«The Huffington Post» Azərbaycanda dekabrın sonunda baş vermiş dramatik hadisələri yayımladı
«Asiya Inkişaf Bankı azad mətbuatın olmadığı, «neft diktatorluğu» kimi tanınan, 50 milyard maliyyə ehtiyatlarına malik ölkəyə 750 milyonluq krediti niyə ayırıb?»
Azərbaycan hökumətinin Qərbyönümlü siyasətdən imtinasını xüsusən son aylardakı addımları ilə açıq-aşkar nümayiş etdirməsi Qərblə, xüsusən ABŞ-la münasibətlərdə böhran yaradıb. Münasibətlər o həddə pisləşib ki, hətta Azərbaycan hökumətinə qarşı sanksiyaların tətbiqi məsələsi gündəmə gəlib.
Təsadüfi deyil ki, ABŞ-ın nüfuzlu mətbuat orqanlarında tez-tez Azərbaycan hökumətinin korrupsiya əməlləri, ölkədə demokratiya böhranı, insan haqlarının acınacaqlı durumu haqda materiallar yayımlanır. Həmin materiallarda demokratiya və insan haqlarına dair öhdəlikləri yerinə yetirmədiyinə görə Əliyev hökumətinə qarşı sanksiyaların tətbiqi üçün Barak Obamaya çağırışlar da yer alır. Azərbaycandakı durumla bağlı daha bir material “The Huffington Post” qəzetində dərc olunub. Təsəvvür edin ki, müəllif Till Brucknerin hazırladığı məqalə “Absurdistan prezidenti Ilham Əliyevin həyatının son on günü” başlığıyla yayımlanıb. Məqalədə dekabrın son on günü Azərbaycanda yaşananlardan bəhs olunur.
Müəllif yazır ki, dekabrın 21-də ABŞ dövlət katibi Con Kerri dövlət başçısı Ilham Əliyevə zəng edərək, Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı hücumlardan narahatlığını çatdırıb. Amma bu zəng barədə məlumat səkkiz gün keçəndən sonra yayıldı. Bu da ABŞ Dövlət Departamentində keçirilən mətbuat konfransı zamanı aydın oldu. Jurnalist Dövlət Departamentinin sözçüsündən soruşdu ki, Azərbaycandakı vəziyyətlə əlaqədar bu ölkənin rəsmilərilə müzakirələr aparılırmı? Bu suala cavab olaraq, Dövlət Departamentinin sözçüsü bildirdi ki, dövlət katibinin Əliyevlə telefon söhbəti olub.
“Kerrini nə narahat edirdi? Məsələ burasındadır ki, demək olar, bütün il boyu Ilham Əliyev hökuməti hüquq müdafiəçilərinə, jurnalistlərə, demokratik fəallara qarşı güclü repressiyalar həyata keçirib, nəticədə xeyli sayda insan həbs olunub. Onların arasında jurnalist Xədicə Ismayılova da var”, - deyə müəllif yazır.
Məqalədə bu il Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarına da toxunulub: “Ilham Əliyev deyir ki, ”ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi bizim üçün tarixi hadisədir. Yarışların Azərbaycanda keçirilməsi ölkəmizin dünyadakı gücünü göstərir. Bizim güclü iqtisadiyyatımız var, siyasi proseslər də düzgün istiqamətdə gedir".
Till Bruckner yazır ki, Asiya Inkişaf Bankı bugünlərdə Azərbaycana iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun inkişafı üçün 752 milyon kredit ayırıb: “Nədənsə, Asiya Inkişaf Bankı azad mətbuatın olmadığı, ”neft diktatorluğu" kimi tanınan, 50 milyard dollardan artıq maliyyə ehtiyatlarına malik bu ölkəyə bu həcmdə kredit ayırmasının səbəbini izah etməyib".
Məqalədə o da qeyd olunur ki, Azərbaycan hökuməti Olimpiada zamanı bu ölkəyə xarici ölkə vətəndaşlarının - turistlərin gəlməsini çox istəyir: “Xaricdən gələnlərə bu ölkədə insan haqlarının dəhşətli vəziyyəti barədə danışa biləcək adamların xeyli hissəsi həbsxanadadır. Görünür, onların danışa biləcəyindən ehtiyatlanaraq, onları bəri başdan həbsxanaya göndəriblər”.
“Prezident Administrasiyasının rəsmisi Əli Həsənov dekabrın 25-də bildirib ki, ifadə və informasiya azadlığının təmin olunması Azərbaycan hökumətinin siyasətində başlıca istiqamətlərdən biridir. Ilham Əliyev də həmin gün etdiyi çıxışda deyib ki, Azərbaycanda bütün azadlıqlar - mətbuat, ifadə, toplaşma, vicdan azadlıqları təmin olunub. Ertəsi gün - dekabrın 26-da isə prokurorluq əməkdaşları və silahlı polislər ”Azadlıq" radiosunun Bakı bürosunun ofisinə gələrək, qapını möhürləyiblər. Ertəsi gün isə radionun xeyli sayda əməkdaşı prokurorluqda dindirilib", - deyə müəllif Azərbaycan hökumətinin ölkədə vətəndaşların hüquq və azadlıqlarının təmin olunması barədə bəyanatlarının reallıqla ziddiyyət təşkil etdiyini diqqətə çatdırır.
Müəllif həmçinin Xədicə Ismayılovanın həbsindən bəhs edərək yazır ki, jurnalistin həbsi üçün vasitə olmuş Tural Mustafayev şikayətini geri götürdüyünü bəyan edib. Amma eyni zamanda da əlavə edib ki, bu addımına görə həbs oluna bilər.
“Ilin sonunu nisbətən pozitiv başa vurmaq üçün Ilham Əliyev əfv fərmanı imzalayaraq, siyasi məhbuslardan bir neçəsini azad etdi”, - deyə məqalədə qeyd olunur.
İnformasiya şöbəsi