Hər gün intiharların, yanğınların, faciələrin şahidi oluruq. Artıq ölkənin hər yerində sosial-iqtisadi vəziyyətin ağırlığı çılpaq şəkildə görünür. Insanlar probemlərdən çıxış yolu tapa bilmirlər və nəticədə psixoloji gərginlik yaranır.
Insanlar əsəbi vəziyyətdə, affekt halında qərar qəbul edirlər. Bugünlərdə Bakıda banka borcu olan kişi qəzəbini polisdən çıxıb. O, borcuna görə əvvəl özünü öldürmək istəyib, sonra isə polisə od vurub.ÿMəlum olub ki, bir ay əvvəl Hacıqabul sakini, 36 yaşlı Niyaz Müzəffərovun “AzSamand” markalı avtomobilini “Nikoyl Bank” borca görə əlindən alıb.ÿHiddətlənən N.Müzəffərov isə içərisində benzin olan plastik qabla bankın Nəsimi rayonu, Puşkin küçəsi 30 ünvanında yerləşən binasına gəlib. Bankda xidmət aparan 22 yaşlı mühafizə polisi Elgün Əsədov onun qarşısını almaq istəyib. Polis serjantı N.Müzəffərovun əlində olan plastik qaba təpiklə vurduqda, benzin elə öz üzərinə dağılıb. N.Müzəffərov isə əlində olan alışqanı yandıraraq polis nəfərinin üstünə atıb. Polis yanmağa başlayıb.
Göründüyü kimi insanlar artıq əsəblərini cilovlaya bilmir, etiraz əlaməti olaraq ölümə meydan oxuyurlar. Artıq belə hallar ənənə halını almağa başlayıb və bu tendensiya yaxşı heç nə vəd etmir. Faciə burasındadır ki, hakimiyyət bu qədər hadisələrdən dərs çıxarmır, əməli addımlar atılmır. Əksinə, vətəndaş daha çox sıxılır, insanları intihara sürükləyən səbəblər daha da artır. Insanların bu aqressiyası axırda hakimiyyətin başında çartlayacaq. Bu gün bankda özünü yandıran adam, sabah bankı yandırmaq istəyəcək. Bu gün “Qaçqınkom”un qarşısında özünə od vuran adam, sabah “Qaçqınkom” binasını yandırmaq istəyəcək. Hakimiyyət xalqın problemlərinə biganə qaldıqca, insan ölümlərinə adi yanaşdıqca insanlar hakimiyyətə qarşı qəzəblənir. Bunun axırı qarşısıalınmaz sosial partlayışa çıxacaq.
Görünür Quba, Ismayıllı hadisələri bu hakimiyyəti silkələməyib. Hansıki, bu hadisələr ciddi bir siqnal idi və hakimiyyəti dərin analizlər aparmağa məcbur etməliydi. Xalq etirazının qarşısını milyardlar, polis dəyənəyi ala bilməz. Hüsnü Mübarəkin milyon yarım polisi var idi. Nəticə nə oldu?
Varlı ölkədə insanları çörəklə sınağa çəkmək daha təhlükəlidi. Çünki, vətəndaş bilir ki, hökumətdə təmsil olunanlar milyardlara sahibdilər. Bu yazı yazılan müddətdə bir nəfərin özünü yandırdığı, Mingəçevirdə bir gəncin polis idarəsində döyülərək öldürüldüyü və əhalinin etiraz aksiyasına qalxması xəbəri yayıldı.
Hakimiyyətin vətəndaşı bu qədər sıxması təbii ki, öz “bəhrə”sini verəcək. Statistik rəqəmlər də göstərir ki, ölkə hər gün biraz da uçuruma yuvarlanır.
Ayılın cənablar, siz bu siqnalı eşitmək istəmirsiz. Amma belə getsə bəla siqnalsız gələcək. O zaman “sizi eşidirik” deməyin, müşavirə keçirməyin mənası olmayacaq. Bu qədər ah-nalə səsinə biganə qalmaq olmaz.
Samir