Şad xəbər: hamı ev sahibi ola biləcək

15-07-2015, 12:08   

Tezliklə Azərbaycanda sosial evlərə sahiblənmək mümkün olacaq. Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı ekspert Vüqar Bayramov çıxış edib. O bildirib ki, sosial ipoteka kreditlərinin güzəştli olduğunu nəzərə alsaq, bu, xüsusən sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqələrin sözügedən vəsaitdən yararlanmasına imkan verəcək: “İpoteka kreditləşməsi aktiv tələb formalaşdırsa da, kreditin mərhələli ayrıldığını və maliyyələşmənin əsasən Bakının 2-ci və 3-cü zonalarına təsir göstərdiyini və əmlak bazarındakı tələbin mövcud səviyyəsini nəzərə aldıqda mənzillərin qiymətində yaxın zamanlarda artımlar proqnozlaşdırılmır. Kreditlərin verilməsi üçün ayrılan vəsaitin həcminin artırıldığını nəzərə alaraq sosial ipoteka üçün maksimum məbləğin artırılması vacibdir. Bu kredit növü üzrə hazırda maksimum məbləğ 50 min manatdır. Təbii ki, bu məbləğ əmlak bazarındakı mövcud qiymətlərə uyğun deyil. Buna görə də maksimum məbləğin ən azı 75 min manatadək artırılması məqsədəuyğundur. Bu, ipoteka kreditlərinin səmərəliliyini mənzil bazarındakı qiymət səviyyəsinə uyğun olaraq müəyyən qədər yüksəltməyə imkan verəcək”. İqtisadçı ipoteka kreditlərinin verilməsi zamanı gənc ailələr üçün ilkin ödənişin ləğv edilməsinin vacibliyini qeyd edib: “Bunun üçün uzun müddət müzakirə edilən iki praktikadan istifadə edilməsi mümkündür. Birincisi, əmanət tikinti bankların, ikincisi, ipoteka fondu yanında ipoteka zəmanət fondunun formalaşdırılması. Bu isə imkan verəcək ki, zəmanət fondu vətəndaşlara 100 faizlik kredit verə bilsin. İpoteka krediti təklif edən bankların əksəriyyəti bu ilin iyununda ilkin ödəniş məbləğini artırmaqla risklərini sığortalamağa çalışdıqlarını nəzərə alsaq, bu addımın atılması oldquca əhəmiyyətlidir. Belə ki, əgər əvvəllər adi və sosial ipoteka krediti təklif edilən zaman mənzil qiymətinin 20 faiz həcmində ilkin ödəniş tələb edilirdisə, indi bu göstərirci əksər banklarda ən azı 2 dəfə artırılıb. Bu baxımdan, ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi və ilkin ödənişlər üçün minimum deyil, maksimum limitlərin müəyyənləşdirilməsinə ehtiyac var. Yəni Mərkəzi Bank “qiymət tavanından” istifadə etməklə prosesi tənzimləyə bilər. Bu zaman qanunvericiliyə edilən dəyişikliklə sosial ipoteka kreditləri üçün maksimum 20 faiz ilkin ödənişin tələb edilməsi müəyyənləşdirilə bilər”. İqtisadçı bildirib ki, regionlara veriləcək ipoteka kreditlərinin də məbləğinin artırılmasına ehtiyac var: “Regionlara verilən kreditlərin məbləğində xeyli azalmalar var. İpoteka kreditlərindən tam olaraq istifadə edə bilmədikləri üçün regionlara verilən belə kreditlərə limitlərin müəyyənləşdirilməsi məqsəduyğundur. Həmin limitlər daxilində ipoteka krediti təqdim oluna bilər. Bu, o deməkdir ki, məsələn, ay ərzində 5 milyon manat ipoteka krediti ayrılacaqsa, bunun yarısı-2,5 milyon manatı məhz regionlar üçün nəzərdə tutulmalıdır. Regionlara təqdim edilən ipoteka kreditləri üçün diferensial faizlər tətbiq etməklə bölgədə yaşayan vətəndaşlarımıza 2 faizlik sosial ipoteka kreditinin təklif edilməsi də mümkündür”. Ekspert sosial mənzil fondu ilə bağlı məsləyə də toxunub: “Sosial mənzil fondunun formalaşdırılması aztəminatlı ailələrin mənzil probleminin həlli, tikinti sektorunun dəstəklənməsi ilə yanaşı əmlak bazarında qiymətlərin tənzimlənməsi baxımdan da əhəmiyyətlidir. Artıq belə fondlar yalnız inkişaf etmiş və etməkdə olan ölkələrdə, o cümlədən, qonşu Türkiyədə deyil, həmçinin bir sıra MDB dövlətlərində, eləcə də Rusiyada fəaliyyət göstərir. Sözügedən fond həmin ölkələrdə vətəndaşlara yüngül şərtlərlə mənzilə sahib olmaq imkanı verir. Azərbaycanda sosial mənzil fondunun yaradılması üçün maliyyə imkanları qonşu ölkələr ilə müqayisədə daha yüksəkdir. Dövlət büdcəsindən ildə 200 milyon vəsaitin ayrılması gənclərin mərhələli şəkildə mənzillə təmin edilməsinə imkan yaradar. Bu vəsait mənzil bazarının rentabelliyinin qorunması baxımından da təhlükəsizdir. Torpaq sahələri dövlət tərəfindən təmin edilən belə mənzillərin kvadrat metrinin 250 manata başa gələcəyi proqnozlaşdırılır. Hazırda Bakıda 1 kvadarat metr “malaaltı” 210 manata başa gəlir, 40 manat isə yaşamaq üçün ilkin şəraitin yaradılmasına - divarın ağardılmasına, döşməyə örtük çəkilməsinə və sanitariya qovşağının işə salınmasına gedir. Əgər sovet illərindəki kimi yığcam, yəni təxminən 50 kvadratmetrlik mənzillər inşa edilərsə, bu, ildə 16 min yeni mənzil deməkdir. 20 ilə verilən 50 kvadratlıq mənzil üçün ailə ayda maksimum 80 manat ödəməli olar. Dövlət sosial mənzil fondu üçün yeri pulsuz ayrır, tikinti şirkətlərini isə tender əsasında seçir”. V.Bayramov sözügedən məsələnin başqa əlverişli tərəflərini də açıqlayıb: “Birincisi, indi xərclənən vəsaitlər 20 il ərzində dövlət büdcəsinə qayıdacaq və bu, indiki yüksək gəlirlərdən gələcək nəsillərin də istifadə etməsinə imkan yaradacaq. İkincisi, mənzil bazarında qiymət artımlarının qarşısı alınır. Bu da hətta sosial mənzil fondundan istifadəyə etməyənlərə də əlverişli qiymətlər ilə mənzil almaq imkanı verir. Üçüncüsü, bu aztəminatlı aiələri yüksək kirayə haqları ödəməkdən azad edəcək, eyni zamanda, kirayə bazarında qiymətləri stabilləşdirəcək. Dövlət sifarişləri əsasında mənzil tikintisi regionların proporsional inkişafını təmin edə bilər. Çünki belə fondlar sadəcə paytaxtda deyil, eləcə də regionlarda da formalaşdırılacaq. Beləliklə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə sosial mənzil fondunun formalaşdırılması kimi kifayət qədər əhəmiyyətli sosial layihəyə start verilir. Bu məsələ ilə məşğul olan Maliyyə Nazirliyi bir müddətdən sonra dövlət başçısına hesabat verəcək. Deməli, tezliklə Azərbaycanda sosial evlərə sahib olmaq mümkün olacaq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar