Dəhşətli qəza törədən “Rənc Rover”in sahibi bilindi - Video
4-08-2015, 13:38
Avqustun 2-si Bilgəh-Nardaran yolunda baş verən dəhşətli zəncirvari yol qəzasını törədən sürücünün kimliyi müəyyən olunub. Axar.az-ın ilk olaraq yaydığı bu məlumatla bağlı aydınlaşıb ki, "Rənc Rover" markalı 90 KX 010 nömrə nişanlı avtomobilin sürücüsü peşəkar idmançı, taekvondo üzrə beynəlxalq yarışların qalibi Fəqan Umudovdur. Bəzi xəbərlərdə sürücünün məmur övladı olduğu və qaçıb gizləndiyi deyilirdi. Baku.ws isə yazıb ki, F.Umudov - Taekvando Federasiyasında kurator vəzifəsində çalışır, hadisə yerindən qaçmayıb. Taekvando üzrə Gənclərdən ibarət Yığma Komandanın baş məşqçisi Mamed Abdullayev bildirib ki, F.Umudov əslində, deyildiyi kimi avtomobili 200 ilə yox, 140-150 km sürətlə sürürmüş. “Bu qəza hamının başına gələ bilər. Qəflətən idarəetməni itirib və qəza baş verib. Hadisə zamanı Fəqan başından ağır yaralanıb. Lakin hadisə yerindən qaçmayıb. Kimliyi barədə polisə məlumat verib və sonradan onu xəstəxanaya aparmışıq. Hadisə barədə xəbər tutan kimi oraya ilk mən getdim. Şəxsən özüm onu xəstəxanaya aparmışam. Əslində, Fəqan məmur övladı deyil. Azərbaycanı tanıdan idmançıdır. Mən həm öz adımdan, həm də federasiya adından qəzada həlak olanların ailələrinə başsağlığı verirəm", - deyə M.Abdullayev bildirib. Hadisəni araşdıran müstəntiq Asəf Məmmədovun verdiyi məlumata görə, F.Umudov 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Şöbənin müdiri Əmrəli Yusifovun bildirdiyinə görə, xəstə daxil olarkən çox ağır vəziyyətdə imiş. Komada olduğu üçün dərhal süni nəfəs aparatına qoşulub: “Xəstə dünən özünə gəlib. Bacardığımızı etdik. Hazırda xəstənin həyatı üçün təhlükə sovuşub”. Qeyd edək ki, "Rənc Rover" markalı 90 KX 010 nömrə nişanlı avtomobildə olan sərnişinlər də ağır yaralanıblar. Qəza zamanı iki azyaşlı əkiz bacılar - Xədicə və Zəhra Hüseynəli və onların qardaşı 11 yaşlı Hüseyn Hüseynəli, eləcə də digər sərnişin Ziya Zahidov 3 saylı Sabunçu rayon Xəstəxanasına göndəriliblər. Həkimlərin səyinə baxmayaraq, Hüseyn Hüseynəlinin həyatını xilas etmək mümkün olmayıb. Qəza zamanı "Zaporojets" markalı avtomobilin sürücüsü, 1959-cu il təvəllüdlü Ağabala Baba oğlu Hüseynov isə yanaraq ölüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.