Azərbaycanda bazar iqtisadiyyatının təkmilləşməsi müxtəlif şirkətlər arasında ciddi rəqabətin yaranmasına səbəb olub. Amma bu rəqabət bəzi hallarda müəyyən dairələrin tapşırığı nəticəsində çirkin, haqsız rəqabətə çevrilir.
Belə ki, bütün dünyada “Coca-Cola” və “Pepsi” şirkətlərinin alkoqolsuz içki istehsalına görə lider olduqları hər kəsə məlumdur. Müstəqillik qazandıqdan sonra beynəlxalq şirkətlərin Azərbaycanda fəaliyyətinə şərait yaranan kimi bu istehsalçılar da ölkə bazarına daxil olub.
Ötən vaxt ərzində “Coca-Cola” alkoqolsuz içkilər üzrə dünya lideri olduğunu Azərbaycanda da sübut edib. Belə ki, əgər “Coca-Cola”nın Azərbaycanda illik dövriyyəsi təxminən 200 milyon manat təşkil edirsə, “Pepsi”nin dövriyyəsi 30 milyon manata qədərdir.
Lakin, “Pepsi” havadarları artıq neçə ildir ki, yay mövsümündə ticarət obyektlərinə hədə qorxu gəlməklə, müxtəlif təsir rıçaqlarından istifadə etməklə “Coca-Cola”nı satış rəflərindən çıxartdırır. Nəzərə alsaq ki, sərinləşdirici içki istehsalçısı üçün yay mövsümü xüsusi əhəmiyyətə malikdir, onda nədən hər il məhz bu dövrdə “Pepsi” funksionerlərinin “işə keçməsi” səbəbi məlum olur. Əldə etdiyimiz məlumatlarda bir çox supermarket şəbəkələrindən artıq “Coca-Cola”nın soyuducularının götürüldüyü bildirilir.
Bu “qadağa” “Coca-Cola”nın satış təmsilçilərinin işini xeyli çətinə salıb. Şirkətin redaksiyamıza müraciət edən satış təmsilçiləri qeyd ediblər ki, qeyri iqtisadi əsaslarla çalışan rəqibləri onların bütün planlaşdırılan satışlarına sipər çəkir. Bu da həmin satış təmsilçilərinin üzərinə düşən ticarət həcminin yerinə yetirilməməsinə və əmək haqqlarında böyük kəsirlərin yaranmasına səbəb olacaq.
Redaksiyamız tərəfindən bu məsələnin aydınlaşdırılması üçün aparılan xırda araşdırma bütün suallara cavab verib. Belə ki, “Coca-Cola” Azərbaycan bazarına sırf ABŞ şirkəti kimi daxil olub və fəaliyyəti də dünyanın bütün ölkələrindəki kimi qurulub. “Pepsi”nin istehsal lisenziyası isə Azərbaycanın ərzaq bazarında çox böyük paya sahib olan “Gilan Holdinq”ə məxsus “Benkons MMC”yə aiddir. Bu şirkət ölkəyə idxal olunan əksər ərzaq mallarının gətirilməsi və satışı monopoliyasına malikdir, Azərbaycanın daxili ərzaq məhsulları bazarında xüsusi çəkisi var.
İllərdir “Coca-Cola”nı alkolqolsuz içki bazarından sağlam rəqabətlə sıxışdırmağın mümkün olmadığını görən “Gilan qrup” artıq taktikasını dəyişərək onu satış bazarından çıxarmağa çalışır. Aydın məsələdir ki, “Coca-Cola”dan imtina etməyən ticarət markaları ölkəyə mal gətirərkən gömrük orqanları tərəfindən də sıxışdırılır, əlavə rüsumlar ödəməli olurlar.
Göründüyü kimi, “Gilan Holdinq” və arxasında dayanan havadarlar “Coca-Cola”nı Azərbaycan bazarından çıxara bilməsələr də, xüsusi mövsümlərdə bu şirkəti hərtərəfli blokadaya alaraq öz məhsullarını satmaqda qərarlıdır.
Yenilik.Az