Yaxud, tapşırıqlara əməl etmək ayrı-seçkiliyi
Hər dəfə ölkə başçısının geniş iclaslarından sonra müəyyən müzakirələr aparılır, ümid yaranır və bir müddətdən sonra ümidlər puça çıxır. Bu mənada ölkə başçısının sonuncu müşavirəsi daha genişmiqyaslı oldu və xeyli həssas məqamlara toxunuldu. Xeyli adamlar bu qərar gəldilər ki, AZAL-ın biletlərindən tutmuş, turizmin inkişafına qədəra xeyli sahələrdə yumşalmalar olacaq. Artıq bu müşavirə öz “bəhrə”sini verməkdədir.
AZAL analoqu olmayan islahatlar apararaq cəmi dörd ölkəyə bilet qiymətlərini azaltdı. Əvəzində isə 5 kilodan artıq yük aparanlara “sürpriz” elədi. Deməli, bilet qiymətlərinin əvəzini yükdaşıma ilə sığortaladı. Əslində müşavirədən əvvəlki vəziyyət daha sərfəli idi.
Amma məsələ təkcə AZAL-la da bitmir. Sahibkarlara çağırış edən, hotellərin qiymətinin baha olmasından danışan, keyfiyyətsiz dərmanlardan şikayətlənən ölkə başçısı 10 gündən sonra hansı hesabatları alıb? Ümumiyyətlə, bu tapşırıqların icrası ilə kim məşğul olur? Hələ də hotellər baha olaraq qalır, dərman preparatlarında vəziyyət eynidir, sahibkarlar ənənəvi vəziyyətlə üz-üzə qalıblar. Əslində, prezidentin sahibkarlardan qiymətləri qaldırmamağı tələb etməsi, aptekləri məsuliyyətli olmağa çağırması, turizm sektorunda fəaliyyət göstərənlərə barmaq silkələməsi də anormaldı. Çünki, bu adamlardan tələb etmək üçün əvvəlcə şərait yaratmaq lazımdır. Ölkəyə gətirilən bütün məhsullar məmurların inhisarındadırsa, turizm obyektlərinə ağır vergilər tətbiq edilirsə, dərman monopolistləri aptekləri keyfiyyətsiz dərman satmaq məcburiyyətində qoyursa, bunun səbəbini yuxarı mərtəbədə axtarmaq lazımdır. Hələ bugünə qədər Əliyevin müşavirələrindən sonra nəzərə çarpan dəyişiklik müşahidə olunmayıb. Niyə onun tapşırıqlarına əməl edilmir? Niyə AzTV-də gündə 8 dəfə yayımlanan müşavirədən dərs çıxaran yoxdur. Axı bu adamı niyə eşitmirlər?
Əvvəla qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin birinci yarımilinə həsr olunmuş mətbuat konfransı keçirib. Kamran Əliyev konfransda bir sıra maraqlı açıqlamalar verib. Idarə rəisi bildirib ki, kənd təsərrüfatı, səhiyyə və təhsil sahələrində korrupsiya faktları daha çoxdur. Eyni zamanda Hesablama Palatası da hər il hesabatını açıqlayır və məlum olur ki, bütün sahələrdə milyonluq korrupsiya faktları aşkarlanıb.
Amma bu yüksək səviyyəli korrupsiya faktlarına görə hansısa yüksək post tutanların cəzalandırılması müşahidə olunmur. Yəni bu faktları hansısa müxalifət qəzeti yazmır. Hökumətin aidiyyəti orqanları təsdiqləyir ki, bu sahələrdə korrupsiya cinayətləri hökm sürür. Amma Ilham Əliyev odu söndürüb külü ilə oynamağı üstün tutur.
Digər tərəfdən, bu ölkədə monopoliyaların, iri biznes şəbəkələrinin bir ucu da hakim ailəyə uzanır. Bugünə qədər hakim ailə ilə bağlı 10-larla araşdırma ortaya qoyulub və məlum olub ki, bank sektorundan tutmuş, dərman şəbəkəsinə qədər bütün sahələr ailənin nəzarətindədir. Həm də bu faktlar heç vaxt rəsmi şəkildə təkzib olunmayıb. Yəni sistem özü korrupsiya və qeyri-şəffaflıq üzərində qurulduğu üçün heç bir sərəncam, tapşırıq əməli nəticə vermir.
Amma bir istisna var. Diqqət etmisizsə vətəndaşın zərərinə olan bütün sərəncamlar dərhal həyata keçirilir. Məsələn, qiymətlərin artırılması, gömrük sistemində məhdudiyyətlər, QHT sektorunun çökdürülməsi, azad mətbuatın sıradan çıxarılması kimi tapşırıqlar dərhal yerinə yetirilir. Yaxud prezidentin müxalifəti “antimilli ünsür” adlandırması kifayət edir ki, bütün ölkə boyu repressiyalar həyata keçirilsin. Fevral ayında manatın devalvasiyası baş verdi və bir gecənin içində sadə vətəndaşa 2.2 milyard zərər dəydi. Amma Konstitusiya Məhkəməsi dərhal vətəndaşın zərərinə qərar qəbul etdi. Çünki, başdan gələn tapşırıq bunu nəzərdə tuturdu.
Göründüyü kimi, tapşırıqlara əməletmə göstəricisi də dəyişkəndir. Yəni prezidentin tapşırıqlarını yerinə yetirmək məsələsində məqsədli ayrı-seçkilik var. Normal ölkədə məlum müşavirədən sonra sıçrayış baş verməli və dəyişikliyin simptomları hiss edilməliydi. Amma AZAL-ın timsalında da aydın oldu ki, müşavirədə səslənən fikirlər daxili auditoriyaya hesablanıb. Yenə də 10-cu dərəcəli hansısa şəxsi həbs edəcəklər, 5-ci dərəcəli turizm obyektinin sahibini sıradan çıxaracaqlar, ucqar yerdə fəaliyyət göstərən aptekə töhmət verəcəklər və bu məsələ yekunlaşacaq. AzTV sübut etməyə çalışacaq ki, sahibkarlardan əlavə pul alınmır, 1-2 sahibkarı məcbur edəcəklər ki, bunu təsdiqləsin və missiya tamamlanacaq.
Bir sözlə, Əliyevin sonuncu müşavirədə dediklərini zarafat kimi qəbul edin. Əsas odur ki, bir az ümidləndiniz, təsəlli tapdınız.
Azad