Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putini ATƏT-in 7 müşahidəçisinin azad edilməsinə yardım göstərməyə çağırıb.
ATƏT-in Ukraynaya yollanmış hərbi müşahidəçiləri ötən həftə Ukraynanın şərqində rusiyapərəst separatçılar tərəfindən tutulublar.
Almaniya kanslerinin mətbuat katibinin verdiyi xəbərə əsasən, müşahidəçilərin azad edilməsi Merkel ilə Putinin telefon danışığının əsas mövzusu olub.
Almaniya tərəfinin təşəbbüsü ilə keçirilmiş telefon söhbəti zamanı, Angela Merkel Vladimir Putindən vəziyyəti çözmək üçün "bütün nüfuzundan istifadə etməyə" çağırıb.
Kremlin mətbuat xidməti isə Vladimir Putinin söhbət zamanı əsas məsələnin Kiyevin göndərdiyi qoşunları Ukraynanın cənub-şərq rayonlarından çıxarmaq, zorakığılığa son qoymaq və milli dialoqa başlamaq olduğunu vurğuladığını qeyd edib.
Məlumatda eləcə də, yaxın zamanlarda "Rusiya və Almaniya liderləri arasında daha bir telefon danışığının" aparılacağı barədə razılığın əldə olunduğu qeyd edilir.
Aralarında 4 Almaniya vətəndaşı olan ATƏT-in hərbi müşahidəçiləri ötən həftə Donetsk vilayətinin Slovyansk şəhərində özünü "xalq meri" elan etmiş Vyaçeslav Ponomaryovun yaraqlıları tərfindən tutulub.
Ötən bazar günü separatçılar "sağlamlıq durumuna görə" müşahidəçilərdən birini - şəkərdən əziyyət çəkən Ingvi Thomas Johanson adlı İsveç zabitini azadlığa buraxıblar.
Hiddət doğuran səhnə
Müşahidəçilər ötən bazar günü şəhər administrasiyası binasında təşkil edilmiş mətbuat konfransına gətirilmişdilər.
Bütün heyət adından almaniyalı müşahidəçi, polkovnik Axsel Shneider çıxış edərək bildirmişdi ki, o və onun yoldaşları NATO zabitləri deyil, hərbi geyimli diplomatdırlar.
Almaniya rəsmiləri saxlanılmış diplomatların mətbuat konfransına çıxarılmasını "hiddət doğuran səhnə" adlandırıblar.
Bu arada ATƏT bildirib ki, müşahidəçilər Ukraynaya hərbiləşdirilmiş dəstələrin tərksilah olunmasına dair 17 aprel Cenevrə müqaviləsi şərtlərinə necə əməl edildiyini yoxlamaq üçün göndərilmişdi.
Rusiya XİN-i isə ATƏT müşahidəçilərinin təhlükəsizliyinə görə məsuliyyətin Ukraynanın üzərinə düşdüyünü bildirib.
"Ukrayna tərəfi nəzarətində olmadığı ərazilərə onları göndərməməliydi", Rusiya XİN-i vurğulayıb.
Bazar ertəsi günü özünü Slovyanskın "xalq meri" elan etmiş Vyaçeslav Ponomyaryov tutulmuş ATƏT müşahidəçilərini hərbi əsir saxladığını və onları Ukrayna rəsmiləri tərəfindən həbs edilmiş silahdaşlarına dəyişməyə hazır olduğunu bildirmişdi.