Seth, Abzu, Apep, Zohak, Nidheqq, Lilit, Naama, Mahalat, İqrat, Hekata, Likaniya, Persefona, Hel, Ereşkiqal, Kali, Bafomet, Sehmet və Vampiriya…
Bu qəribə, dolaşıq adlar oxucuya heç bir məna ifadə etməyə bilər. Amma onlar dünyanın ən qapalı, sirr dolu, bu günə kimi də barəsində səhih informasiyalar olmayan varlıqları - satanistlərin İblisin köməkçilərinə etdiyi çağırışlardır.
“Aeterna Majestas”
Döşəməyə beşgüşəli “Tiamat” ulduzu çəkilir; onun künclərindən hər birinə şam qoyulub yandırılır, sonra “Bafomet” nişanı və ya “Trapezoid” qoyulmuş yuxarı küncə doğru çevrilən satanistlər əllərini yanına salıb başını əyir, “Aeterna Majestas”, yəni “Əbədi hökmdar” kəlmələriylə başlanan “İblis duası” oxumağa başlayırlar. Bu, İblisə sitayiş edənlərin ibadətidir…
Onlar hər yerdə var - dünyanın, o cümlədən Azərbaycan da daxil olmaqla, hər bir ölkəsində satanistlər gizli təbliğat aparmaqdadırlar.
Bu cərəyana qoşulanların üsyankarlığı, ətraf mühitə nifrəti, cəmiyyətdən özünü təcrid etməsi, hər şeyə qarşı inkarçılığı, özləri haqda gizliliyi qoruyub saxlaması satanizmin sirr pərdəsini çılpaqlığı ilə açmağa imkan vermir.
İt-pişik başı kəsmək varmı?
Azərbaycanlı satanistlər 666 kodu ilə bağlı təhtəlşüurda həkk olunmuş fobiyaya qarşıdırlar. Bu haqda məqalələrin birində Bakıda yaşayan satanistlərin fikirləri yer alıb:
“666 rəqəmi Qədim Roma imperatoru Neronun qədim yəhudi gematriyası ilə qısaldılmış adıdır. 666 bizim ən adi rəqəmdir. Amma insanlar o rəqəmi İblis sayı hesab edirlərsə, qoy elə olsun: kimsəni fikrindən döndərmək niyyətində deyilik”.
Postsovet məkanında satanistlərin ən çox yayıldığı ölkələr Rusiya, Ukrayna, Qazaxıstan və Litvadır. Azərbaycanda onların sayı qonşu Gürcüstan və Ermənistanla müqayisədə dəfələrlə azdır.
Rusiyadakı satanistlərin "Qara Alov Ordeni" təşkilatının Sibir üzrə rəhbəri olan Rəşad Hümbətovun 2010-cu ildə verdiyi müsahibədən bir abzasa diqqət yetirək:
“1996-2000-ci illər bizim üçün ən yaxşı dönəmlər idi. O zaman Bakıda 200-ə yaxın satanistin olduğu deyilirdi ki, həmin adamların təxminən 100 nəfərini şəxsən tanıyırdım.
Nə qəbirləri dağıdır, nə gecələr adamlara hücumlar edir, nə də ayinlərimizdə pişik və ya it başı kəsib qanlarını üstümüzə yaxırdıq. Bütün bunlar biz satanistlər və ümumiyyətlə, satanizm barədə geniş yayılan, amma yalan təsəvvürlərdir.
Cəmiyyət üçün əsla təhlükəli deyillər. Bu adamlar yalnız ənənəvi dinlərdən üz döndərən və İblisə üz tutaraq Bafamet nişanı gəzdirən kəslərdi”.
Bakıdakı emo şəbəkəsi
Satanizmin bir qolu - emotizmin Azərbaycanda geniş şəbəkəyə malik olduğu bəllidir. Satanizmin ən geniş təşəkkil tapdığı ölkə isə Norveçdir. Satanist düşüncəsinə görə intihar məşhur olmağın əsas açarıdır.
Onlara inansaq, artıq 2012-ci ilin dekabrın 23-dən onlar bütün dinlərə qarşı müqəddəs müharibəyə başlayıblar. Müharibə 2100-cü ildə Şeytanın zəfəri ilə başa çatacaq.
Statistikaya əsasən, dünyada 500 mindən çox satanist yaşayır. Çağdaş satanizm 1966-cı ildə yaradılıb. Amerikalı Anton Şandor LaVey “İblis Kilsəsi”nin əsasını qoyduğunu bəyan edib.
Satanistlərin həyat kredosu…
Satanizmin qanunlarında bu müddəalar var: “Gücünü itirməmək üçün zəiflərə və acizlərə hörmət göstərmə. Daxilində uğur gizləndiyi üçün gücünü həmişə sına. Xoşbəxtliyi sülhdə deyil, qələbədə axtar.
Ölümünü görə bilməyəcəyin heç nəyi çox sevmə. Boyun əyməkdənsə, öl. Dəmirçiliyin ölüm qılıncı hazırlamaqdan başqa sənət dəyəri yoxdur. Yaşayanların qanı yeni toxum yaratmaq üçün gözəl gübrədir.
Soyuqqanlı (daşürəkli) başlardan təşkil olunmuş piramidalar üzərində dayanan adamlar daha uzaqları görə bilirlər. Sevgini bir kənara atma, amma onu həmişə təhdid et. Çünki o saxtakardır. Bütün möhtəşəmliklərin əsasında əzab durur.
Keçmişdəki əngəlləri məhv etmək üçün yeni və güclü qasırğa kimi ol. Gücə mane törətdiyinə görə sənin üçün dinindən, kimliyindən fərqi olmadan rədd et. Səni vuranı yox et! Sadə həyat yaşa, heyvan kimi ol! Günahları müdafiə et! Özünü əsla aldatma!”
666 dəfə bıçaqlayıb, ətini yeyiblər
Bu qeydlər heç də satanizmin bütün mahiyyətini açmağa kifayət etmir. Bu cərəyanı sandıq kimi eşdikcə qarmaqarışıq hekayələr, ideoloji xətlər, satanizmin müxtəlif qolları haqda ziddiyyətli məlumatlar meydana çıxır. Yalnız bilinən tərəfi budur - onlar adi adamlara yuxarıdan aşağı baxır, yəni bizi axmaq hesab edirlər.
Və 2008-ci ilin sentyabrında Rusiyanın Yaroslavl şəhərində 8 satanist 4 gənci tələyə saldıqdan sonra əl-qollarını bağlayıb, Volqa çayının sahilindəki mənzilə aparıblar.
Üçü qız, biri oğlan olan qurbanlarına zorla araq içirəndən sonra onların hər birini "Uca İblis"ə sitayiş ayinlərinə müvaviq olaraq 666 dəfə bıçaqlayıblar. Daha sonra isə evin yanındakı ağacın altında tonqal qalanıb.
Qətlə yetirilmiş gənclərin cəsədləri şaqqalanaraq tikələrə bölünüb və tonqalda bişirilərək yeyilib. Yaroslavl şəhər milisinin o vaxt yaydığı məlumata görə, tonqalın külləri arasında öldürülmüş gənclərin saçları tapılıb…