Gülən şəbəkəsi və PKK seçkiqabağı iqtidar üçün ciddi başağrısına çevrilib
Parlament seçkiləri yaxınlaşdıqca hakimiyyət daxilində gərginlik daha da artır. Qəzetimizin ötən saylarında məlumat vermişdik ki, iqtidar daxilində namizədlərin siyahısının hazırlanması ilə bağlı ciddi fikirayrılıqları var. Iqtidardakı Paşayevlər və Naxçıvan qruplaşması hələ ki, siyahı ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər.
Redaksiyamıza daxil olan yeni məlumatlarda bildirilir ki, bu hakimiyyət daha bir dilemma qarşısındadır. Bu, Gülən şəbəkəsinə bağlılığı olduğu bildirilən deputatlarla bağlıdır. Iqtidar arxalarında böyük güc dayandığı bu şəxsləri parlamentə buraxıb-buraxmamaq barədə konkret qərara gələ bilmir. Türkiyə Azərbaycandakı Gülən şəbəkəsini zərərsizləşdirməyi tələb edir. Ankara birmənalı hesab edir ki, Türkiyədə keçirilən son parlament seçkilərində AKP-nin Azərbaycanda böyük fərqlə uduzması Gülən şəbəkəsinin ölkəmizdə ciddi dayaqlarının olması ilə bağlıdır. Digər tərəfdən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bir neçə dəfə Azərbaycanın dövlət başçısı Ilham Əliyevə hakimiyyətdəki “gülənçi”lərlə bağlı siyahı təqdim etdiyi barədə məlumatlar var. Beləliklə, Türkiyə israrla Azərbaycan hakimiyyətindən Gülən şəbəkəsinin üzvlərini, həmçinin iqtidardakı PKK simpatizianlarının sıradan çıxarılmasını tələb edir. Hakimiyyət isə həm Türkiyə ilə münasibətləri korlamamaq, həm də indiki həssas məqamda Gülən şəbəkəsi ilə qarşıdurmaya getmək istəmir. Məlumatda bildirilir ki, hələ ki, bu dilemmanın çözülməsi üçün iqtidarın konkret planı yoxdur.