Prezident cangüdənləri və onların qəbrə gedən sirləri

10-09-2015, 12:04   
Prezident cangüdənləri və onların qəbrə gedən sirləri

Abdulla Gülün şəhid olan cangüdəni hansı həqiqəti üzə çıxardı?

Rusiya saytları bugünlərdə dünya prezidentlərinin cangüdənləri ilə bağlı maraqlı dosye hazırlayıb. Dosyeyə görə, cangüdənlik yolu keçənlərin həyatı çox parlaq, qayğısız görünsə də, əslində mənzərə tamam fərqlidir.

Ölən, öldürülən cangüdənlər…
8 sentyabrda Türkiyənin baş naziri Abdulla Gül şəhid olan əsgərlərdən birinin onun keçmiş cangüdəni olduğunu deyəndən sonra isə sözügedən institut barədə xeyli maraqlı faktlar ortaya çıxıb… Sən demə…

Birincisi, bu vəzifənin daşıyıcıları heç də dəbdəbəli həyat tərzi keçirmirlər. Onların həyatı olduqca ciddi sirlərlə doludur. Qatı açılmayan cinayətlərin baş qəhrəmanı çox vaxt onlar olur. Ya qurban, ya da qatil kimi.

Məsələn, 6 may 2014-cü ildə Venesuelanın paytaxtı Karakasda ölkə prezidenti Nikolas Maduronun cangüdənlərindən biri öldürülüb. Cangüdən leytenant Marko Kortes mayın 4-də paytaxt rayonlarından birində qətlə yetirilib. Şəxsi avtomobili ilə hərəkət edən Kortesə onun yanından ötüb keçən avtomaşından atəş açılıb. Cinayətkarların məqsədi M.Kortesin avtomobilini ələ keçirmək olub. Qəzetin məlumatında deyilir ki, M.Kortes son altı ildir, prezidentin şəxsi mühafizəsində çalışır. Bunadək o, həmçinin N.Maduronun sələfi Uqo Çavesin də mühafizəçisi olub.

2014-cü il avqustun 20-də isə Özbəkistan prezidenti İslam Kərimovun mühafizə xidmətində çalışan snayper-cangüdən başına güllə sıxmaqla həyatına son qoyub. Bu, özbək xüsusi xidmət orqanları əməkdaşının özünə qəsd etməsinə dair ilk belə fakt deyil. Fərqanə vilayətində çalışan çekistlərin biri də bir neçə il qabaq xidməti “Makarov” tapançasından özünə atəş açmaqla intihar edib. Daha əvvəl isə Özbəkistan Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı özünü güllələyib.

Prezident cangüdəni öncə düşünməyi bacarmalıdır
Prezidentin şəxsi mühafizəsində işləmək asan məsələ deyil. Orada bir sıra keyfiyyətlər tələb olunur ki, onlara sahib olmalı, eyni zamanda isə psixofiziki hazırlığa yiyələnməlisən. Fiziki parametrlər də öz yerində. Cangüdən 35 yaşından yaşlı olmamalı, boyu ən azı 175, çəkisi isə 75-90 kilo olmalıdır. “Cangüdən olmaq istəyən şəxs daha öncə harada işləməlidir” sualına cavabda isə müəyyənləşib ki, bu iş üçün hərbi təcrübə vacibdir. Keçmiş əməliyyatçılar da prezident mühafizəsinə yaramır. Ekspertlər söyləyir ki, onlarda çoxlu zərərli, lazımsız vərdişlər formalaşdığı üçün bunu yeni işində istifadə edəcəyi ehtimalı da yüksəkdir.
Prezident cangüdəni ilk növbədə nəyi bacarmalıdır? Bu suala cavabda mütəxəssislər bildirib ki, o, ilk növbədə düşünməyi bacarmalıdır. Operativ psixologiya, təhlükəni öncədən duyma qabiliyyətinə malik olmalıdır. Karate, cüdo kimi idman növlərini bilməsi arzuolunandır, amma idmançı səviyyəsində yox. Şəxsi mühafizədə əl davaları vacib rol oynayır. Cangüdən mütləq 30-a yaxın hərbi fənd bilməlidir. Maşını ekstremal şəraitdə idarə etməyi bacarmaq, zəhərlərdən baş çıxarmaq da prezident cangüdəni üçün tələb edilən cəhətdir.
Cangüdən güclüdür, amma öz hesabına yox…

Prezident cangüdəni mükəmməl səviyyədə olmasa da, ingilis dilini bilməli, prezidentlə bərabər hərəkət edəcəyi üçün etiket qaydalarına bələd olmalıdır.

Prezidenti qoruyursansa, öncə öz bədənini, ağlını, sağlamlığını qorumalısan. Bayırda şaxta varsa, cangüdən qat-qat, qalın paltar geyə bilməz. Çünki bu, onun aktiv hərəkət etməsinə maneçilik törədə bilər. Bundan başqa, yayın cırhacırında da tərləməmək, istidən təngnəfəs olmamaq cangüdənin ümdə vəzifəsidir.

Məlumatlara görə, onların güclü olmasına bəzi preparatlar kömək edir. Onların yardımı ilə cangüdənin bədənindəki bəzi fizioloji proseslər daha da güclənir. Eşitmə, görmə qabiliyyəti daha da həssaslaşır, intuisiyası möhkəmlənir. Yeri gəlmişkən, prezident cangüdəninə siqaret çəkməyə icazə var. Çünki siqaret stressi aradan götürür. Amma bu, təbii ki, orqanizmi gücdən salır və son nəticədə cangüdən 35 yaşında təqaüdə göndərilir.

Amma bir məqamı da qeyd etmək yerinə düşər ki, prezident mühafizəsində çalışmaq risk tələb edir. Məsələn, 1999-cu ildə təkcə Amerika prezidentinin məxfi xidmətində 31 əməkdaş qətlə yetirilib. 2003-cü ildə isə məxfi xidmət ölən və yaralananlarla bərabər 34 xəfiyyə itirib. Təbii ki, bu itkilərin detalları açıqlanmır.

Amerikanın keçmiş prezidenti Reyqanın şəxsi mühafizəsində çalışmış Con Barletta isə deyir ki, 21-ci əsr cangüdənlərinin işi çox çətindir. Belə ki, indi texnikanın imkanları kosmik sürətlə inkişaf etdiyindən zərbənin haradan gələcəyini proqnozlaşdırmaq da mümkün deyil: “İndi təkcə tapança, avtomat və ya snayperdən gələn təhlükə ilə iş bitmir. Təyyarə, raketdən açılacaq zərbə, jurnalist, narazı vətəndaş qiyafəsində prezidentə yaxınlaşa biləcək şikayətçi… Bunların hamısını düşünəndə cangüdən dinc həyatı ancaq yuxusunda görə bilər”.

Yumurta, mayonez, pomidor hücumları – cangüdənlər ondan qorxur…
Yumurta, mayonez, pomidor hücumları cangüdənlərin qorxulu röyası olub. İlk baxışda gülməli görünə biləcək bu “silahlar” nadir halda da olsa xarici səfərə gedən prezidentlərin başına bəla açır. Rusiya mətbuatına inansaq, Putin bir, Medvedyev isə iki dəfə belə hücuma məruz qalıb. Amma cangüdənlər nə özlərini, nə də müdafiə etdikləri şəxsləri bu “silahdan” qoruya bilmir. Son vaxtlar bu sayaq hücumları zərərsizləşdirmək, məsələn, onların ləkəsini saxlamayacaq geyimlər tapmaq prezident mühafizələrində ən aktual mövzudur. Artıq bununla bağlı lazımi addımlar da atılır.

Yaltada bir neçə il öncə keçirilən cangüdənlərin 4-cü çempionatında isə onlar mediaya birinci şəxslər və oliqarxların mühafizəsindəki fərqlərdən danışıb. Onlar bildiriblər ki, siyasətçilərin, ölkə rəhbərlərinin cangüdənliyini etmək oliqarxlarla işləməkdən daha asandır. Çünki siyasətçilər oliqarxlardan daha intizamlıdılar və məsləhətə də qulaq asırlar. Bu mənada biznesmenlərin də maraqlı iş ortağı olduğu deyilir. Onlar da öz çeviklikləri ilə fərqləndikləri üçün cangüdənlərin sevimlisidir.

Oliqarxlar qeyri-təvazökarlıqları və tez-tez əhval dəyişkənlikləri ilə fərqlənsələr də, siyasətçilərdən fərqli olaraq pul məsələsində daha səxavətlidilər.

Cangüdənlərin 12 saatlıq iş rejimi olmalıdır. Əks halda, onlar ayıq-sayıqlıqlarını saxlaya bilmək üçün psixoloji güc toplaya bilmirlər. Birinci şəxslərin, eləcə də VİP-in hər belə səfəri ciddi hazırlıq tələb edir. Öncə səfər olunacaq məkanda axtarış əməliyyatı aparılır, sonra həmin bölgə analiz edilir, ardınca səfər edəcək heyət ora yola düşür.

Bu arada o da müəyyənləşib ki, birinci şəxslərin cangüdənləri çox tez bir zamanda hərbi rütbədə “yüksəklikləri fəth edir”. Gizir mərtəbəsinə yüksələ biləcək cangüdən çox tez bir zamanda general olur. Onlar eyni zamanda sədaqətli qulluq faktına görə hökumətdən ev də alırlar. Bununla yanaşı, çox qəribə səbəblərdən töhmət alan cangüdənlər də az deyil. Məsələn, Ukraynanın sabiq prezidenti Leonid Kuçma Xarkova səfərlərindən birində yaşadığı kuryoza görə cangüdəninə töhmət verdirib. Belə ki, Kuçmanın qalacağı hoteldə cangüdən heyəti yoxlama aparıb, yeyəcəyi yeməkdən, geyinəcəyi paltara qədər hər şeyi nəzarətdən keçirib. Amma gecə prezidentin yatdığı yataq qırılıb. Buna görə də bütün heyət şiddətli töhmət alıb.

musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar