İcra başçılarının təyinatları ilə bağlı sərəncamlar niyə ləngidi?
Ölkə başçısı Ilham Əliyev bir neçə icra başçısı ilə bağlı sərəncamlar verib. Eldar Əzizov Sumqayıtın icra başçısı vəzifəsindən azad edilib. Onun yerinə Abşeronun icra başçısı Zakir Fərəcov təyin olunub. Abşeronun icra başçısı vəzifəsinə isə Iradə Gülməmmədova təyin edilib. Iradə Gülməmmədova buna qədər Abşeron Rayon Icra Hakimiyyətində şöbə müdiri və başçının müavini işləyib.
Bakının Nəsimi rayonunun icra başçısı da dəyişib. Nəsib Məhməliyev Nəsiminin icra başçısı vəzifəsindən çıxarılıb, onun yerinə isə Səbail rayonunun icra başçısı Asif Əsgərov təyin olunub. Səbailin ocra başçısı vəzifəsinə isə Sumqayıtdan çıxarılan Eldar Əzizov təyin olunub.
Nəsib Məhməliyevlə bağlı isə hələlik yeni təyinat yoxdur.
Hələ sentyabrın 1-dən məlumat yayılmışdı ki, Zakir Fərəcov Sumqayıta icra başçısı təyin olunub. Eldar Əzizovun isə Bakının Nizami rayonuna icra başçısı təyin olunduğu iddia edilirdi. Lakin bu barədə hər hansı rəsmi məlumat verilmirdi. Dünən səhər saatlarında isə Eldar Əzizov faktxeber.com-a açıqlamasında məlumatın əsassız olduğunu bildirmişdi. “Mən hazırda oturmuşam Sumqayıt şəhər Icra Hakimiyyətində və vəzifəmi icra edirəm. Əgər cənab prezident məni vəzifəmdən azad etsəydi, xəbərim olardı. Bu, bəzi media orqanlarının növbəti dezinformasiyasıdır və heç bir əsası yoxdur”, - deyə o, vurğulamışdı.
Strateq.az saytı isə məlumat yaymışdı ki, Zakir Fərəcovun Sumqayıta icra başçısı təyin olunması barədə sərəncamın gecikməsi Eldar Əzizovun təyinatı ilə bağlıdır. Eldar Əzizov Nizami rayonuna icra başçısı təyin olunmasından incik düşübmüş.
“Azadlıq”a daxil olan məlumatlarda isə deyilir ki, Ilham Əliyevin bu yerdəyişmələri ilə bağlı rəsmi məlumatın gecikməsi qruplararası ziddiyyətlərlə bağlıdır. Zakir Fərəcov prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova yaxın şəxs sayılır. Eldar Əzizovun isə Paşayevlər komandasının üzvü olduğu bildirilir. Bu baxımdan Eldar Əzizov Sumqayıtın icra başçısı vəzifəsindən çıxarılması ilə asanlıqla barışmayıb. Lakin Bəylər Əyyubov da Zakir Fərəcovun məhz Sumqayıta rəhbər təyin olunmasına israr edib. Nəhayət, Eldar Əzizov Səbailin icra başçısı vəzifəsi təklif olunduqdan sonra o Sumqayıtı tərk etməyə razılıq verib. Məsələnin, ictimailəşməsi də bu ziddiyyətlərdən qaynaqlanır.
Hər bir halda dünənki yerdəyişmələrlə bağlı yaranmış vəziyyət artıq iqtidardakı qrupların Ilham Əliyevə meydan oxuduğunu göstərir.
Ümumiyyətlə isə son günlər hakimiyyət daxilində dəngənin tamamilə pozulduğu müşahidə olunur. Artıq bir neçə gündür ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin səhhətinin ağır olması ilə bağlı məlumatlar yayılır. Həmçinin Artur Rəsizadənin istefa verdiyi iddia olunurdu. Açıq-aydın sezilir ki, qruplaşmalar bir-birlərinə zərbə vurmaq üçün dövriyyəyə müxtəlif məlumatlar buraxırlar. Ehtimal etmək olar ki, seçki ərəfəsində və seçkidən sonra vəziyyət daha da gərginləşəcək.