Tələbə adını qazanmış gənclər təhsil haqqını ödəyə bilmədiyi üçün kənarda qalır
Dəfələrlə yazmışıq ki, hakimiyyətin yürütdüyü siyasət kütləvi savadsızlığa hesablanıb və təhsili məhv edir. Amma hakimiyyət özünü karlığa və korluğa vuraraq problemlərin yanından sakit keçir. Çünki, avtoritar bir rejim üçün savadlı insanların yetişməsi önəmli deyil.
Ali təhsil müəssisələrinə 1-ci mərhələdə qəbul olan şəxslərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatının müddəti uzadılıb. Tələbə adı qazanmış şəxslər avqustun 27-nə qədər tələb olunan sənədləri qəbul olunduqları təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidilər. Həmin vaxtadək qeydiyyatdan keçməmək müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndirilir. Qeyd edək ki, tələbə adını qazanmış şəxslər qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçərkən illik təhsil haqqını tam şəkildə ödəməlidir. Əks halda onlar qeydiyyatdan keçə bilmir. Ikinci kursda hissə-hissə ödəmək imkanı yaradılsa da, birinci kursda belə bir güzəşt yoxdur. Göründüyü kimi, tələbə adını qazanmış şəxslər təhsil haqqını ödəyə bilmədiyi üçün TQDK məcbur olub vaxtı bir müddtə də uzadıb ki, tam ödənişə nail olunsun.
Amma tələbə bunu necə ödəsin? Uzun müddət repetitor yanında hazırlaşmış, kifayət qədər vəsait xərcləmiş adamlar birdəfəlik ödəniş etməyə qadir deyillər. Onsuz da statistika göstərir ki, təhsilin keyfiyyəti hər il daha da ağırlaşır. Çıxış yolu kimi keçid balları aşağı salınır. Təhsil haqları 900-4500 manat arası dəyişir. Heç olmasa bu qədər soyğunçuluqdan sonra vətəndaşa güzəşt etmək lazımdı. Tələbə adını qazanmış insanları təhsil haqqını ödəyə bilmədiyi üçün kənarlaşdırmaq, təhsilə vurulan növbəti zərbədir. Heç olmasa 1-ci kursda tələb edilən ödənişləri hissə-hissə alsınlar. Redaksiyamıza hər gün onlarla şikayət daxil olur. Valideynlər tələb olunan ödənişi edə bilmirlər və hökumətdən yardım istəyirlər.
Bu qədər insafsızlıq, vətəndaşa qarşı bu qədər qəddarlıq olmaz. Bu ödənişlərlə büdcənin vəziyyəti düzələcək, yoxsa sosial-iqtisadi böhrandan çıxmaq mümkün olacaq?
Nəzərə almaq lazımdır ki, 200-300 manat əməkhaqqı alan valideyn həm övladının gündəlik təlabatını, həm tələbənin kirayə pulunu, həm təhsil haqqını, həm də ailənin zəruri ehtiyaclarını ödəməlidir. Belə bir ağır məngənə var ikən, üstəlik, birdəfəlik ödəniş tələb etmək, absurddur.
Bu o deməkdir ki, 1000-lərlə tələbə adını qazanmış adam təhsil almaqdan məhrum olacaq. Ancaq dünyanın əksər ölkələrində dövlət universitetləri pulsuzdur, tələbə kreditləri mövcuddur, tələbə yataqxanaları var və ödənişli Universitetlərdə də müəyyən güzəştlər. Azərbaycanda isə bu illər ərzində 100 milyardlarla vəsait ayrı-ayrı şəxslərin cibinə axıb, zəruri sahələrə yatırım edilməyib.
Indi valideynlər və tələbə adını qazanmış gənclər ağrı-acı içindədir, insanlar bu qədər əziyyətdən sonra kənarda qalmaq istəmir və nəticə psixi gərginliyə gətirir. Bəli, hakimiyyət bütün vasitələrlə vətəndaşı aqressivliyə, etiraza sürükləyir.
Milyardlarla vəsaiti mənasız layihələrə xərcləyənlər 500-1000 manata görə tələbəni təhsildən məhrum edir.
Anti-xalq hakimiyyəti necə olur? Öz xalqına düşmən kəsilməyin ən bariz nümunəsi budur. Övladı tələbə adını qazanmış valideyn sevinə bilmir, tələb olunan ödənişi edə bilmədiyib üçün kədərlidir. Hakimiyyət zərrə qədər də güzəştə getmək istəmir və bütün dəyərləri pula satıb.