NİDA-çı gənc: “Bizə hökm oxunanda qarğış etməyin”

1-05-2014, 14:42   
NİDA-çı gənc: “Bizə hökm oxunanda qarğış etməyin”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə NİDA Vətəndaş Hərəkatının 8 üzvünün məhkəmə prosesi keçirilib.

Hakim təqsirləndirilən şəxslərə son söz verməyi təklif edib. Gənclər “hamımızın yerinə Rəşadət Axundov son söz deyəcək” dedilər.

Bundan sonra Rəşadət Axundov son söz dedi. O, çıxışında məhkəmənin sərbəst qərar verməyə aciz olduğunu açıqladı: “Biz hamımızın adından son söz hazırladıq. Bu iqtidar 8 nəfər NİDA-çını repressiyalara məruz qoyub. Bu məhkəmə sərbəst qərar verməyə qadir deyil. Altı ay boyunca biz çoxsaylı vəsatətlər qaldırdıq, dindirildik. Bizə qarşı qaldırılan bu cinayət işinin başdan-başa vəsvəsə olduğu məlum oldu.

Hakimlər çıxılmaz vəziyyətdə qalıb. Biz Azərbaycandakı vəziyyəti bilirik. Bu rejimin qurbanları təkcə bu 8 nəfər deyil. Həm də sizsiniz. Heç birimizin bir-birimizdən fərqi yoxdur. Qurban bir-birinə necə kömək edə bilər axı? Əslində bu 8 nəfər sizin övladlarınızın ləyaqətli, ədalətli cəmiyyətdə yaşamaları üçün buradadır. Bu proseslər təkcə Azərbaycanda baş vermir. Bütün Avropa bu cür proseslərdən keçib gəldi və cəmiyyət dəyişdi. Təsəvvür edin, bir prokuror dövlət ittihamını müdafiə etmir, hansısa şəhər sakini AzTV-də yaltaqlıq nümayiş etdirmir, hakim sifarişli hökm vermir. Bəs görəsən, nə baş verərdi onda? Bu yalan diktaturası o zaman söküləcək. Qurama cinayət ssenarisi absurd, primitivdir.

İttiham tərəfi iddia edir ki, biz “Əsgər ölümlərinə son” aksiyası ilə bağlı tutulmuşuq. Bu dolayısı ilə də olsa belədir. Amma təkcə 10 mart aksiyasına görə yox. NİDA yarandığı gündən üzvlərinə qarşı repressiyalar, polis təzyiqləri olurdu. Hakimiyyət təzə yaranan bu təşkilatın əleyhinə idi. Ümumiyyətlə, bu rejim gəncliyin düşmənidir. Biz hər hansı cinayət törətsəydik, onların arasında olardıq. Biz istəyirdik ki, hakimiyyət insanların səsini duya bilsin. Hər zaman dinc, qeyri-zorakı yolla mübarizə aparmışıq. Amma bizi zorakılıqda ittiham edirlər. Bizi zorakılıqda və xarici qüvvələrlə işbirliyində günahlandırırlar. Biz NİDA-çılar nə xarici qüvvələrlə işbirliyi qurmuşuq, nə rus köləsi olmuşuq, nə İran mollalarının əmmaməsi altına girmişik, nə də Türkiyədəki nurçuların yanında olmuşuq. Bizə verdikləri ittihamlar özlərinin işbirliyidir. Bircə şeyi bilin ki, “Millət yoludur getdiyimiz yol, Yaşa ey sevgili millət, yaşa var ol”. Bizim yolumuz budur.

Başqa bir ittiham - xuliqanlıq ittihamı ilə bağlı danışmaq istəyirəm. Xuliqanlıq maddəsi ilə ittihamda məqsəd NİDA-çıları cəmiyyətə əxlaqsız kimi sırımaqdır. “Lider”də bir aparıcı vardı, sonra deputat oldu. Rəqs etmək əxlaqsızlıq deyil. Əxlaqsızlıq deputat mandatı oğurlamaqdır. Son üç-dörd ildə bir qism gənclər bununla bağlı barışmaz mövqe ortaya qoydu. Həqiqətin yanında olmağı bizə bağışlamadılar.

Bizim təməl prinsipimiz hər kəsə aydındır. Hər zaman zorakılığa, radikallığa “yox” demişik. Bu saxta cinayət işindən bəraət istəməyimiz də formal prosedurdur. NİDA son sözünü hələ deməyib. Biz azadlıqda da, həbsdə də olarkən həqiqəti heç nəyə satmadıq.

Cənab hakim, bizim barəmizdə hökmü çətinliklə verəcəksiniz. Barəmizdə verəcəyiniz hökmün ömrümüzdən alacağını illər boşuna getmir, sərmayə kimi yatırılır. Bir azadlıq kapitalı kimi.

Dosrlardan, yaxınlardan xahişimiz budur ki, hökm oxunan zaman hökmlə razılaşsınlar, heç kimi qarğışlamasınlar. Zaldakı əncnəbilərdən başqa hamı qurbandır. Qurban qurbanı qarğışlamaz. Vəkillərə, dostlarımıza, jurnalistlərə minnətdarlığımızı bildiririk. Sağ olsunlar. Çöldəki NİDA-çılara “sağ ol” deyirik. Həbsdə 10 olsaq da azadlıqda yüzlərləyik. Bu mübarizəni bizim yerimizə siz aparacaqsınız. Yaşasın azadlıq!”

Məhkəmə prosesi mayın 6-sı saat 10:30-a təyin olunub. Həmin gün gənclərə hökm oxunacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.