İqtidarda bir-biri ilə qarşıdurmada olan məmurlar kifayət qədərdir
Azərbaycan hakimiyyətində regional qrupların üz-üzə gəldiyi artıq sirr deyil. Dəfələrlə hakimiyyəti təşkil edən xüsusilə iki regional qrupun - "Qərbi Azərbaycan” və "Naxçıvan” klanları arasındakı ziddiyyətlərdən yazılıb. İlham Əliyevin hakimiyyəti illərində bu sıraya yeni bir regional qrup da qoşulub - "Bakı” klanı. Lakin monolit olduğu iddia edilən hakimiyyətdə ziddiyyətlər yalnız regional qrupların qarşıdurması ilə məhdudlaşmır. İqtidarda fərdi ziddiyyətlər var. Yəni, eyni klanda təmsil olunan iki məmurun bir-birilə didişməsi barədə faktlar da mövcuddur. Bu yazıda da məqsədimiz hansı məmurların konfliktdə olduğunu və bunun səbəblərini oxucularını diqqətinə çatdırmaqdır. Beləliklə, başlayaq Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevdən.
Ramiz Mehdiyev hansı məmurlarla yola getmir?PA rəhbərinin yola getmədiyi məmurlardan ən əsası sabiq təhsil naziri Misir Mərdanovdur. Onların arasındakı ziddiyyətlər sırf regional amillə bağlıdır. Qərbi Azərbaycan klanını nümayəndəsi olan Misir Mərdanovun təhsil sahəsinə rəhbərliyi Ramiz Mehdiyevin ürəyincə deyildi. Doğrudur, Misir Mərdanov sabiq səhiyyə naziri Əli Insanovla, prezidentin işlər idarəsinin müdiri Akaf Muradverdiyevin həbsindən sonra zəif duruma düşən Qərbi Azərbaycan klnanının "dilsiz” təmsilçisi idi. Mehdiyev onun təhsil kimi strateji, eyni zamanda gəlirli bir sahəyə rəhbərlik etməsini dözümlü yanaşa bilmirdi və son prezident seçkilərindən sonra Mərdanovun vəzifədən kənarlaşmasında bu faktor əsas rol oynadı. Amma nəticə etibarı ilə təhsil sektoru yenə də PA rəhbərinin kurasiyasına düşmədi.
Ramiz Mehdiyevin qarşıdurmada olduğu başqa bir məmur Bakı meri Hacıbala Abutalıbovdur. PA rəhbərinin merə düşmən münasibət bəsləməsinin tarixçəsi barədə ötən saylalarımızda yazmışdıq. Bir daha oxucuların diqqətinə çatdıraq ki, Ramiz Mehdiyevin Hacıbala Abutalıbova mənfi münasibəti vaxtilə merin PA rəhbərinə yaxın bir şəxsin Fəxri Xiyabanda dəfn olunmasına qarşı çıxması olub. Bu hadisə Heydər Əliyevin dönəmində baş verib.
PA rəhbəri ilə aralarında ziddiyyət olan daha bir məmur fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Hər iki məmurun hakimiyyətdəki "Naxçıvan” klanına daxil olmasına baxmayaraq münasibətləri ürəkaçan deyil. Bəzi məlumatlara görə, ziddiyyətlərin kökündə hakimiyyətdə qeyri-rəsmi ikinci şəxs olmaq iddiası dayanır.
Ramiz Mehdiyev nəqliyyat naziri Ziya Məmmədovdan xoşlanmır. PA rəhbərinin nəzarətində olan rəsmi və hakimiyyətyönlü qəzetlərdə vaxtaşırı nəqliyyat nazirinin tənqid edilməsi də bu faktı təsdiq edir. Ramiz Mehdiyev-Ziya Məmmədov qarşıdurmasının səbəbi isə ikincinin Paşayevlərə sığınması ilə əlaqələndirilir.
Ilham Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovla PA-nın şöbə müdiri Zeynal Nağdəliyev də Ramiz Mehdiyevin yola getmədiyi məmurlar sırasındadır. Bunun səbəbi hər iki məmurun PA rəhbərinin postuna iddia etməsilə bağlıdır.
Kəmaləddin Heydərovun "qara siyahısı”nda olanlarİqtidardakı başqa bir güclü fiqur Kəmaləddin Heydərovun da qarşıdurmada olduğu məmurlar kifayət qədərdir. Onunla Ramiz Mehdiyev arasındakı ziddiyyətlər barədə artıq məlumat verdik. Kəmaləddin Heydərovun yola getmədiyi başqa bir məmur nəqliyyat naziri Ziya Məmmədovdur. Əksər dövlət qurumlarını nəzarətinə alan "fövqəlnazir” Z.Məmmədovun da bəzi sahələrinə göz qoyub. Bəzi məlumatlara görə, Kəmaləddin Heydərov həmin posta Cavid Qurbanovu təyin etdirmək istəyir. Hətta bu barədə "WikiLeaks”ın yaydığı məxfi sənədlərdə də bəhs edilirdi.
"Fövqəlnazir”in daxili işlər naziri Ramil Usubovla da münasibətləri yaxşı deyil. Səbəb Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovla daxili işlər nazirinin cangüdəni Kandaurov arasında bir neçə il əvvəl baş vermiş silahlı insidentdir. Hər iki nazir hələ də həmin hadisəni unuda bilmirlər.
Bəzi məlumatlara görə, Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov da Kəmaləddin Heydərovun "qara siyahı”sında olan şəxslərdəndir. Hətta iddia edilir ki, bir neçə il əvvəl Bəylər Əyyubov Kəmaləddin Heydərovun üzərinə silah çəkib.
Ziya Məmmədovun düşmənləri kimdir?
Nəqliyyat naziri Ziya Məmmədov konfliktdən qaçan insan kimi xarakterizə edilsə də, onun da vuruşduğu məmurlar var. Bu sırada ilk olaraq Kəmaləddin Heydərovun adını çəkmək olar. Onların savaşının kökündə iqtisadi maraqların toqquşması dayanır.
Müdafiə naziri Səfər Əbiyev də Ziya Məmmədovun qarşıdurmada olduğu məmurlardan biri idi. Səbəb isə çox sadə idi. Səfər Əbiyev nəqliyyat nazirinin qudası, keçmiş baş hərbi komissar Əliağa Hüseynovun "vurulmasında” mühüm rol oynayıb. Ziya Məmmədovla Ramiz Mehdiyev arasında konflikt barədə yuxarıda məlumat verdik.
Güc nazirlikləri arasında intriqaMilli təhlükəsizlik naziri Eldar Mahmudov da hakimiyyətdaxili intriqalardan kənarda deyil. Onun əzəli rəqibi daxili işlər naziri Ramil Usubovdur. Səbəbini izah edək. Eldar Mahmudov vaxtilə DIN-in iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi vəzifəsində çalışıb. Sonradan Ramil Usubovun əmrilə sərəncama götürülüb. Milli təhlükəsizlik naziri olana qədər sərəncamda qalıb. 2004-cü ildə MTN-nin rəhbərliyinə gətirilib. Fəaliyyətində Ramil Usubovdan qisas almağa da yer ayırıb. Və ən daxili işlər nazirinə ən böyük zərbəni "Qara Kəmər” əməliyyatı ilə vurub. Hacı Məmmədovun həbsi Ramil Usubovla Eldar Mahmudovun münasibətlərini daha kəskinləşdirib. Bəzən qarşıdurma açıq müstəviyə keçib.
Bəzi məlumatlara görə, Eldar Mahmudovun ədliyyə naziri Fikrət Məmmədovla münasibətləri ürəkaçan deyil. Bunun kökündə isə MTN-nin həbsxanalara nəzarəti dayanır. Eldar Mahmudov bu səlahiyyətindən istifadə edərək Fikrət Məmmədovun işinə müdaxilələr edir, bu isə ədliyyə nazirinin narazılığına səbəb olur.
Daxili işlər naziri Ramil Usubovun Kəmaləddin Heydərov və Eldar Mahmudovdan başqa daha bir güclü rəqibi Bəylər Əyyubovdur. Onların münasibəti düşmənçilik səviyyəsindədir və aralarında "qan davası var” demək daha doğru olar. Bir neçə il əvvəl Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubovla Ramil Usubovun kürəkəni Kamran Xankişiyev silahlı insident baş verib. Robert Əyyubov Kamran Xankişiyevə atəş açaraq onu ağır yaralayıb. Hadisə Yasamal ərazisində fəaliyyət göstərən və "Opera” adlanan kafedə baş verib. Məhz bu hadisə iki generalı qatı düşmənə çevirib. Amma bu düşmənçilik hazırda dondurulmuş vəziyyətdədir. Məlumatlara görə, Ilham Əliyevin cangüdəni "Qara Kəmər” əməliyyatında daxili işlər nazirinin həbsinin qarşısını alıb. Bildirilir ki, martın 10-da keçirilən əməliyyatın səhəri günü Ramil Usubovun həbsi planlaşdırılırmış. Hətta bununla bağlı sanksiya da olub. Ilham Əliyev həmin vaxt ölkədə deyilmiş. Ramil Usubovla eyni komandada təmsil olunan Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev Ilham Əliyevlə əlaqə saxlayaraq bu həbsin qarşısını almağa çalışıb. Həmin vaxt ölkə başçısı ilə əlaqə Bəylər Əyyubovun vasitəsilə baş tutub. Ramiz Mehdiyev əvvəlcə Bəylər Əyyubovla danışıb. Ramiz Mehdiyev məsələdən xəbərdar olan Bəylər Əyyubovu Ramil Usubovun həbsinə ehtiyac olmadığını inandıra bilib və onunla Ilham Əliyev arasında əlaqə yaratmasını xahiş edib. Bəylər Əyyubov Ramiz Mehdiyevin xahişini yerə salmayıb və ölkə başçısını PA rəhbərilə calaşdırıb. Bu söhbət hakimiyyətdə çoxlarına bəllidir. Hətta indi də yeri düşəndə hakimiyyətdə deyirlər ki, Bəylər Əyyubov Ilham Əliyevlə Ramiz Mehdiyev arasında əlaqə yaratmasaydı Ramil Usubovun həbsinin qarşısını almaq mümkün olmayacaqdı. Məlumatlara görə, Ramil Usubov da Əyyubovun bu jestini unutmayıb.
Paşayevlərlə Ramiz Mehdiyev arasında olan qarşıdurmaGöründüyü kimi iqtidar daxilində qruplararası savaş nəzarətdən çıxıb. Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı videolardan və verdiyi açıqlamalardan sonra hakimiyyət daxilində dərinləşən ziddiyyətlər elə bir həddə çatıb ki, bütövlükdə iqtidarın çökməsi təhlükəsi yaranıb.
Mənbə bildirib ki, hələ Elşad Abdullayevin videolardan bir müddət əvvəl 2013-cü il prezident seçkisinə münasibətdə hakimiyyətdə əsasən iki qrup Paşayevlər və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi Naxçıvan qruplaşması arasında konflikt yaranmışdı. Və bu ziddiyyətlər getdikcə dərinləşdirdi. Elşad Abdullayevin videoları isə odun üzərinə benzin tökmək effektini verdi. Sabiq rektorun açıqlamalarında əsasən Ramiz Mehdiyevi ittiham etməsi Paşayevlər üçün göydəndüşmə fürsət oldu. Hakimiyyətdəki ikinci soyad prosesdən öz nəfinə faydalanmaq üçün səylərini əsirgəmədi. Bu isə qarşı tərəfin müəyyən tədbirlər görməsinə və bununla da ziddiyyətlərin alovlanmasına səbəb oldu. Mənbə bildirib ki, xüsusilə Ramiz Mehdiyevin Elşad Abdullayevlə bağlı son açıqlamasından sonra vəziyyət nəzarətdən çıxıb. Söhbət PA rəhbərinin Elşad Abdullayevi milli təhlükəsizlik naziri Eldar Mahmudovun xahişi ilə qəbul etməsi barədə açıqlamasından gedir. Doğrudur, Ramiz Mehdiyev həmin açıqlamada ad çəkməmişdi. Eldar Mahmudovun adını Elşad Abdullayev PA rəhbərinin açıqlamasına aydınlıq gətirərkən çəkib. Bildirib ki, Ramiz Mehdiyevdən onu qəbul etməsini məhz MTN şefi xahiş edib.
Mənbənin sözlərinə görə, qarşı tərəfdə Ramiz Mehdiyevin sözügedən açıqlaması savaşın açıq müstəviyə keçirilməsi kimi dəyərləndirilib. Mənbənin sözlərinə görə, bu qarşıdurmada hələ ki, itirən tərəf Ramiz Mehdiyevdir. Çünki məhz onun ətrafında mərkəzdənqaçma meylləri açıq-aşkar hiss olunur. Ramiz Mehdiyevə yaxın olan bəzi qüvvələr isə tərəddüd içindədir. Mənbə bu qüvvələri 3 qrupa bölür: Birinci qrupa daxil olanlar Ramiz Mehdiyevi müdafiə edəcəkləri təqdirdə MTN-nin hədəfinə gələcəklərindən ehtiyat edənlərdir. Bu şəxslər barələrindən qarşı tərəfdə hansısa kompramatların olduğunu güman edirlər. Ikinci qrupa daxil olanlar isə Gülər Əhmədovanın danışdırıla biləcəyindən çəkinirlər. Üçüncü qrupa isə baş verənlərlə bağlı Ilham Əliyevin rəyini gözləyənlər daxildir. Mənbə bildirib ki, birinci şəxsin mövqeyi necə olacaqsa, bu qrupa daxil olanlar ona uyğun mövqe sərgiləyəcəklər.
Mənbə savaşın nəzarətdən çıxdığını bir daha xatırladaraq bildirib ki, Ilham Əliyev sonda üz-üzə olan tərəflərdən birinə "stavka” etmək məcburiyyətində qalacaq. "O, atası kimi hakimiyyətdaxili intriqaları öz istədiyi kimi yönəltmək qabiliyyətinə malik deyil”, deyə mənbə əlavə edib ki, Ilham Əliyevin Ramiz Mehdiyevə, yaxud da Paşayevlərə "stavka” etməsi vəziyyəti düzəltməyəcək. Əksinə əsl həngamə bundan sonra başlayacaq
Mövsümov Mövsüm