ABŞ Almaniyanın keçmiş kanslerini Putinə görə izləyirmiş

13-07-2015, 14:51   

ABŞ Milli Təhlükəsizlik Agentliyinin uzun müddət Almaniyanın keçmiş kansleri Qrexard Şrederi niyə izlədiyi məlum olub. Sən demə, Şrederi güdməkdə əsas məqsəd Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafı haqda məlumat toplamaq olub. Şreder yalnız kansler olduğu dövrdə yox, sonrakı illərdə də Amerika xüsusi-xidmət orqanları tərəfindən izlənilib. 2005-ci ildə kansler postunu tərk edən Şreder 2006-cı ilin martında Rusiyanın «Qazprom» şirkəti tərəfindən idarə olunan «Nord Stream AG»nin səhmlər komitəsinə rəhbər təyin olunub. Təyinatdan sonra Almaniya mətbuatında Şrederlə bağlı korrupsiya şübhələri gündəmə gəlib.

Mətbuatın yazdığına görə, Şrederin Putinlə yaxın dostluq əlaqələri var. 2014-cü ilin aprelində – Ukraynadakı böhranın qızğın vaxtlarında Şreder Sankt-Peterburqda Putinlə birgə ad gününü qeyd edibmiş. Həmin vaxt Almaniya KİV-ləri və müxalifət nümayəndələri bu addımına görə Şrederi sərt tənqid etmişdilər. Tənqidləri əsassız adlandıran Şreder isə bildirmişdi ki, Putin «perosona non grata» deyil. Ukraynada böhranın davam etdiyi müddətdə Şreder sonadək Putin və Rusiyanın mövqeyini dəstəkləmişdi.

Ötən ilin sonlarında isə keçmiş kansler Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarını tənqid edərək bildirmişdi ki, sanksiya siyasəti Rusiya kimi nəhəng ölkə ilə dialoq yaratmağa kömək etməyəcək. Bu ilin iyununda Şreder «G7» ölkələrini Rusiyanı sammitə dəvət etmədiklərinə görə ittiham etmiş və qeyd etmişdi ki, əgər fikir ayrılıqları varsa, bunu sammitdə müzakirə etmək lazım idi. Bunun üçün Rusiyanı tədbirdən kənarda saxlamağa ehtiyac yox idi.

Gültəkin
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar