YAP və Prezident Administrasiyası könüllülərin paradına niyə dəstək verməyib?
Avropa Oyunları könüllülərinin keçirdiyi paradın uğursuz alınması hakimiyyət düşərgəsində ciddi müzakirələrə yol açıb. Hakimiyyətdaxili mənbələrdən redaksiyamıza sızan məlumatlarda bildirilir ki, müzakirələr zamanı paradın uğursuz alınmasının səbəbi ki, YAP-dan və Prezident Administrasiyasından tədbirə ciddi dəstək verilməməsi göstərilir.
Bəzi iddialara görə, məsələnin kökündə yenə də hakimiyyətdəki iki əsas qruplaşmanın - Paşayevlərlə Naxçıvan klanının üz-üzə gəlməsi dayanır. Məlumat üçün deyək ki, Avropa Oyunları Paşayevlərin təbliğatı üzərində qurulmuşdu. Bu tədbirin təşkilatçılığı da məhz bu qruplaşmaya daxil olan məmurlara tapşırılmışdı. Oyunlar bitəndən sonra könüllülərin paradının keçirilməsi isə təbliğatın piki olmalı idi. Paradda Ilham Əliyevin iştirakı da gözlənilirdi. Lakin tədbir uğurlu alınmadığına görə, ölkə başçısının ora qatılması məqsədəuyğun sayılmayıb.
Ehtimallara görə, YAP və Prezident Administrasiyasının tədbirə həvəssis yanaşması bundan əvvəl Ilham Əliyevin qızı Leyla Əliyevanın parlament seçkilərində hakim partiyanın namizədi olması barədə təklifin qarşı tərəfdən rədd edilməsilə bağlıdır. Bu təklif Naxçıvan qruplaşmasının Paşayevlərə jesti kimi qiymətləndirilirdi. Lakin əks tərəf bu jesti dəyərləndirmədi.