Aqil Səmədbəylidən Məhəmməd Hatəmiyə etiraz...

22-12-2014, 14:12   
Aqil Səmədbəylidən Məhəmməd Hatəmiyə etiraz...
“Elçibəylə bağlı isə Hatəmi bəyə xatırlatmaq istəyirəm ki...”

Milli azadlıq hərəkatının tanınmış nümayəndələrindən biri, Milli Qurtuluş Partiyasının sabiq lideri Məhəmməd Hatəminin “Yeni Müsavat” qəzetinin 20 dekabr 2014-cü sayına verdiyi müsahibəsi fərqli reaksiyalar doğurub. Tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli müsahibədəki bəzi fikirlərə etirazını bildirib və onu Facebookda yayıb.

Öncədən qeyd edək ki, M.Hatəmi ilə müsahibəyə imkan yaratmaqla heç də tarixdə kiminsə zəhmətini, tarixi xidmətlərini azaltmaq niyyətində olmamışıq. Sadəcə hərəkatda öz yeri olan, ahıl yaşlı, həm də əksəriyyətin canlı əfsanə kimi qəbul etdiyi Hatəminin fikirlərinin bir qismini olduğu kimi dərc etməklə sadəcə tərəfsiz olduğumuzu nümayiş etdirmişik. Yeri gəlmişkən, M.Hatəminin əməkdaşımıza dediklərinin hələ “dörddə birini” yazmamışıq, əgər yazsaydıq, necə deyərlər “yer yerindən oynayar”dı.

Dəyərli A.Səmədbəyli isə yazır: “ Millətimiz üçün əməyi keçən hər kəsin, xüsusilə yaşlıların yada salınması, onlardan müsahibələrin alınması təqdirəlayiq hadisədir. Ancaq yaxın tariximizin, həm də bizim içində olduğumuz hərəkatın tarixinin bəzi adamların dilindən saxtalaşdırılmasına şərait yaratmaq heç də yaxşı hərəkət deyil. M.Hatəmiyə milli-azadlıq hərəkatındakı əməyinə görə təşəkkür edirik. Ancaq bəzi məsələləri qarışdırır - bunu da yaşlanması ilə əlaqələndirirəm. Məsələn, M.Hatəmi deyir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ideyası Heydər Əliyevə məxsus idi. 31 dekabrı seçməklə həm azərbaycanlıların bayram etməsini istədi, həm də 1 yanvarda rus yeni ili qeyd etdiyi üçün əks-reaksiyanın olmayacağını düşünmüşdü (Burda xoruzun quyruğu göründü)”.

A.Səmədbəyli ardınca həmin tarixi hadisə barədə bunları bildirib: “Bu, ağ yalandır – ona görə ki, AXC İdarə Heyətinin üzvlərinin əksəriyyəti həyatdadır və onlar yaxşı xatırlayırlar ki, sərhədərin məhz 31 dekabr 1989-cu ildə sökülməsi məsələsi AXC İdarə Heyətində müzakirə edilmiş, lakin qərar qəbul edilməmişdir. Bu məsələ ilə bağlı məsuliyyəti öz üzərinə götürən Əbülfəz Elçibəy məhz 31 dekabrda sərhədlərin sökülməsinə qərar vermişdi. M.Hatəmi bəyə xatırladıram ki, həmin dövrdə H.Əliyev ümumiyyətlə Azərbaycanda deyildi, Moskvadaydı. 31 dekabrı da təsadüfən seçməmişdi Bəy. Həm 31 dekabrı milli bayramla əvəz etmək, həm də həmin gün rus zabitlərinin istisnasız olaraq yeyib-içməkdə olacağına görə sərhədə nəzarətin zəif olacağı səbəbi ilə məhz bu günü seçmişdi Böyük Bəy!”

A. Səmədbəyli bildirir: “M.Hatəmi bəy bu müsahibəsində deyir ki, “məni sıradan çıxardıb Neməti yerimə keçirdilər. Sonra da Əbülfəzi, Etibarı ortaya çıxartdılar”. Nemətlə bağlı yalnız “Allah qapısını açsın” deyə bilərəm. Ə.Elçibəylə bağlı isə Hatəmi bəyə xatırlatmaq istəyirəm ki, siz 1988-1989-dan danışır və “Elçibəyi ortaya çıxartdılar” deyəndə yəqin yaşlı olmanızdan qaynaqlanan bir əskkiklik olmalıdır ki, hələ 1975-ci ildə Bəy tələbələr arasında milliyyətçilik və antisovet təbliğatına görə “KQB” tərəfindən həbs olunduğunu unudubsunuz?! Bir az da geriyə gedək: hələ 1963-1964-cü ildə Əbülfəz bəy Misirdə tərcüməçi kimi işlədiyi dövrdə SSRİ-nin sədri (bu ifadə mənə aiddir) Xruşov Misirə rəsmi səfəri sırasında Əbülfəz bəy Xruşova əl uzatmaqdan imtina etmişdi. Sizcə bu hadisədə Əbülfəz bəyi kim və ya kimlər ortaya çıxartmışdı?!”

A.Səmədbəyli M.Hatəmiyə xitab edib: “Cənab M.Hatəmi! Bir də sizə təvazökarlıqdan uzaq olsa da, bir şey demək istəyirəm – bu mənim araşdırmalarımın nəticəsidir: Lider anadan olanda Lider doğulur, sonradan Liderlik qazanılmır – bu da dünya sosioloqlarının uzun sürən araşdırmalarından sonra gəldikləri qənaətdir! Hələ gəncliyimdən sizi yaxından tanıma imkanım olub – hətta məşhur yanvarın 19-nu 20-nə bağlayan gecə Prezident Aparatının qabağında siz tribunadaydınız, mənsə aşağıda Xalqın arasındaydım. Sizin haqqınızda deyilənləri – yəni sizin haraya bağlı olduğunuz haqda deyilənləri xalq fərziyyəsi hesab edirdim...”

Hazırladı: E.PAŞASOY
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar