Qalmaqal: rusiyalı deputat Ərdoğanı təhqir etdi

5-08-2015, 17:58   
Qalmaqal: rusiyalı deputat Ərdoğanı təhqir etdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Kuala-Lumpurda ASEAN-ın tədbiri çərçivəsində türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb ikitərəfli münasibətləri müzakirə etdiyi anlarda Rusiyada iki ölkənin münasibətlərinə xələl gətirə biləcək qalmaqal yaşandı.

Belə ki, Sankt-Peterburq qanunverici məclisinin üzvü Vadim Milonov avqustun 1-2-də Türkiyənin paytaxtı Ankarada keçirilən Krım Tatarlarının II Ümumdünya Konqresinin iştirakçılarını təhqir edib. Özü də təkcə onları yox, paralel olaraq həm də Krım tatarlarının nümayəndələrinə öz ölkələrində yer verən türkləri də...

Özü də rusiyalı deputat türklərin ünvanına təhqirlər yağdıranda heç də “xəsislik” etməyib, bütün epitetlərdən yararlanıb.

Virtualaz.org saytı xəbər verir ki, Krım tatarlarının konqresində Türkiyənin rəsmi şəxsləri və kifayət qədər yüksək rütbəli məmurları da iştirak edib. Onların arasında baş nazirin müavini Numan Kurtulmuş, parlament sədrinin müavini Naci Bostancı, habelə Ukraynanın xarici işlər naziri Pavel Klimkin də olub.

Rusiyalı parlamentar isə (kiçikkalibrli olsa da) öz Twitter səhifəsində bunları yazıb: “Krım tatarlarının Türkiyədəki qurultayına yığışan bu bomjlar kimlərdir belə? Atatürkün böyük ideyaları bir milyon yarım ermənini qıran adamların nəvələrinə yenə də rahatlıq vermirmi? Nədir, yoxsa rusların Türkiyəyə turist səfərlərini ləğv etsək, Ərdoğan daha da yumşalıb xeyirxahmı olacaq? Faşist Atatürkün davamçısı, erməni qatillərinin nəvəsi...”

Vadim Milonov

Əlbəttə, Milonovun məntiqini anlamaq çətindir. O, Krım tatarlarının konqresi ilə uzaq keçmişdə baş vermiş və ermənilərlə bağlı hadisə arasında hansı əlaqəni tapıb?

Bu sualın cavabı piterli deputatın özünün şəxsiyyətində gizlənir. Məsələ burasındadır ki, Milonov Rusiya Erməniləri İttifaqının maraqlarının lobbiçiliyi ilə məşğul olması ilə çoxdan məşhurdur. Özü də bunu təbii ki, quru “sağ ol”a görə etmir. Bu fəaliyyətinə görə pis qazanmır. Elə həmin pulların sayəsində də “erməni soyqırımı” layihəsini Sankt-Peterburq Qanunverici Məclisində qəbul etdirməyə dəfələrlə səy göstərib.

Erməni diasporu Milonovu təsadüfən seçməyib. Milonov həm Ermənistanda, həm də erməni diasporu arasında yaxşı tanınır. Belə ki, o, yaxın tarixin ən qatı ermənipərəst siyasi xadimlərindən olan Qalina Starovoytovanın əsas köməkçisi olub. “Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi” ideyasının müəllif və tərəfdarlarından olan Starovoytova artıq çoxdandır həyatda olmasa da onun ermənipərəst təbliğatının davamçıları erməni diasporunun kursunu davam etdirməkdədir. Bu isə Türkiyəyə qarşı yönələn siyasətin tərkib hissəsidir.

Bu mənada rusiyalı deputatın son açıqlaması aydın məsələdir ki, Rusiya ilə Türkiyə arasında siyasi-diplomatik münasibətlərdə gərginlik yarada bilən proseslərə vəsilə ola bilər.

Rəsmi Ankara xarici siyasətçilərin və ictimai xadimlərin “erməni genosidi” ilə bağlı ermənipərəst mövqeyinə həmişə çox kəskin reaksiya verib. Rusiyalı deputatın son açıqlamasında isə söhbət hər hansı birtərəfli və emosional rəydən, fikirdən yox, Türkiyə hökumətinin, şəxsən prezident Ərdoğanın ünvanına açıq təhqirlərin səslənməsindən gedir.

Yəqin ki, ən azı Türkiyə XİN-i yaxın zamanlarda etiraz bəyanatı ilə çıxış edərək Rusiya-Türkiyə münasibətlərinin strateji əhəmiyyətini anlamayan rusiyalı parlamentarın bu qeyri-etik çıxışına münasibətini bildirəcək.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar