Ebru Gündeş yenidən ağlayacaqmı? - Türkiyənin qarışıq gündəmi ..

14-07-2015, 20:17   
Ebru Gündeş yenidən ağlayacaqmı? - Türkiyənin qarışıq gündəmi ..
AKP koalisya üçün kimləri qurban verər...

AKP sədri, baş nazir Ahmet Davutoğlunun iyulun 14-də Milliyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli ilə koalisyon hökumət qurulması ilə bağlı danışıqları nəticəsiz başa çatıb. Görüş MHP-nin Türkiyə Böyük Millət Məclisindəki qrup salonunda baş tutub. Maraqlıdır ki, ötən gün AKP-nin CHP ilə koalisyon danışıqları CHP-nin baş qərargahında baş tutmuş, CHP sədri Kemal Kılıçdaroğlu AKP heyətini liftin qarşısında qarşılamışdı.

Türkiyənin yeni hökumətinin qurulması üçün 45 günlük müddət avqustun 23-də başa çatacaq. Seçkidən keçən 1 aydan çox müddətdə parlamentə düşən partiyaların heç biri koalisyon hökumət məsələsində xüsusi fəallıq göstərməyib. AKP kimi MHP, CHP və HDP də daha çox müşahidəçi mövqe tutub. Əgər prezident Ərdoğandan yeni hökumət qurmaq görəvi alan Ahmet Davutoğlunun koalisyon danışıqlarında sonuc əldə edilməsə, avqustun 23-də yeni seçki təyin ediləcək və müvəqqəti Nazirlər Kabineti qurulacaq. Türkiyə Ana Yasasına görə, 7 iyun seçkisində parlamentdə yer alan bütün partiyalar keçid hökumətində təmsil olunacaq. Ölkə qanunlarına görə, keçid hökumətində Ədliyyə, Daxili işlər və Nəqliyyat nazirliklərinə partiyalılığı olmayan millət vəkilləri rəhbərlik edəcək. Erkən seçkinin zamanını isə prezident Türkiyə Böyük Millət Məclisi sədri ilə razılaşdırandan sonra elan edə bilər.



Türkiyə mediası yazır ki, 7 iyundan sonra AKP-MHP, bəzən isə AKP-CHP koalisyonlarının daha real olduğu deyilsə də, sürəc daha çox təkrar seçkiyə gedildiyini göstərir. Çünki AKP koalisyon şərtlərini qəbul etmir. Həm MHP-nin, həm də CHP-nin irəli sürdüyü şərtlər sırasında 17-25 dekabr böyük rüşvət əməliyyatının araşdırılması var. Ortada çox ciddi dəlillər olmasına baxmayaraq AKP iddia edir ki, bu, Fətullah Gülən camaatının ona qurduğu tələdir və iddiaların heç bir əsası yoxdur, ona görə unudulmalı və gələcəyə baxılmalıdır. AKP-nin bu bəyanatlarına Türkiyədə sentimental seriallar izləyən ev xanımları belə inanmır. AKP 4 önəmli nazirini qurban versə də olaydan imicini “sağ” çıxara bilməyib – korrupsiya və rüşvət iddiaları nə müxalifət liderlərinin, nə də xalqın dilindən düşür. Hətta seçki dönəmində vətəndaşa edilən jestlər - sosial müdafiənin gücləndirilməsinə yönəlik addımlar, o sıradan maaş artımları “ayaqqabı qutusu”nu bağlamaq gücündə deyil.

Rüşvət və korrupsiyası ilə korlanan reputasiyasını düzəltməyə çalışan AKP bunun üçün ən müxtəlif yollara əl atır. Məsələn, bu yaxınlarda əməliyyatın “açar ismi” Rza Zərrab prezident Rəcəb Tayyib Ərdoğanın da qatıldığı tədbirdə mükafatlandırılıb. Türkiyə İxracatçılar Birliyi ləl-cavahirat sektorunda “Ən böyük ixracatçı” ödülünü Rza Zərraba verib. AKP-nin Zərrabın qaçaqmalçı imicini böyük iş adamı imicinə dəyişməsi uğurlu olmayıb. Həm siyasi partiyalar, həm ictimaiyyət nümayəndələri Zərraba mükafat verilməsini böyük biabırçılıq adlandırıb. Dövlət başçısının həmin mərasimdə iştirak etməsi isə Türkiyə vətəndaşlarına həqarət hesab edilib. Mükafatın verilməsindən 1 ay keçsə də hələ də məsələ gündəmdən düşmür. Ölkənin ünlü köşə yazarlarından Ertoğrul Özkök son köşəsində Ərdoğanın “korrupsiya faktlarını unudaq” mesajından və Rza Zərrabdan yazıb: “Arxadaş, sən son 7 ildə durmadan keçmişi ələk-vələk edərək dəfinəçi kimi tarixin səndən öncəki bütün qəhəmanlarının quyusunu qazırsan. Məsələn, sənin və tayfanın Qurtuluş Savaşının qəhrəmanı, bu cümhuriyyətin qurucusu, əziz insan haqqında demədiyin qalmayıb, bağışlayın, onu hətta “əyyaş” adladırdız. 18 il öncəki 28 Fevral olaylarını hər gün qaşıyırsan, hər gün qanadırsan, hər gün sevmədiyin insanların üzərinə demokratiya qılıncı kimi əsdirirsən. Ancaq dünən baş verən 17-25 dekabr sirrinə gəlincə... “arxadaş, gəl unudaq, irəliyə baxaq” deyirsən. Sən çox yaxşı bilirsən, bu ölkənin vətəndaşı unuda bilər. Ancaq səndə hansı an xortlayacağını bilmədiyimiz bəlağət şəhvəti, bizdə isə balkon hüsranı hələ qanayırsa bunu necə unudaq? ... İkisi də müsəlman. Birinin adı Babək, o birinin adı Zərrab. İkisini də polis cinayət başında yaxalayıb. İkisi də dövlətin pulunu həzmi-rabedən keçirib, rüşvət verib, iqtidar partiyasında əmrinə tabe bir mənfəət çetesi qurub. Biri İranda həbs edilib. Parlament olaya əl qoyub, araşdırıb, əlaqələrini ortaya çıxarıb, adamı edam gözləyir. O birisinin durumu fərqlidir – onu tutan polisi tutublar. Biri haqqında İranda 200 min səhifəlik iddianamə yazıblar. O birisinin burada dövlət adamlarının qatıldığı tədbirdə yaxasına medal taxırlar. İki dövlət – biri İran, biri Türkiyə. İkisinin də əhalisinin çoxu müsəlman. Və iki iqtidar. Sizcə hansı ağ, hansı qara? Hətta qapqara?”



Ünlü yazarın sərt dildə anlatdığı bu mənzərə Türkiyədə ən müxtəlif təbəqələrdə müzakirə mövzusudur. Ancaq siyasətin böyük ustası Rəcəb Tayyib Ərdoğanın addımlarını proqnozlaşdırmaq çətindir. Heç kim qarantiya verə bilməz ki, təkrar seçkiyə getməmək üçün o, 17-25 dekabr olaylarının araşdırılması təşəbbüsü ilə çıxış etməyəcək və bu dalğada ödüllü-medallı Rza Zərrab yenidən dəmir barmaqlıqlar arasına düşməyəcək.

Türkiyənin siyasi analitikləri deyir ki, seçki bütün hallarda siyasi partiyalar üçün riskdir. 7 iyun seçkisi göstərdi ki, ölkədə Ərdoğan siyasətinin 60 faiz əleyhdarı var. Onlar 3 partiyaya bölünsələr də hər halda ortadakı mənzərə AKP-nin son seçkidən bu yana xeyli gerilədiyini göstərdi. Duruma AKP-nin keçmiş sədri Rəcəb Tayyib Ərdoğanın keçən ilin avqustunda prezident seçilməsi də az təsir etməyib. Bu, Ərdoğanın Türkiyəni parlamentli respublikadan prezidentli respublikaya keçidi üzrə ilk addımı idi. Ardınca Ərdoğanın Ana Yasanı dəyişdirib səlahiyyətlərini genişləndirməyi düşünürdü. İndiki durumda o, faktiki olaraq “səlahiyyətsiz taclı”dır. Ana Yasaya görə onun səlahiyyətləri baş nazirlə müqayisədə xeyli azdır. Ancaq 7 iyun seçkisi göstərdi ki, xalq Ərdoğanı geniş səlahiyyətli prezident görmək istəmir. Görünür, onun prezident seçildikdən sonrakı 10 ayda özünü ortaçağ diktatoru kimi aparmaq meylləri daha geniş demokratiya arzulayan seçicinin ürəyinə yatmayıb. Son 10 aya baxdıqda görəcəyik ki, Ərdoğan yalnız özü üçün tikdirdiyi milyard lirəlik sarayı, tərəfdarlarının dili ilə özünü sultan adlandırması, Atatürk Türkiyəsini nəzərdə tutaraq “köhnəyə son verib Yeni Türkiyə yaradaq” mesajları ilə gündəmə gəlib. Ərdoğan avqustun 10-da seçki günü “balkon qonuşması”nda söz verdiyi kimi hamının yox, AKP-lilərin prezidenti oldu və 7 iyunda adekvat cavab aldı.

Təkrar seçkinin yeni Türkiyə qurmaq istəyən köhnə AKP-yə nə qazandıracağı böyük sual altındadır. Seçicilərin 42 faizi yenidən AKP-yə səs versə belə, bu mənzərə AKP üçün uduşlu sayılmayacaq. Yəni bununla mənzərə indikindən kəskin fərqlənməyəcək və aşağı-yuxarı çox az dəyişən səs faizləri ilə eyni partiyalar bugünkü kimi uzun koalisyon danışıqlarına gedəcəklər. AKP-nin 42 faizdən aşağı səs alacağı ona görə realdır ki, seçici ölkədəki hakimiyyət boşluğunun bugünkü məsuliyyətini AKP-nin daşıdığını anlayır. Əgər AKP ən azı 17-25 dekabr olaylarının araşdırılmasına razılıq verməklə bir addım geri çəkilsəydi, təkrar seçki kimi yorucu bir prosesəsə və əlavə xərclərə ehtiyac qalmayacaqdı. Ola bilər ki, seçici təkrar seçkisə AKP-dən Türkiyəni belə yormağının da öcünü alsın.

CHP ilə MHP-nin təkrar seçkidə səslərini artıracağı ehtimalı var. Bu ehtimal yüksək olmasa da istisna deyil. Türkiyənin siyasi analitikləri hesab edir ki, CHP seçkiyə getsə, 7 iyunda HDP-yə verdiyi səslərin bir hissəsini geri çəkərək öz səslərini artıra bilər. Yada salaq ki, son seçkidən sonra bir sıra qaynaqlar HDP-nin parlamentə məhz CHP-nin səsləri sayəsində düşə bildiyini iddia edirdi. Əgər bu iddialarda həqiqət payı varsa, o zaman təkrar seçkidə HDP-nin də səsləri azala bilər. Bu tablonu ən çox arzulayan milliyətçi cameədir.

Seçkidən sonrakı tablodan ən çox narazı qalanlardan biri MHP-dir. PKK terror təşkilatının siyasi qanadı saydığı HDP-nin 10 faizlik həddi keçməsi, üstəlik parlamentdə onunla eyni sayda – 80 – millət vəkili ilə təmsil olunması MHP-nin maraqlarına uyğun deyil. Türkiyə Böyük Millət Məclisinin ilk toplantısında PKK lideri Abdullah Öcalanın Diyarbəkirdən millət vəkili seçilən qardaşı qızının sədarətdə yer alması isə MHP-liləri möhkəm əsəbləşdirmişdi. Həmin günlər sosial şəbəkələrdə yazılan statuslarda bu əsəbin nə qədər şiddətli olduğu aydın görünürdü. Şübhəsiz, bu durumun məsuliyyəti həm də MHP-nin üzərindədir. İstanbul, İğdır, Kars kimi önəmli şəhərlərdə MHP-nin HDP-yə təslim olması milliyətçi cameənin öz strategiya və taktikasına yenidən baxması məcburiyyətini yaradır.

Son 2 gündə MHP-lilər sosial şəbəkədə yenidən fəallaşıblar. İndiyə qədər AKP ilə koalisyona çox sərt reaksiyalar verənlərin mövqeyində belə fərqli çalarlar görünür. Partiyanın intellektual kəsimi isə sədr Devlet Bahçelinin düşüncəsinin əskinə olaraq koalisyon tərəfdarıdır. Bu kəsim iddia edir ki, əgər partiyanın qurucusu Alparslan Türkeş yaşasaydı, AKP ilə koalisiyaya razılıq verər, hətta HDP dəstəkli CHP-MHP birliyinə yox deməzdi. Çünki təkrar seçkidən hansı nəticələrin çıxacağı bəlli deyil. Proses ehtimalların əksinə olaraq, AKP-nin xeyrinə də işləyə bilər.

MHP sədrinin Davudoğlu ilə danışıqlarda şərtlərini geriyə çəkməməsi bir tərəfdən də CHP-nin şansını artırır. Əgər yaxın gələcəkdə AKP ilə CHP anlaşsa, seçkidən dərhal sonra Ərdoğanın nədən başqa birisi ilə deyil, məhz CHP-li Deniz Baykalla görüşdüyünün sirri çözülmüş olacaq.

Aygün Muradxanlı, musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar