Biləsuvarda 11 nəfərdən ibarət məcburi köçkün ailəsi İrana keçmək istəyib. Biləsuvarda mənzillənən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısından narazı qalmış ailənin başçısı özünü sərhəddə yandırmağa cəhd edib.
Xəbərdə deyilir ki, Cərbayıl qaçqınları olan 11 nəfərlik ailə Biləsuvar rayonu ərazisində sərhəddən İrana keçmək istəyib. Lakin onların bu cəhdlərinin qarşısı Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən alınıb. Daha sonra ailə başçısı İbadulla Həsənov özünü sərhəddə yandırmağa cəhd edib. Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları İ.Həsənovu bu fikrindən daşındıra biliblər. Ailə üzvlərinin hamısı Biləsuvar RPŞ-yə gətirilib.
Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini, RİH sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Tapdıq Nəsirov virtualaz.org-a açıqlamasında bu faktı təsdiqləyib.
T.Nəsirov həmin ailənin Biləsuvar rayonu ərazisində Cəbrayıldan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşadığını dedi. Onun sözlərinə görə, ailənin bu addımı məqsədli şəkildə edilib: “Aliə başçısı İbadulla Həsənov rayon icra hakimiyyətində bir neçə dəfə qəbulda olub. Bütün şikayətləri dinlənilib. Narazılığına heç bir səbəb yoxdur”.
T.Nəsirov bildirdi ki, İbadulla Həsənov ona verilən pay torpağını suvara bilməməsindən narazı olub: “Daha sonra onun ərazisinə qəsəbədə yeni quraşdırılan nasoslardan su xətti çəkildi. Lakin o, məqsədli şəkildə bundan isifadə etmədi. Başqa bir şikayəti isə ünvanlı sosial yardım almaqla bağlıdır. Lakin onun ailə üzvlərindən heç birinə ünvanlı sosial yardım düşmür. Dəfələrlə onunla görüşüb vəziyyəti izah etmişik”.
İcra başçısının müavini bildirdi ki, Həsənovlar ailəsi 2003-cü ildən burada yaşayır: “Ailə 2003-cü ildən - qəsəbə salınandan burada yaşayır. Onlar üçün heç bir problem yaradılmayıb. Pay torpaq sahəsi verilib. İcra hakimiyyəti tərəfindən yardım da edilir. Bizim məqsədimiz qəsəbə sakinlərinə xidmət etməkdir. İcra hakimiyyətinə gələn hər kəsə yardım göstərilir”.
Əldə etdiyimiz məlumata görə, İbadulla Həsənovun iki oğlu, bir qızı var. O, övladlarının da ailə üzvləri ilə birlikdə - 11 nəfər - İrana keçmək isstəyiblər.
Qeyd edək ki, İ.Həsənovun əvvəllər polis sistemində işlədiyi bildirilir.
Hazırda Cəbrayıl və Biləsuvar rayon polisi məsələni birgə araşdırır. Ailə hazırda yaşadıqları Cəbrayıl məcburi köçkünlərinin yaşadığı qəsəbəyə qaytarılıb.