Böyük Vətən müharibəsi iştirakçılarına təyin olunan Prezident təqaüdü 55 manatdan 100 manata qaldırılıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” 30 aprel 2014-cü il tarixli sərəncamı şərh edərkən deyib. Nazir vurğulayıb ki, son sərəncamlar Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə verilən Prezident təqaüdünün əhəmiyyətli şəkildə artırılmasını və Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla tam təmin edilməsini nəzərdə tutur. Səlim Müslümovun sözlərinə görə, sərəncam Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan 667 nəfərə və Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş 11 nəfərə şamil edilib. Bu artımların təmin olunması üçün dövlət büdcəsindən əlavə olaraq ayda 30 min 510 manat, bu ilin 8 ayı ərzində isə 366 min 120 manat vəsait yönəldiləcək. Nazir həmin kateqoriyadan olan şəxslərin xüsusi minik avtomilləri ilə təmin edilməsi üçün imzalanan sərəncam barədə də məlumat verib. “Artıq növbədə olan Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin də qısa müddətdə xüsusi avtonəqliyyatla tam təmin edilməsi üçün Sərəncam imzalandı. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 30 aprel 2014-cü il tarixli Sərəncamına əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında 2014-cü ilədək növbəyə durmuş şəxslərin dövlət tərəfindən pulsuz verilən xüsusi avtonəqliyyatla tam təmin olunması üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan 3,5 milyon manat ayrılacaq”. Qeyd edək ki, bu ilin əvvəlinədək növbədə olan Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin sayı 858 nəfərdir. Onlardan 293 nəfəri Böyük Vətən müharibəsi əlilləri, 141 nəfəri hərbi xidmət, 424 nəfəri isə Çernobıl əlilləridir. Nazir vurğulayıb ki, Sərəncamın icrası nəticəsində növbədə dayanan bütün Böyük Vətən müharibəsi əlilləri ilin sonuna kimi avtomobillərlə təmin ediləcək.