə çıxış edə bilmir. Onun sözlərinə görə, Ələsgər Məhərrəmov da İlqar Məmmədovun dələduzluq toruna düşənlərdən biri olub. Sədrəddin Məmmədov İlqar Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqının dayandırılmasını, ona əlavə ittiham verilməsi üçün cinayət işinin materiallarını prokurorluğa göndərilməsini xahiş edib. İlqar Məmmədov isə zərərçəkmişin vəsatətinə etirazını bildirib. Deyib ki, Ələsgər Məhərrəmovu Sədrəddin Məmmədova görə tanımayıb. İlqar Məmmədovun sözlərinə görə, onun Ələsgər Məhərrəmovla ayrı münasibətləri olub. O, Ələsgərin obyektinin sənədsiz olduğunu deyib: "Sənədsiz obyekti də banka girov qoymaqla pul götürmək mümkün deyil. Çünki bank sənədi olmayan obyektləri girov götürmür. Ələsgərin həmin obyektinin sənədləşdirilməsini öz hesabıma etmişəm. Bundan sonra həmin obyekti banka girov qoymaqla 500 min manat kredit götürmüşəm. Belə olan halda Sədrəddin Məmmədovun şikayət etməsi əsassızdır. Onun vəsatəti təmin edilməməlidir". Prokuror 11 il 6 ay cəza istədi İlqar Məmmədovun cinayət işinin istintaqa qaytarılması ilə bağlı vəsatət təmin olunmayıb. Daha sonra çıxış edən prokuror İlqar Məmmədovun 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses mayın 6-da davam edəcək.