İlham Mirzəyev kimlərdən pul almışdısa, geri qaytarıb. Əgər dəymiş zərər ödənilibsə, onun barəsində həbs qərarı dəyişməlidir. Bu sözləri Axar.az-a dələduzluğa görə həbs edilmiş teleaparıcı, ekstrasens İlham Mirzəyevin vəkili deyib. Vəkil İkram Abdullayevin sözlərinə görə, Bakı Apelyasiya Məhkəməsi həbs qərarını qüvvədə saxlayıb və bu qərardaddan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək. Uzun müddətdir müvəkkili ilə görüşmədiyini, onun hansı cəzaçəkmə müəssisəsində saxlanmasından məlumatsız olduğunu bildirən vəkil İ.Mirzəyevin “İlhamed” klinikasının və digər əmlaklarının müsadirə edilmədiyini də vurğuladı: “O əmlaklarını dələduzluqla ələ keçirməyib ki, müsadirə olunsun. Bundan əlavə, bir nəfərin verdiyi 3000 manatı artıq qaytarıb, o cümlədən bir qadının oğlu və gəlini üçün verdiyi 1250 manatı da ödəyib. Bu halda Bakı Apelyasiya Məhkəməsində Mirzəyevə bəraət verilməsi haqda vəsatət qaldırmışdıq, amma təmin olunmadı. Əgər dəymiş zərər ödənilibsə, onun həbsdə qalmasında məhkəmə maraqlı olmamalıdır”. Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İ.Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.