Azərbaycan mediasında maraqlı bir olay yaşanıb. Belə ki, qəzet redaksiyalarından birinin əməkdaşı yerli məmurlardan biri ilə söhbətində ilginc bir cavabla rastlaşıb. Bu barədə DİA.AZ-ı məlumatlandıran həmkarlarımızdan birinin verdiyi xəbərə görə, bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Ağdam şöbəsinin rəisi Hafiz Əzimzadə idə aralarında qısa bir polemika yaşanıb.
Həmkarımızın söylədikləri: «Qəzetimizdə Hafiz Əzimzadənin cəbhə bölgəsində çalışan bir məmur olaraq ermənilərlə şübhəli əlaqələrinin olması barədə bir vətəndaş iddiası ilə bağlı material getmişdi. Biz də redaksiya olaraq Hafiz Əzimzadənin mövqeyini öyrənmək istədik».
Həmkarımız dia.az-a bildirib ki, Hafiz Əzimzadəyə cəbhə bölgəsində çalışan bir məmur kimi ermənilərlə münasibətdə ittiham olunduğunu bildirib: «Bildirdik ki, bəs sizin Rusiyanın ayrı-ayrı şəhərlərində erməni dostlarınızın olduğu və daamlı şəkildə onlarla əlaqə saxladığınız söylənilir. Siz isə strateji bir bölgədə, ermənilərlə üz-üzə dayanan, yarısı işğal altında olan bir rayonda kifayət qədər mühüm hesab olunan bir vəzifəni tutursunuz. Sual etdik ki, sizin barənizdə söylənilənlər həqiqətdirmi?
O isə maraqlı formada sualımızı cavablandırdı. Bildirdi ki, bütün deyilənlər doğrudur. Hər halda, Hafiz Əzimzadəni biz o qədər də qeyri-ciddi adam hesab etmirik ki, söylədiklərinin fərqinə vara bilməsin. Yəqin ki, rayona yenicə olaraq başçı təyin olunan və MTN təcrübəsi olan Raqub Məmmədov bu faktı Hafiz Əzimzadədən fərqli olaraq ciddiyə alacaq».
Qarşı tərəfi də dinləməyə hazırıq…