Bulvar, yoxsa pul var..

30-04-2014, 10:37   

Nazim Məcidov: “Karusellərə və attraksionlara sahibkarlar qiymət təyin edir”

İqtisadçı ekspert Vüqar Bayramov mətbuata açıqlamasında Milli Dənizkənarı Parkda yeni qurulmuş attraksion-panoramadan istifadənin adambaşına 5 manat olduğunu bildirərək, uşaqları əyləndirmək üçün əmək haqqının 38, orta aylıq əmək haqqının isə 10 faizini xərcləmək lazım olduğunu deyib. İqtisadçı ekspert Bakı bulvarındakı qiymətlərin nəinki qonşu ölkələrlə, hətta Avropanın əksər dövlətləri ilə də müqayisəyə gəlmədiyini, minimum əmək haqqının 105, orta əmək haqqının 430 manat olduğu ölkədə 3 dəqiqəlik uşaq əyləncə xidmətlərinin 2-4 manat arasında dəyişməsinin heç bir iqtisadi izahatı olmadığını bildirib.

Biz də “ceyran belinə” qalxan qiymətlərlə daha yaxından tanış olmaq üçün Milli Parka yollandıq.

Attraksionlarda üzərinə neçə dəqiqə hərəkət edəcəyi və onun pulu yazılmışdı. Qiymətlər attraksiona görə dəyişilirdi. Elə attraksionlar vardı ki, burada qiymət 12 yaşadək uşaq üçün 3 manat, 12 yaşdan yuxarı uşaqlar üçün isə 5 manatdan başlayırdı. Bəzi attraksionların isə 5-6 dəqiqə hərəkəti 5 manata idi. Elə karusel də vardı ki, 3 dəqiqə fırlanmağı 2 manat idi. Elektriklə işləyən maşınların 3 dəqiqəsinin qiyməti də 2 manatadır. Yalnız çox da maraqlı olmayan karusellərdə qiymət nisbətən aşağıdır.

60 metr yüksəklikdə yerləşən və ətraf ərazinin mənzərəsini nəzərdən keçirməyə imkan verən “şeytan çarxı”na bilet isə 5 manatdır. Attraksiona minmək istəyən uşaqlar 12 yaşından böyük olmalıdırlar, 5-12 yaşlılar çarxa yalnız valideynləri ilə buraxılırlar. Karuseli idarə edən şəxs deyir ki, yaşın az olmasının qiymətə heç bir təsiri yoxdur. Bulvardakı “Qorxulu ev” və 8 D filminə baxmağın qiyməti də 5 manatdır. Attraksion sahiblərindən qiymətlərin niyə baha olduğunu soruşduqda onlar bunu havanın isinməsi, istirahət üçün bulvara üz tutanların sayının çox olması ilə izah etdilər: “Havalar isindikcə bulvara gələnlərin də sayı artır. Ona görə də, qiymətlər bahadır. Ola bilər iyun iyul ayında qiymətlərdə yenə də artım olsun. Ya da ola bilər ki, indi 5 dəqiqəyə 3 manat ödəyirlərsə, iyun ayından sonra 3 dəqiqəyə bu pulu alaq”.

Bulvara uşaqları ilə gəzintiyə çıxan bir neçə paytaxt sakininə yaxınlaşıb attraksionların qiyməti ilə bağlı fikirlərini öyrəndik.

Paytaxt sakini Sevda Nurəliyeva qiymətlərdən narazı olduğunu dedi: “Hələ yay gəlməmişdən qiymətlər bahalaşıb. 2 uşağımı ürəyimcə gəzdirə bilmək üçün ən azı 50 manat xərcləməli oluram. Buna da imkanımız yoxdur. Ona görə də bir-iki ucuz attraksionla uşaqlarımın başını qatıram”.

Qeyd edək ki, Bakının dənizkənarı bulvarında qiymətlər Batumi bulvarı ilə müqayisədə 3,5, İstanbulun əsas parkı ilə müqayisədə 2 dəfə bahadır.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bulvardakı qiymətləri onların təyin etmədiyini bildirdi: “Azərbaycanda bazar iqtisadiyyatıdır. Azərbaycanda bazar iqtisadiyyatı olduğu və sahibkarın da sərbəst qiymət təyin etmək hüququ olduğuna görə Bulvar İdarəsi nə qiymət qoyur, nə artırır, nə də ki, azaldır. Bulvar İdarəsinin ərazisində fəaliyyət göstərən karusellərə və attraksionlara sahibkarlar tərəfindən qiymət təyin olunub. Bu karusellər onların şəxsi əmlakıdır. Bulvar İdarəsinin rəhbərliyi təxminən bulvarın meriyası kimi bir təşkilatdır. Kimsə qiyməti bahalaşdırır və ya ucuzlaşdırırsa, bu onun şəxsi işidir.

Qanuna görə buna müdaxilə etməyə bizim heç bir səlahiyyətimiz yoxdur. Qeyd edim ki, qiymətlər bulvar ərazisində münasibdir. Attraksionlar və karusellərin hamısı demək olar ki, sahibkarın gözlədiyindən də artıq işləyir, gəlir gətirir. Hətta yeni açılan-hansı ki, yaşlı insanlar üçün 5 manat, 6 yaşadək uşaqlar üçün pulsuz, 12 yaşadək 3 manat olan-karusel işləyir, özünü doğruldur. Bu karuselə minmək üçün növbələr də yaranır. Qiymətlər baha olsaydı bu karusellər işləməməli idi. İnsanların imkanı var ki, karusellərdə növbələr əmələ gəlir”.

N. Məcidov dedi ki, sahibkarların razılığı ilə uzun müddətdir ki, uşaqlar üçün pulsuz aksiya keçirirlər. “Bunu da ona görə edirik ki, öz əmək haqqı ilə uşaqlarını əyləndirməyə imkanı olmayan insanlar bundan faydalansın. Biz bu aksiyanı gələcəkdə yenə keçirməyi planlaşdırırıq” deyə, N.Məcidov bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.