Türkiyədə koalisyon hökumətin qurulması üçün həftələrdir davam edən görüş və müzakirələr nəticəsiz qaldı. Baş nazir Əhməd Davudoğlu ötən dövr ərzində, konkret olaraq iyulun 9-dan (hökuməti qurmaq vəzifəsini üzərinə götürəndən) bəri görüşdüyü partiyaların heç biri ilə ortaq məxrəcə gələ bilmədi.
Türkiyənin 63-cü hökumətini qurmağa məsul olan baş nazirin təklifləri qarşı tərəfi, seçkidə yaxşı səs yığmış partiyaların tələbləri isə AKP-ni qane etmədi.
Əslində bu təmasların heç bir nəticə verməyəcəyini əvvəldən Türkiyə mətbuatı da, elə dünya mediası da proqnozlaşdırmışdı. Əsas arqument kimi də o göstərilirdi ki, 7 iyun seçkisində təkbaşına iqtidar olmaq şansını itirən prezident Rəcəb Tayyib Ərdoğan bu «məğlubiyyətlə» heç cür barışmayacaq və təkrar seçkiyə gedib AKP-nin əvvəlki güc və səlahiyyətini bərpa etməyə çalışacaq. Hələ ki proqnozlar özünü doğruldur. Elə proseslərin gedişi də göstərir ki, Ərdoğan məlum plana uyğun olaraq təkrar seçkiyə gedir.
Avqustun 17-də son şansından istifadə edib MHP ilə görüşən, amma bu dəfə də koalisyon hökumətlə bağlı anlaşmaya vara bilməyən baş nazir Əhməd Davudoğlunun yeni hökuməti qurmaq missiyası elə həmin gün başa çatdı. Artıq Davudoğlu bu missiyanı Ərdoğana təhvil verməli idi. MHP ilə görüşdən dərhal sonra CHP-dən Davudoğluna hökuməti qurmaq vəzifəsini ən qısa zamanda Ərdoğana təhvil verməklə bağlı çağırış gəldi. Davudoğlu da Ərdoğanla görüşüb vəzifəni təhvil verəcəyini bildirdi. Bütün diqqətlərin yönəldiyi bu görüş dünən Ərdoğanın əsas iqamətgahı olan Prezident Külliyəsində baş tutdu. Axşam saatlarında başlayan təhvil-təslim görüşü 1 saat 15 dəqiqə çəkdi. Və görüşün nəticəsi olaraq baş nazir Davudoğlu hökuməti qurmaq vəzifəsini prezident Ərdoğana təhvil verdi.
Bundan sonra Ərdoğanın iki seçimi var. Ya təhvil aldığı vəzifəni seçkidə AKP-dən sonra ən çox səs toplamış partiyaya – CHP-yə həvalə etməlidir, ya da özünün quracağı seçim hökumətini gündəmə gətirməlidir.
Birinci variantda vəzifə CHP başqanı Kamal Kılıçdaroğluna ötürüləcək və o da ilk olaraq MHP ilə danışıqlara gedəcək. Belə ki, Kılıçdaroğlu məhdud zaman üçün CHP azlıq hökumətinin qurulmasına MHP-dən dəstək istəyəcək. MHP ilə alınmasa, oxşar təkliflə HDP-yə müraciət olunacaq. Əgər seçkiyə qədər davam edəcək CHP azlıq hökuməti qurulsa, hökumətdə yalnız CHP-çi nazirlər yer alacaq.
Yox, əgər ikinci varianta - seçim hökumətinə gedilərsə, parlamentdə təmsil olunan bütün siyasi partiyalar hökumətə deputatlarının sayı qədər üzv verəcəklər. MHP belə bir hökumətdə yer almayacağını əvvəldən açıqlayıb. Bu o deməkdir ki, seçim hökuməti qurularsa, orada AKP, CHP və HDP təmsil olunacaq.
Ərdoğanın bu variantlardan hansısa üstünlük verəcəyi isə tezliklə məlum olacaq.
Gültəkin