Son üç ayda ikinci dəfədir ki, İnquşetiya rəhbəri Yunusbek Yevkurov respublikanın müftisi İsa Hacı Xamxoyevlə populyar vaiz Hamzat Çumakovun tərəfdarları arasında gərginliyi aradan qaldırmağa cəhd göstərir.
Yevkurovun köməkçisi Xaron Torşxoyev ötən həftə “Kafqazskiy uzel”ə müsahibəsində Nasir-Kort məscidi ətrafında baş verənləri şərh edəndən və vaiz Hamzat Çumakova qarşı tənqidi fikirlər söyləyəndən sonra istefa verməyə məcbur edilib.
Adının açıqlanmasını istəməyən mənbələr bildirir ki, İnquşetiya rəhbəri Torşxoyevin iradlarının öz “sülhsevər” imicinə mənfi təsir göstərdiyini güman edir.
Yevkurov
Çumakov 8 ildir Şimali Qafqazda bir çox müsəlman gəncə güclü təsiri olan xarizmatik lider sayılır. Onlar hesab edirlər ki, hakimiyyətdən maliyyələşən dini xadimlər ələ alınıb, nüfuzlarını itiriblər və öz dini borclarını yerinə yetirmək əvəzinə hakimiyyətə xoş gəlməyə çalışırlar.
Çumakovun özü uzun müddətdir ki, korrupsiya ittihamları ilə İnquşetiya hakimiyyəti üçün başağrısına çevrilib.
Çumakov birgə namazın əleyhinədir?
Dini qruplar arasında qarşıdurma iyunun əvvəlində qızışıb. İyunun 5-də respublikanın müftisi İsa Hacı Xamxoyev birgə cümə namazı qılmaq üçün digər din xadimləri və tərəfdarları ilə birlikdə Çumakovun moizə dediyi Nasir-Kort məscidinə gəlib.
Çeçenistanda, Dağıstanda, İnquşetiyada geniş yayılmış şəfii təriqətinə görə, cümə namazı bir məsciddə qılınmalıdır.
Nasir-Kort məscidində tərəflər arasında narazılıq yaranıb, dava düşüb, münaqişəyə polis müdaxilə edib. Məscid polis tərəfindən əhatəyə alınıb. Hərçənd davada heç kəs ciddi xəsarət almayıb.
Inquşetiya. Nazran məscidində namaz
Şəriət məsələləri üzrə doktor Abo Qanicev “Kafkazskiy uzel”ə deyib ki, rəsmi dini qurum tərəfdarları mayın 15-də Maqasda keçirilən beynəlxalq ilahiyyat konfransının nəticələrindən razı qalmamışdı.
Onun sözlərinə görə, “birgə namazin əleyhinə olan Hamzat Çumakov çoxdandır müftiyə qarşı müxalifətdədir”.
İnquşetiya rəhbəri Yevkurov əvvəlcə məscidi müvəqqəti bağlayacağını dedi, sonra isə tərəfləri yaranmış fikir ayrılığını öz aralarında həll etməyə çağırdı.
Kənd sufiləri məsciddən qaçaq düşüb
Heç bir həftə keçməmiş gündəlik “Nezavisimaya qazeta”da dini məsələlər üzrə yazar Vladislav Maltsevin “Sələfilər İnquşetiyaya öz qaydalarını sırımağa çalışırlar” adlı məqaləsi dərc olundu.
Müəllif məqalədə yazır ki, 12 minlik əhalisi olan İnquşetiyada çoxları sufizmi dəstəkləyir və bu inanca söykənir. Çmakov isə regionun ənənəvi sufizm təriqətinin qaydalarına qarşı çıxır.
Sələfilərlə sufilər arasında qarşıdurma iyunun 5-də kulminasiya həddinə çatıb. Kütləvi dava ibadət zamanı baş verib.
Müəllif yazır ki, Çumakov Nasır-Kort məscidində birgə namazın keçirilməsinə qəti şəkilldə etiraz edib və deyib ki, buna imkan verilməyəcək.
Müəllif İnquşetiya rəhbərinin keçmiş yardımçısı Torşxoyevin müsahibəsindən sitatlar gətirir: “Sakinlər məcbur olurlar ibadət üçün başqa kəndlərin məscidlərinə getsinlər. Çumakov moizə demir, əhalinin əksəriyyətinin inancını ələ salır. Nasir-Kort məscidinə ibadətə gələn sufilər yeni qaydalarla razılaşmayıblar. Müfti Çumakovu məscidin imamı təyin etməyib, sakinlər onu seçməyib, məscidin imamı Ruslan Çakiyevdir, amma ona moizə etməyə belə imkan verilmir. Öz novbəsində sələfilər sosial şəbəkələrdə qruplaşıblar. İyunun 5-də “VKontakte”də belə bir elan yayılıb ki, İnquşetiyanın, Çeçenistanın, Dağıstan və Kabardin-Balkarın sələfiləri Nasır-Kort kəndinə gedib Hamzat Çumakovu müdafiə etsinlər.
“Qarşıdurmada maraqlı olan siyasi qüvvələr var”
Çumakov da öz növbəsində kavpolit.com saytına veridyi müsahibəsində deyib ki, sufilərin Nasir-Kort məscidində ibadətinə heç bir maneə yoxdur. Vaiz İnquşetiya müsəlmanları arasındakı qarşıdurmada “bəzi siyasi qüvvələrin” maraqlı olduğunu bildirir.
Ramzan Kadırov
Yerkurovun Çumakova rəğbəti yalandırmı, yoxsa özünün ədalətli vasitəçi imicinimi yaradır, bunu söyləmək çətindir. Hər halda Çeçenistan rəhbəri Ramzan Kadırovun Çumakovu müdafiə etməsi Kremlin münasibətini də göstərə bilər. Kadırov onu “nə terroristdir, nə də vəhhabi” deyə xarakterizə edib.
Onu da qeyd edək ki, son aylarda ölkə mətbuatında Yevkurovun 4 müsahibəsi dərc olunub. O, heç bir müsahibəsində Çumakovu xatırlatmayıb.