Etibar Əliyev: “Özəl ali məktəblərə çox böyük zərbə dəyəcək”
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il ali məktəblərə qəbul olunmaq üçün tələb olunan keçid ballarını 200-dən aşağı salmayıb. Bildirilir ki, bu, qurumun öz istəyi ilə baş verməyib. Bu qərarın verilməsində təhsil naziri Mikayıl Cabbarovun təsiri var. Belə ki, nazir 200-dən az bal toplayan abituriyentlərin tələbə olması fikrinə qarşı çıxıb. Yəni bildirilib ki, 200-dən aşağı bal yığan abituriyentlə təhsil qurmaq olmaz. Bunun isə iki qurum arasında yeni bir qovğanın yaranması üçün əsas olacağı ehtimal edilir.
Bəzi ekspertlər bildirirlər ki, bu qərar 200-dən az bal toplayan abituriyentlər üzərindən “bazarlıq” etməyə çalışan qüvvələrin də narazılığına səbəb olub. Bəzi qüvvələr bu qərardan narazıdırlar. Üstəlik, 200-dən aşağı balla bağlı verilən qərar özəl ali məktəblərin də narazılığına səbəb olub. Çünki həmin məktəblərin tələbə yerlərinin əksəriyyəti boş qalacaq.
“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, fəlsəfə doktoru Etibar Əliyev isə məsələ ilə bağlı musavat.com-a bildirib ki, əvvəlki illərdən fərqli olaraq bu il keçid ballarının aşağı salınmaması bir sıra məsələlərə aydınlıq gətirir: “Ötən tədris ilində I, II və III ixtisas qruplarında keçid balları 150-yə salınmışdı. Bu il isə belə deyək ki, standartlaşdırdılar. Bütün ixtisas qrupları üzrə keçid balları 200 bal müəyyənləşdirildi. Hesab edirəm ki, bu, Təhsil Nazirliyi ilə TQDK arasında razılaşma əsasında baş verib.
TQDK öz müstəqilliyini qoruyub saxlayan bir qurumdur. Müəyyən tədqiqatlar və statistik təhlillərdən sonra TQDK öz qərarını açıqlayır. Və bu qərarlar daha çox cəmiyyətin xeyrinə işləyir. Ancaq Təhsil Nazirliyinin konkret bununla bağlı tövsiyə və təklifləri də istisna deyil. Çünki bir çox ali məktəblərdə artıq 150-200 balla daxil olanları oxutmaq və yaxud da onları mütəxəssis kimi hazırlamaq məsələsi çox böyük problemlər yaradır.
Burada ən ciddi faktor özəl ali məktəblərlə bağlıdır. Özəl ali məktəblərə çox böyük zərbə dəyəcək. Çox ehtimal ki, bir çox özəl ali məktəblərin ixtisaslarının yarıdan çoxu boş qalacaq. Bu faktoru bir neçə dövlət ali məktəbinə də aid etmək olar. Nazirlər Kabineti tərəfindən özəl və dövlət ali məktəblərinə qəbul planı artıq təsdiqlənib.
Bir çox özəl və dövlət ali məktəbləri ümidli idilər ki, keçid balları 150-yə salına bilər. Ancaq bu baş vermədi. Hər halda, keçid ballarının 200-də saxlanılması müəyyən razılaşmalar əsasında baş verib. Bu həm də bir sıra ali məktəblərin ixtisaslarının bağlanması, yaxud birləşdirilməsinə gətirib çıxara bilər. Artıq kadr hazırlığında kəmiyyət göstəricilərini arxa plana çəkmək lazımdır. Orta təhsilin keyfiyyəti artdıqca keçid ballarını da yüksəltmək lazımdır”.
Məsələ ilə bağlı TQDK-dan bildirilib ki, keçid ballarının 200-dən başlanması əvvəlcədən müəyyən olunmuşdu. İmtahanlardan sonra da balları aşağı endirməyə ehtiyac qalmayıb. Səbəb kifayət qədər müsabiqə şəraitinin olmasıdır.
Qeyd edək ki, TQDK ilə Təhsil Nazirliyi arasında uzun illər davam edən “savaş” Mikayıl Cabbarov nazir təyin edildikdən sonra səngimişdi...
Röya RƏFİYEVA