Gəncənin icra başçısından şikayət var; Tofiq Əsədov sensasion faktlar açıqladı; başçı və oğlu vətəndaşın bağını zorla və pulsuz almaqda israr edirlər
Sabunçu Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə Bakı sakini Tofiq Əsədovun iddiasına baxılır. İddiaçı Bilgəh qəsəbəsində yerləşən ona və ailə üzvünə məxsus 1936 və 1937 saylı bağ sahələrində qanunsuz söküntünün, tikintinin dayandırılması, ərazidən çıxarılma və vurulmuş ziyanın ödənilməsi iddiası ilə çıxış edir. İşdə qarşı tərəf Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdir. Tərəfimizdən qeyd edək ki, Tofiq Əsədov yüksək rütbəli polis zabiti (polkovnik), Bakı hava limanının polis rəisi olub.
İcra başçısı, yoxsa mülkədar?
T.Əsədovun iddiasının mahiyyətinə keçməzdən əvvəl bir neçə zəruri qeydi diqqətinizə çatdırmağı lazım bilirik. Bu günə qədər Azərbaycanda obyektlər, gəlir gətirən müəssisələr zəbt olunub ələ keçirilirdisə və ya uçurulub dağıdılırdısa, artıq vətəndaşın mülkü ələ keçirilir. Üstəlik, ələ keçirən rolunda Azərbaycanın 2-ci böyük şəhəri olan Gəncə merinin adı çəkilir. Bu o deməkdir ki, hakimiyyət nümayəndələri qırmızı xətləri keçməkdən çəkinmirlər. Hazırkı məhkəmə iddiası bunun əyani sübutudur. Belə görünür ki, ölkə prezidentinin özbaşınalıqlara son qoyulması haqda çağırışları da qulaqardına vurulur.
İcra başçısı yaxşıdır, ətrafı pis?
İddiaçı Tofiq Əsədov deyir ki, məhkəmə çəkişməsinin mətbuat səhifələrinə çıxarılmasının tərəfdarı deyil. Amma Gəncə İcra Hakimiyyəti başçısının ətrafının bir-birinə zidd vədləri birbaşa E.Vəliyevə müraciət etməsini zəruri edib: “Elmar Vəliyevə teleqram vurmuşam. İstəyirdim ki, özü ilə danışıb problemi çözüm. Bunun əvəzində mənə bir qadın zəng eləyib özünü Gəncə İcra Hakimiyyətinin işçisi kimi təqdim etdi. Çox kobud formada məsələnin Elmar Vəliyevə aid olmadığını söylədi. Ona görə də mən inanmıram ki, icra başçısı bu məsələdən dərindən məlumatlıdır. Elmar Vəliyev cavan oğluna bu şəkildə mülk almaz. Ətrafı onu düzgün məlumatlandırmır”.
“Mülkü Gəncənin icra başçısı Elmar Vəliyev alır, banka pulu ödəyən də oğlu Elmirdir”
T.Əsədov deyir ki, mübahisə obyektinə çevrilən bağ sahələri 1988-ci ildən istifadələrində olub: “1992-ci ildə Bağlar Təsərrüfatı Birliyindən hər 2 bağ sahəsinə order verildi. 1937 saylı order mənə, 1936 saylı order həyat yoldaşım Şahnaz Vəliyevanın adına rəsmiləşdirildi.
1995-ci ildə Bağlar Təsərrüfatı Birliyinin icazəsi ilə 1937 saylı bağ sahəsində 3 mərtəbəli bağ evi tikildi. 2011-ci ildə bəzi problemlər yarandığına görə bağ sahələrini satmaq qərarına gəldim. Buna qədər isə problemi yoluna qoymaq üçün bağları “Bank Standart”a girov qoyub kredit götürmüşdüm. Buzovna qəsəbəsində bağ alqı-satqısı ilə məşğul olan bir şəxsə müraciət də etmişdim. Təqribən 2012-ci ilin əvvəlində həmin şəxs zəng elədi ki, müştəri tapıb, bağı satır. 10-15 gün sonra “Bank Standart”dan zəng edib dedilər ki, sizin bağ sahələrini girovdan azad etmək istəyirlər, banka 2 nəfər gəlib. Əvvəlcə inanmadım ki, həmin şəxslər mənimlə görüşmədən banka gedərlər. Bunu bank işçisinə də dedim. O da dedi ki, onların pulu ödəmələri bağ sahələrini almaları demək deyil. Alqı-satqı üçün aranızda müqavilə olmalıdır. Həmin vaxt mən Şəmkir rayonundakı kəndimizdə idim... Bu məsələdən sonra banka gəldim.
Oradan dedilər ki, banka olan borcunuz bağlanıb. Sual etdim ki, borcu bağlayan kimdir? Cavab verdilər ki, 2 cavan oğlan idi, birinin adı Elmir idi. 3 gün sonra mənə bağları satan şəxs zəng edib və notariusda müvafiq sənədlərin qaydaya salınmalı olduğunu dedi. 2013-cü il avqustun əvvəlində 12 saylı notariusda görüşdük. Orada Ceyhun və Məzahir adlı 2 gənc oğlanla tanış oldum. Onlar dedilər ki, bağı alandırlar. Onların hərəkətlərindən və danışdığından hiss etdim ki, bağı qeyri şəxsə alırlar. Bu barədə soruşdum. Dedilər ki, tələsməyin, biləcəksiniz".
T.Əsədov deyir ki, az sonra mülkünü kimin aldığını bilib: “Notariusdan sənədləri götürəndən sonra bağı satan makler dedi ki, mülkü Gəncənin icra başçısı Elmar Vəliyev alır, banka pulu ödəyən də oğlu Elmirdir. Sabah gedib Gəncədə onunla görüşməliyik, bizi gözləyir”.
T.Əsədovun sözlərinə görə, makler Gəncəyə gedib çətinliklə olsa da, Elmar Vəliyevlə görüşüb.
“Elmar müəllim ona deyib ki, gedin, hər 2 bağı oğlum Elmirin adına sənədləşdirin”
Görüşdən sonra makler mənə dedi ki, çox peşmandır. Belə ki, Elmar müəllim ona deyib ki, gedin, hər 2 bağı oğlum Elmirin adına sənədləşdirin, pulun qalanını da ödəyəcəyəm. Pulun böyük hissəsi qalmışdı. Makler deyib ki, pulu verin, gedim bağ sahiblərinə pulu verim, onlar da mənim vasitəmlə gəlib qol çəksin. Elmar Vəliyev də deyib ki, inanmırsan pulu verəcəyəm? Bu nə danışıqdır, get bağı sənədləşdir. Makler mənə dedi ki, narahat olma, bağı sənədləşdirək verək, Elmar müəllim pulu verəcək. Mən onunla razı olmadım. Dedim ki, bu, gəlir gətirən obyekt deyil, mülkdür, mülkün satılması ailədə həll edilir, ona görə də pulu ödəsinlər, sənədləşdirək. Makler yenidən Elmar Vəliyevlə danışdı, məlumat verdi. Bundan sonra Elmar Vəliyev mənimlə görüşmək istədiyini dedi. Növbəti gün Gəncəyə getdim. Görüşdük. Danışığı çox xoşuma gəldi. Maklerə bildirdiyi kimi, mənə də dedi ki, gedin bağı sənədləşdirin, narahat olmayın, pulu ödəyəcəyəm. Aramızda elə bir səmimi söhbət oldu ki, ona inandım".
“Adamların danışığı ilə Elmar Vəliyevin dedikləri arasında böyük uyğunsuzluq vardı”
2 gün sonra T.Əsədovun E.Vəliyevin ətrafında gördüyü oğlunun cangüdəni Rüfət, Məzahir adlı hüquqşünas, Ceyhun adlı iş icraçısı onunla görüşüblər: “Həmin adamların danışığı ilə Elmar Vəliyevin dedikləri arasında böyük uyğunsuzluq vardı. Hiss etdim ki, böyük oyun gedir. Yəni Elmar Vəliyevin dediyi ilə ətrafının dediyi üst-üstə düşmür. Dedilər notariusa gedək, amma onların dediyinə - "Xətai" metrosunun yanında yerləşən 6 saylıya. Razılıq da belə olmuşdu ki, hər 2 bağın pulu ödənilir, alqı-satqı müqaviləsi imzalanır. Növbəti gün - 2013-cü il avqustun 11-i və ya 12-də vədələşdiyimiz kimi xanımımla səhər saat 10-da dedikləri notariusa gəldik. Hər 3 şəxs də gəldi. Dedilər ki, 1 saat ərzində Elmir pulu gətirəcək və sənədləşmə gedəcək. Səhər 10-dan axşam 6-ya qədər biz notariusda və ətrafında gözlədik. Bu müddətin çox hissəsini notariusun müdirinin otağında gözləmişik.
Axşam 6-da məlum oldu ki, Elmir gəlməyəcək, onlar isə bağın pulunu tam şəkildə deyil, bir hissəsini ödəmək istəyir. Belə olan halda notarius bizə təklif etdi ki, banka ödənilmiş və notariusda verdikləri pula bağın 1-ni, yəni mənim adıma olan 1937 nömrəli bağ satılsın. Ancaq qarşı tərəf hər 2 bağın sənədləşdirilməsini istəyirdi. Yəni birinin pulunu ödəyib 2-sinin sənədini istəyirdilər. Razılaşmadıq. Və yalnız 1937 saylı bağın alqı-satqısı getdi. Alqı-satqıda Elmirin adından Ceyhun adlı şəxs verilmiş etibarnamə ilə iştirak etdi. Həmin vaxt Elmar müəllim mənimlə danışdı. Ona dedim ki, özünün dedikləri ilə ətrafının dediyi düz gəlmir. Dedi ki, sənədlərə qol çək, 1 həftəyə o biri bağın pulunu ödəyəcəyəm. Lakin razılaşmadım. Dedi ki, zərər yoxdur, 10 günə o biri bağın pulunu ödəyərəm, alqı-satqı edərik. 10 gün 10 ay çəkdi. Dəfələrlə müraciətlərimiz, həmin pula ehtiyacımızın olduğunu bildirməyimizə baxmayaraq bağın pulunu ödəməkdən boyun qaçırdılar”.
“Elmar müəllim pulun bir hissəsini nağd, qalanını isə torpaq sahəsi ilə əvəzləşdirməyi təklif etdi”
“Həmin arada Elmar müəllim pulun bir hissəsini nağd, qalanını isə torpaq sahəsi ilə əvəzləşdirməyi təklif etdi. Təklifini qəbul etdim. Lakin yenə də ətrafı sözünü tutmadı. Ona görə də Elmar Vəliyevin ətrafına, Gəncə Yol Mühafizə İdarəsinin rəisi Əli adlı şəxsə dedim ki, daha mən 1936 saylı bağı satmıram. Ona görə də xahiş etdim ki, bu məsələ ilə bağlı məni narahat etməyin”.
“Elmar Vəliyevə teleqram vurdum ki...”
T.Əsədov bildirir ki, 2014-ün yanvarında bağa gedəndə gözlərinə inanmayıb. Xanımının adına olan 1936 saylı bağda 20-25 illik ağacların dibindən qoparıldığını, gözətçi evinin, yardımçı otaqların yerlə-yeksan edildiyini, 12 sot ərazidə suvarma sisteminin, bəzək işlərinin ləğvinin şahidi olub: “Bağın ortasında 20 metrin 10 metrə, dərinliyi 5 metr olan quyu qazıldığını gördüm. İş icraçısından soruşanda ki, bağı niyə dağıdırsınız, dedilər ki, bağ bütünlüklə Elmar Vəliyevin oğlu Elmirindir və onun göstərişi ilə tikinti aparırıq. Bağdan çıxdım, Elmar Vəliyevə teleqram vurdum ki, bağımdan çıxın, əks təqdirdə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. 5 gün sonra özünü Gəncə İH-in işçisi kimi təqdim edən bir qadın zəng etdi. Danışığından bəlli oldu ki, danışıq mədəniyyəti son dərəcə aşağıdır, demək olar ki, yoxdur. Bizim teleqramın Elmar Vəliyevə aid olmadığını dedi. Bu hərəkətindən sonra Sabunçu Rayon Məhkəməsinə iddia ilə müraciət etməkdən başqa yolum qalmadı”.
“Məhkəməyə müraciət etsən, bağı zorla əlindən alacağıq”
T.Əsədovun sözlərinə görə iddiası hakim Gültəkin Əsədovanın icraatına verilib: “Hakimin xüsusi qərardadı ilə Sabunçu Məhkəməsinin İcra şöbəsinin əməkdaşları bağa gəldi. Onlar söküntü-tikintini sənədləşdirib iş icraçılarını söküntü - tikinti aparmamaları və bağı tərk etmələri barədə xəbərdar etdilər. İş icraçıları bağdan çıxdı. 2014-cü ilin aprelində mənə Gəncə Nizami İcra Hakimiyyətinin başçısı Məharət müəllim zəng edib görüşmək istədiyini söylədi. Onunla görüşdüm. O dedi ki, bağı almaq istəyirik. Bunun üçün Gəncədə mənə torpaq sahəsi ayrıldığını və bağ sahəmlə əvəzləşdirmək lazım olduğunu dedi. Ona dedim ki, bağ satılmır. Təkidi ilə Gəncəyə getdik. Gəncə-Xanlar arasında olan ərazidə 5 hektar köhnədən salınmış üzüm bağını mənə göstərdi və dedi ki, torpaq sahəsini verirlər, təki onlarla razılaşım. Həmin torpaq sahəsinin sənədlərinə baxanda gördüm ki, torpaq Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına 15 illik icarəyə verilib.
Orada kənd təsərrüfatı məhsullarının yetişdirilməsi nəzərdə tutulur. Razılaşmadım. Dedim ki, bağımı satmıram. Məharətlə bundan sonra dəfələrlə görüşdük, hər görüşdə ona dedim ki, bağ sahəsini satmıram. Məharət müəllim Bakıya dəfələrlə gəlib mənimlə görüşdü. Dedi ki, torpağı sizə ona görə veririk ki, əlinizdə bu qədər pulun olduğunu bilsələr, sizi tutarlar. Ona görə də əvəzləşdirmək lazımdır. Sizə başqa torpaq sahəsi ayıra bilərik. Məharət mənə təzyiq etdi, dedi ki, məhkəməyə müraciət etsən, biz bağı zorla əlindən alacağıq. Mənə dəfələrlə dedi ki, sənin gücün bizim gücümüzə çatmaz, səni məhkəmədə uduzduracağıq.
“Prokurorluqdakı əlaqələrindən istifadə edib mənim həbsinə nail olmaq istəyirlər”
Son görüşlərimizin birində Məharət məndən Gəncədən Şəmkirə hansı yolla gedib - gəldiyimlə maraqlandı. Dedim ki, mən Gəncəyə yeni salınan magistral yolla gedirəm; ora Gəncəyə aid deyil. Dedi ki, o yol da bizimdir, ehtiyatlı ol... Bunları özümə hədə-qorxu, təzyiq kimi qiymətləndirirəm. Bağı birmənalı şəkildə satmayacağımı deyəndən sonra 15 may 2014-cü ildə Sabunçu Rayon Məhkəməsində Elmar Vəliyevin vəkili Ramiz İbrahimov məhkəməyə qarşılıqlı iddia ərizəsini təqdim etdi. İddianın surətini aldım, məlum oldu ki, onlar mənə qarşı növbəti dəfə şər-böhtan kampaniyası apararaq iddialarında yazıblar ki, guya 2013-cü ilin avqustunda 1937 saylı bağla bərabər 1936 saylı bağı alıblar. Hakimdən xahiş ediblər ki, mənim hərəkətlərimdə cinayət tərkibi göründüyü haqda təcili prokurorluğa məlumat versinlər. Guya onları aldatmışam, 2 bağ əvəzinə birini satmışam. İddia ərizəsini oxuyandan sonra başa düşdüm ki, mənə böyük təhlükə var. Prokurorluqdakı əlaqələrindən istifadə edib mənim həbsinə nail olmaq istəyirlər".
İddiaçı bildirir ki, qarşı tərəfin vəkili məhkəmədə ona təzyiq edib: “Bunların adından hədə-qorxu gələn vəkil Ramiz oldu. Elmar Vəliyevin ətrafında olan Rüfət məni vəkillə tanış edəndə dedi ki, tanış olun, Tofiq müəllimdir. Vəkil dedi ki, bunların hamısını kürüyüb dənizə tökmək lazımdır. Anladım ki, planlaşdırılmış hədə-qorxudur. Lakin bilmirlər ki, hədə-qorxunu qəbul edən yaşda deyiləm. Məni qorxuda bilməzlər. Baş verənləri iclas zamanı hakim Gültəkin Əsədovaya dedim. Lakin vəkil dediyindən qaçdı”.
T.Əsədov ümid edir ki, E.Vəliyev məsələyə müdaxilə edərək problemi çözəcək: “Bu hədə-qorxulardan, təzyiqlərdən şəxsən Elmar müəllimin xəbəri olduğunu düşünmürəm. Ona görə bu fikirdəyəm ki, Elmar müəllim prezidentin Gəncədə səlahiyyətli nümayəndəsidir. Prezidentin siyasi və iqtisadi iradəsini həyata keçirən şəxsdir. O, gün ərzində həddən ziyadə məşğul olur. Ona görə də bütün bu mülk məsələləri ilə ətraflı məşğul olmağa vaxtı qalmır. Özü bu barədə tam təfsilatı ilə məlumatlı deyil. Hədə-qorxuların onun ətrafından, oğlundan gəldiyi qənaətindəyəm. Düşünürəm ki, oğlu gəncdir, belə məsələlərdə təcrübəsi yoxdur. Məsələni Elmar müəllimin yoluna qoyacağına ümid edirəm”.
Qarşı tərəfi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.
Mövzuya qayıdacağıq.