Geridə qalan həftə də Azərbaycan şou-biznesi üçün maraqlı və yaddaqalan oldu. Elə ona görə də “Həftəbecər”imizdə bu dəfə də xəbər əlindən tıxacdır. Başlayaq ustad sənətkar Mətanət Əsədovadan
Müğənni Mətanət Əsədova ilə, heç olmasa, 7-8 dəfə həmsöhbət olmuşam. Birində üzbəüz, qalanlarında telefon bağlantısı yaratmışıq. Dəhşət təvazökar xanımdır. Axırıncı dəfə də hirslə məndən soruşdu ki, sən hələ bilmirsən mən sənətkaram? Mən də ha düşündüm, yadıma bir şey sala bilmədim.
İki-üç gün əvvəl verilişlərin birində qonaq olub. Aparıcı Əsədovadan yaşını soruşub. O da bütün xanımlar kimi deyib ki, yaşımı deməyi sevmirəm. Sitat:
“Nə qocalmışam, nə də gəncəm. Sadəcə, demək istəmirəm. Hər hansı bir xanımın baxımlı olması mənim aləmimdə gigiyenik təmizlikdən başlayır. Bəziləri mənə tez-tez deyirlər ki, sən necə gözəlsən. Elə deyil. Bəli, cəlbedici və şirin xanımam. Gözəllərin yanında mən kiməm? Amma mən gigiyenik baxımdan “huri-mələyəm”. Yaşımı bir dəfə efirlərin birində qonaq olanda açıqladım. Heç kəs inanmırdı. Mənə 30 yaş verirlər. Gənc qalmağıma səbəb ürəyimdə olan gözəllikdir. Məndə nə paxıllıq, nə də eqoistlik var”.
Bu fikirlərlə razılaşmamaq mümkün deyil. Dediyim kimi, Mətanət xanımda eqoistlik sıfır dərəcəsindədir. Onu da düz deyir ki, nə qocadır, nə cavan. Amma qəşəng tapmacadır. Təsəvvür edin ki, sizdən yaşınızı soruşurlar və belə bir cavab verirsiniz. Xanım sənətçi özünü gözəl saymır. Hətta deyir ki, gözəllərin yanında mən kiməm ki? Aparıcı vaxtında Əliağa Vahidi oxusaydı, yerindəcə deyərdi ki, gözəllər içrə sən, ey mahi-parə, bir dənəsən…
Mən bu qara-qura işlərdi, cadu-madu, fal-mal kimi şeylərə inanmıram. Birincisi, ona görə ki, o işləri görən adam nəsə bacarsa, əvvəlcə özünə bir gün ağlayar. Amma, görünür, bundan sonra az da olsa, inanmağa başlayacam. Çünki bizim şou-biznesə nə barmaq eləyiblərsə, müğənnilərimizin hamısının nişanını geri qaytarırlar. Aygün Kazımovanın nişanı qayıdanda camaatımızın ürəyi parça-parça olmuşdu dilxorçuluqdan. İndi həmin yaralar qaysaqlamamış Azəri qızı Günelin də nişan qaytarmağı bir dərd oldu tamaşaçılara. Dəqiq deyə bilmərəm, burada nişanı qaytarmaq istəyən tərəf Günel olub, yoxsa onun keçmiş nişanlısı İnanc Başəyməz. Amma qardaşın familiyasından hiss olunur ki, çox bərkgedən oğlandır. Bu arada məlumat üçün qeyd edim ki, Günel və İnanc 3 il nişanlı olublar. Cütlük bu ilin oktyabr ayında toy etməyə hazırlaşırdı.
Elza Seyidcahan dayanmaq-durmaq nədir, bilmir. Yaradır, yazır, pozur, arıqlayır, kökəlir, sonra təzədən arıqlayır. Əməkdar artist jurnalistlərə açıqlama verib. Deyib ki, 13 kiloqram arıqlayıb. Müəllimi də müğənni həmkarı Gülay Zeynalovanın həyat yoldaşı Kamil Zeynalovdur:
“İdmana gələ bilmədiyim günlərdə evdə məşq edirəm. Bir sualım olan kimi Kamili (idmançı Kamil Zeynallı – red.) axtarıram. Zəngimə cavab verməyəndə isə Gülayın (müğənni Gülay Zeynallı – red.) telefonunu yığıram ki, mənə Kamili tap”.
Deməli, telefonla da məşq etmək olurmuş. Şəxsən mən bu barədə məlumatsız idim. Sabahdan Vandamın nömrəsini tapıram, nə məsləhət lazımdırsa alıram, vəssalam.
Elza xanımın şairə kimi yaradıcılığı isə mənimçün xüsusi önəm daşıyır. Onsuz da, Azərbaycan ədəbiyyatında qadın yazarlar sarıdan boşluq neçə illərdir hiss olunur. Yazar qadınların əksəriyyəti də məhsuldar deyillər. Amma Elza xanım son 1-2 ayda ən azı 3 hit şeirlə xalqımızı sevindirib. Elə onun “Verdi” şeiri nəyə desən dəyər. “Kokumsan” şeirini isə türk müğənnilər duyuq düşən kimi qapazlayıb, bir mahnı yazdıracaqlar. Axırıncı şeir isə, sadəcə, şedevrdir. Görün necə gözəl səslənir: “Ölsünlər, canları çıxsın”.
Bu şeiri “yutub”dan və digər sosial şəbəkələrdən mütləq tapıb dinləyin. İnanın ki, adamda yaşamaq, yaratmaq hissləri, duyğuları fontan vurur.
Şairə Nazilə Səfərli isə indi nadir hesab olunacaq bir açıqlama verib. Ona görə nadir açıqlama deyirəm ki, indi şou-biznesdə atanın bu gün etdiyini oğlu sabah danır:
“Əvvəlcə restoranlarda şou-proqramlarda şeir demişəm. Sevgi şeirləri səsləndirdiyimdəm çox utanırdım ilk günlər. Üzümü gizlədirdim ki, qonaqlar məni görməsin. Sonra yavaş-yavaş qonaqlara isinişdikdən sonra səhnədə görünməyə başladım. Hətta qonaqlar mənə pul da göndərirdilər. Sonra toylara getdim. İlk dəfə Aşıq Zülfiyyə məni toylara aparıb. Toy sahibi Zülfiyyə xanıma “O qadındır, necə idarə edəcək toyu?!” deyə soruşduqda Zülfiyyə xanım həmişə “O bacaracaq. Əgər xoşunuza gəlməsə, mənim pulumdan kəsərsiz” deyərdi. Yəni zamin dururdu mənə. İndi də hara getsəm, Zülfiyyənin izini görürəm”.
Bu sitatı bir kəlmə ilə şərh etmək olar. Afərin!
Müğənnilər Tacir Şahmalıoğlu və Fədayə Laçın altı il bir yerdə duet oxuyublar, altı ildir də ayrılıblar. Amma hər dəfə də efirdə keçmiş məsələlərdən danışırlar. Mənə hələ də çatmır ki, bu, kimə lazımdır. Sevgili olublarsa belə, öz işləridir.
Bir türk müğənni var, Emre Kaya. Adını ilk dəfə dünən eşitmişəm. Bakıya konsert verməyə gəlib. Elə mətbuat konfransındaca deyib ki, əslimiz Azərbaycandandır. Mən araşdırdım, Emregilin bir tərəfi Kürdəmirin Karrar, o biri tərəfi isə Göyçayın Qaraməryəm kəndindəndir. Yəni yalan demir. Özü də oxmağını apar tulla, amma qəşəng dingildəməyi var. Bir suyu Tarkana çəkir. Axı Tarkanın da ana tərəfi Yevlaxdandır. Hələ araşdırsan, bəlkə də, qohum çıxdılar.
Üstəlik, bu müğənniyə elçi də düşüblər. Xoşqədəm Hidayətqızının Doğuşla evlənməyindən rövnəqlənən aparıcı-prodüsser Təranə Səmədova verilişində Emreyə evlilik təklif edib. Burda deyiblər ee. Qonşundan dala qalma.
Manaf Ağayev də bu həftə yaxşı açıqlamalarla yadda qalıb. Deyib ki, mən özümdən güclüdən üzr istəyə bilərəm, amma haqqına. Əgər mən günahkaramsa, bunu edərəm. Sonra da deyib ki, əsəbi və səbirsiz olsam da, çox vaxt mənə “ilişənləri” yola verirəm. Ən sonda da əlavə edib ki, ondan çəkindikləri üçün artıq hərəkətlər edə bilmirlər.
Aygün Kazımovanın qızı İlqarə isə ailə quracağı kişidən danışıb. Burda deyirlər ki, qaşıq çömçədən böyük olub. Ay İlqarə xanım, imkan ver, Aygün xanım ailə qursun, sonra da. Görürsən ki, nişanı qayıdıb, dilxorçuluqdur:
“Mən münasibət qurmağa istənilən zaman hazıram. İnsan həyata sevmək və ailə qurmaq üçün gəlir. Qadının vəzifəsi isə uşaq dünyaya gətirməkdir. Hələ ki, mənim qarşıma ürəyimcə, düzgün, yalan danışmayacaq kişi çıxmayıb. Mən insanı olduğu kimi qəbul edə bilirəm. Bu barədə mənim düşüncələrim bir qədər fərqlidir. Qəliz münasibətləri sevmirəm. Qarşıma hələ düzgün birisi çıxmayıb. Nədənsə insanlar yalan danışmağı sevirlər. Nədən qorxurlar, anlamıram. Ya olduğun kimi görün, ya göründüyün kimi ol! Əvvəllər xarici görünüşə üstünlük verirdim. Amma sonra başa düşdüm ki, xarici görünüş aldadıcıdır. Ona görə də mənim üçün insanın daxili aləmi önəmlidir”.
İlqarə tamaşaçıların gözü qarşısında böyüyüb, təmkinli qızdır. Amma görünür, gənc olmaq, təcrübəsizlik öz sözünü deyir. İlqarə xanım, şəxsən mən Aygün xanımın sosial şəbəkədə paylaşdığı şəkli görəndə dilxor oldum. Fikir eləməkdən arıqlayıb çöpə dönüb. O koftasını qaldırdığı şəkil var ha, o şəkli 3-4 dəfə yaxınlaşdırıb baxmışam. Az qala qabırğalarını saymaq olur. Özü də kim deyirsə, Aygün Kazımova qabırğalarının 2-3-nü çıxartdırıb, yalandır. Özüm saymışam, say düz gəlir.
Müğənni Nazənin də canlı efirdə sürprizlə üzləşib. İfaçıya naməlum şəxs tərəfindən sevgi məktubu gəlib. Həyəcanını gizlətməyə çalışan müğənni mesaja belə reaksiya verib:
“Bu, adi haldır. Biz müğənniyik. Bizi çox adam sevə bilər. Yoldaşım buna görə məni başa düşür. Heç vaxt problem yaratmayıb. Çünki xalq bizi sevir. Sevgi mesajını yazan kimdisə, sağ olsun”.
Yeri gəlmişkən, 3-4 gün əvvəl Qəbələdən bir fermer mənə zəng vurdu. Adı Zaur idi. Nazənin-Təranə məsələsi ilə bağlı dəyərli fikirlər səsləndirdi, nəsildən-nəslə keçən ibrətamiz ifadələri diqqətimə çatdırdı. Axırda da dedi ki, məndə bir seks kaset var, əgər ortaya çıxartsam, gərək müğənnilər ölkədən çıxıb qaçalar. Amma ta bilmədim kimin kasetidir, nə kasetidir. İntəhası, qardaşın söhbətindən tutdum ki, çoxdanın məsələsidir. Çünki əgər o hadisə yeni baş vermiş olsaydı, diskdə, fləş-kartda olardı.
Müğənni Xatirə İslam səsinə və sənətinə hörmət etdiyim ifaçılardandır. Amma sənətçinin mərhum əməkdar artist Xanım Qafarovanın anasına və qızına baş çəkərək fotolarını “İnstagram”da paylaşmağını başa düşmədim:
“Xanım Qafarovanın qızı və anası… Yaşamaq üçün nə lazımdırsa, bu ailəyə həmişə mən tərəfdən ediləcək. Allah mənə imkan versin. Elə bilərəm, bundan sonra bir dənə də qızım var”.
Bununla da kifayətlənməyən Xatirə evdə qoğal, halva bişirib düşüb küçələrin canına. “Evdə bişirmişəm, yeyin” deyən müğənni, bunun da videosunu İnstagram-da paylaşmağı unutmayıb.
Ötən həftə elə bəndənizlə bağlı da iki hadisə baş verdi. Əməkdar artist Vaqif Mirzəyev mənə verdiyi müsahibəni dandı, efirə çıxdı, şou göstərdi, hətta deyilənə görə kulisdə ürəyi getdi. Axırda da dedi ki, mənim bu oğlana etirazım yoxdur.
İkincisi də “Evdəyik” verilişinin çəkilişində oldu. İki-üç ay əvvəl yazdığım yazı əməkdar artist Vəfa Zeynalovanın yadına elə çəkiliş meydançasında düşdü. Danışdı, sifət elədi, sifət elədi, sonra yenə danışdı… Axırda sakitləşdi. Keçmiş olsun.
Səidə Sultan isə yeddi illik depressiyadan çıxıb. Az müddət deyil e. Deməli, Səidə Sultan depressiyaya düşəndə anadan olan uşaqlar birinci sinifdə oxuyurlar. Səidə Sultan depressiyaya düşəndə mən hərbi xidmətdə idim. Səidə Sultan depressiyaya düşəndə Bin Ladenin törətdiyi deyilən terror hadisəsindən cəmi altı il keçmişdi. Hələ onda Misiri, Suriyanı, Livanı pis günə qoymamışdılar. Qəddafi Berluskoniyə əllərini öpdürən vaxtlar idi. Ehhh…
Səidə Dadaşova isə keçmiş ərinə xoşbəxtlik arzu edib. Adı dəqiq yadımda deyil, amma soyadı Gökgöz idi. Deyilənə görə, hələ imkan tapıb bir dəfə də evlənib. Bu zalm oğlu da, deyəsən, plan doldurur.
Gənc müğənni Aysel Əlizadə isə təmiz söhbət eləyib. Hətta deyərdim ki, çox bəyəndim onun fikirlərini. Ən əsası, cildə girməyib:
“Çox kaprizliyəm. Sevgi olanda kaprizlər də sıradan çıxar. Cavan qızam, xoşuma gələn ola bilər. Mələk cildinə girən qızları sevmirəm. “Pulsuz oğlan olsun, soğan-çörək də yeyərəm” boş söhbətlərdir. Mən soğan yeyə bilmərəm. Belə deyənlər axırda boşanırlar. Ailə quranda yalnız özünü yox, gələcəkdə dünyaya gələcək övladlarını da düşünməlisən. Nə varsa, onu da deyirəm. Cavan qızam. Sevgisiz mümkün deyil. Bu gün həyatımda sevgi var. Bir insanı hədsiz dərəcədə sevsəm belə, orada xəyanət görsəm, sevdiyim qədər də yerə çırpmağı bacarıram”.
Məncə, bu fikirləri şərh etmək də yersizdir.
Həftənin ən böyük şou hadisəsi isə Yasamal rayonundakı “Məhsul” stadionunda baş tutdu. Milli Şura 600-700 nəfərlə ermənilərin havadarı Arif Yunusa və onun arvadı Leyla Yunusa azadlıq istəyirdi. Bax bu xəbəri özünüz istədiyiniz kimi də şərh edin.