Bələdiyyə seçkilərində yalnız 3 partiya iştirak etməlidir
AXCP-nin Ali Məclis üzvü Zaur Ağayev bələdiyyə seçkilərində namizədliyini irəli sürdüyünə görə təzyiqlərə məruz qalıb. Bu barədə redaksiyamıza Zaur Ağayevin özü məlumat verib. AXCP fəalı bildirib ki, o, namizədliyini 63 saylı Sabirabad birinci seçki dairəsindən irəli sürüb.
Zaur Ağayevin sözlərinə görə, sənədlərini Dairə Seçki Komissiyasına təqdim etdikdən sonra rayon icra hakimiyyətindən ona zəng vurublar. “Mənə dedilər ki, namizədliyini irəli sürməyin məsləhət deyil. Mən isə bildirdim ki, sənədlərimi məsləhət komissiyasına yox, Dairə Seçki Komissiyasına təqdim etmişəm. Azərbaycan vətəndaşı kimi istənilən seçkidə seçmək və seçilmək hüququm var. Onlar isə bildirdi ki, bizdən deməkdir”, - deyə Zaur Ağayev bildirib.
AXCP fəalı deyib ki, o, təzyiqlərə baxmayaraq seçkilərdə iştirak etmək niyyətindədir. “Hələlik mənə şifahi şəkildə xəbərdarlıq ediblər, hədələyiblər. Bilirəm ki, evimdən tonlarla narkotika, silah-sursat, tank da ”çıxa" bilər. Amma geri çəkilmək niyyətində deyiləm", - deyə Zaur Ağayev vurğulayıb.
Bu arada bələdiyyə seçkilərilə bağlı “Azadlıq”a maraqlı xəbər daxil olub. Xəbərdə bildirilir ki, Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev bələdiyyə seçkilərilə bağlı rayon və şəhər icra hakimiyyətlərinə xüsusi təlimat verib. Təlimata görə, seçkilərdə 3 partiyanın namizədləri qeydə alınmalıdır.
Bunlardan biri hakim Yeni Azərbaycan Partiyası (YAP), digəri iqtidaryönlü Ana Vətən Partiyasıdır. Üçüncü partiyaya gəlincə, hakimiyyətyönlü partiyalar arasında bölgələr üzrə seçim ediləcək. Hər bölgə üzrə bir hökumətyönlü partiyaya seçkilərə qatılmağa icazə veriləcək. Qaydalara görə seçiləcək 3-cü partiya hər dairə üzrə bir namizəd irəli sürə bilər. YAP və AVP üçün isə belə bir məhduiyyət yoxdur. Təlimatda bildirilir ki, müxalifət partiyalarından və PA-nın iradəsindən kənar namizədliyini irəli sürən şəxslər istənilən şəkildə seçki marafonundan kənarlaşdırılmalıdır.