Türkiyənin ən populyar teleserialı "Muhteşem yüzyıl"ın növbəti, 138-ci seriyasında Osmanlı xanədanının tarixini dəyişən anlar əks olunub.
Şahzadə Bəyazidin yazdığı məktublar onun atası, Qanuni Sultan Süleymanın ürəyini yumşaldır, ona dərindən təsir edir. Fəqət, ata ona xəyanət edən oğlunu bağışlamır, şahzadə Bəyazidlə bağlı ölüm fərmanını dəyişmir.
Milli.Az bildirir ki, durumu fürsət bilən şahzadə Səlim başının dəstəsi ilə İrana yollanır, qardaşı şahzadə Bəyazidi təhvil almaq istəyir.
Ona xəyanət etmiş oğlunu Təhmasib şahdan geri istəyən Qanuni Sultan Süleyman bunun müqabilində 1,2 milyon altun və Qars qalasını vəd edir. Şahzadə Səlim isə padşah olacağı təqdirdə İranla dost qalacağı barədə əhdnamə imzalayır.
Bundan xəbər tutan şahzadə Bəyazid qaçmaq, Təhmasib şahdan qurtulmaq və İranı tərk etmək fikrinə düşür. Fəqət o, şah sarayındakı ziyafətə qatılmaqla bağlı "xahiş"dən boyun qaçıra bilmir.
Elə bu ziyafətdə şahzadə Bəyazid tutulur, az sonra oğulları da zindana atılır.
Şahzadə Bəyazid böyük qardaşı şahzadə Mustafanın taleyini yaşamaqdan qurtula bilmir.
Şahzadə Səlimin adamları şahzadə Bəyazidi və oğullarını boğaraq öldürürlər.
Edam anında şahzadə Bəyazid qardaşına, şahzadə Səlimə yalvarır, ağlayır: "Əvvəl məni öldür! Oğullarıma qıyma, Allah xətrinə! Yalvarıram, onlara toxunma!"
Oğlunun və nəvələrinin edam xəbərini alan Qanuni Sultan Süleyman da ağlayır, huşunu itirərək yıxılır.
Xatırladaq ki, şahzadə Bəyazid və oğulları İranın Qəzvin şəhərində 1561-ci ilin sentyabrın 25-də boğularaq edam olunublar.
Şahzadə Bəyazidin məzarı Türkiyənin Sivas bölgəsində, Əbdülvəhhab Təkkə məscidindədir.
Serialın növbəti, 138-ci bölümü bu axşam "Star" Tv-də göstəriləcək.