Neftin qiymətinin düşməsindən sonra Azərbaycanda iqtisadi baxımdan çətin vəziyyət yaranır. Ekspertlər hesab edirlər ki, manatın dollara nisbətdə öz dəyərini itirməsi, mağazalarda qida məhsullarının bahalaşması, ölkədəki iqtisadi proseslərin əvvəlki kimi getmədiyinin göstəricisidir.
Məsələ ilə bağlı AXCP sədri Əli Kərimli də apardığı kiçik təhlil əsasında Azərbaycanın çox ciddi sosial-iqtisadi böhrana girdiyini söyləyib. Əli Kərimli yazıb:
“Yalnız 4 iş günü ərzində Mərkəzi Bankın valyuta rezervlərinin 10 faizdən çoxu getdi (8 milyard 501 milyon 500 min dollardan 893 milyon dolları)”.
İqtidar nümayəndələri isə ölkədəki vəziyyəti sadəcə müvəqqəti iqtisadi gərginlik adlandıraraq, nitqlərində “iqtisadi böhran” terminini işlətmirlər.
Azərbaycandakı iqtisadi prosesin adı nədir?
Məsələ ilə bağlı musavat.com-a danışan iqtisadi ekspert Natiq Cəfərli bildirib ki, hazırda ölkə iqtisadiyyatı böhranın astanasındadır:
“Böhranın astanasında olsaq da, bununla bağlı ciddi fəsadları növbəti aylarda görəcəyik. Çünki indiki situasiyanın arxasınca işsizliyin artması müşahidə olunacaq. Bununla da əhalinin sosial vəziyyəti ağırlaşacaq. Artıq bunun üçün zəmin var. Ölkədə tikintilər dayanır, kiçik və orta biznesin fəaliyyət dairəsi daralır. Eyni zamanda dövlət və hökumət orqanlarında ciddi ixtisarlar gözlənilir. 2016-cı il büdcəsinin müzakirələrində şahidi olacağıq ki, hökumət məcburən bəzi xərcləri kəskin şəkildə azaldılmasına gedəcək. Mənzil bazarında satışlar demək olar ki, dayanıb. Bu da tikinti sektoruna təsir göstərir. Avtomobil və mobil telefon bazarlarında da ötən illə müqayisədə xeyli azalmalar var. Hətta, geyim mağazaları da artıq bağlanır. Bütün bunlar isə onu deməyə əsas verir ki, biz, böhranın astanasından içəri addım atmışıq. Ciddi fəsadları isə bir neçə ay sonra görəcəyik. Banklardakı problemlemləri də nəzərə alsaq, Azərbaycada iqtisadi vəziyyətin böhranlı hal aldığını hiss edəcəyik”.
Musavat.com-a danışan digər iqtisadi ekspert Oqtay Haqverdiyev isə hesab edir ki, Azərbaycandakı vəziyyəti böhran adlandırmaq doğru deyil:
“Böhran Rusiyadadır. Özü də dərin böhrandır. Azərbaycanda böhrandır demək doğru olmaz. Əgər büdcəni və ya maliyyə bazarını götürsək burada müəyyən problemlər var. Ancaq bunu böhran hesab etmək olmaz. Çünki Azərbaycanda infliyasiya aşağıdır. Eyni zamanda ümumi daxili məhsulda da artım var. Makroiqtisadi göstəricilərin yüksək olduğu məqamda ölkədə böhran var söyləmək doğru deyil”.
Əli Rais, Musavat.com