Bağlanan avtobus xətləri nə vaxt açılacaq?

22-07-2015, 11:22   
Müşfiqabad qəsəbəsinin sakinləri Avropa Oyunlarına görə bağlanmış olan marşrut xətlərinin açılmasını tələb edirlər.


Bu barədə onlar “Qafqazinfo”ya müraciət edib. Qeyd edirlər ki, oyunlar keçirilənə kimi 114 saylı avtobus 20 Yanvardan Müşfiqabad qəsəbəsinə, 151 saylı marşrut isə Nübar qəsəbəsinə kimi işləyirdi: “Oyunlar müddətində adları çəkilən marşrutların son dayanacaq yeri Avtovağzal oldu. Bu bizim həm cibimizə, həm də vaxtımıza ziyan idi. Oyunlar müddətində bunu başa düşdük. Amma indi Oyunların bitməsindən bir neçə gün keçməsinə baxmayaraq marşutların əvvəlki istiqaməti bərpa edilməyib. Biz bundan əziyyət çəkirik”.

Sakinlər bundan əlavə, 20 Yanvar metrosuna yaxın ərazidə istirahət günləri təşkil edilən yarmarkaların hələ də fəaliyyətinin bərpa edilməməsindən narazıdır: “Avropa Oyunlarına görə yarmarkanı da bağladılar, hələ də açılmır. Biz məcbur olub bazarlığı marketlərdən edirik. Bu da bizə baha başa gəlir. Biz hər iki probleminin tez bir zamanda həll edilməsini xahiş edirik”.

“Qafqazinfo” sözügedən şikayətlə bağlı Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin rəsmisi Vüqar İbrahimli ilə əlaqə saxlayıb. O bildirib ki, bağlanan və istiqaməti dəyişdirilən marşrut xətlərinin əvvəlki fəaliyyətinin nə zaman bərpa edəcəyi hələ ki bəlli deyil: “Aidiyyatı qurumlar məsələ üzərində işləyirlər. Amma hələ ki dəqiq tarix yoxdur. İkimərtəbəli avtobusların da xəttə buraxılması məsələsi müzakirə olunduğundan problemin həlli gecikir”.

Günel Türksoy


“Qafqazinfo”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar