Qarabağda elektron müharibə SSENARİSİ: Dron sürüsü düşməni BELƏ MƏHV EDƏCƏK...

26-05-2020, 10:00   


Qarabağda elektron müharibə SSENARİSİ: Dron sürüsü düşməni BELƏ MƏHV EDƏCƏK...

Türkiyə Suriyada həyata keçirdiyi “dron müharibəsi”ni Liviyada da uğurla tətbiq edir və bunun fonunda Ermənistanda “Qarabağda elektron müharibə” ssenarilərinin gündəmə gəlməsi diqqət çəkir.

Publika.az
xəbər verir ki, Türkiyənin İHA (pilotsuz təyyarələr) və SİHA-larının (silahlı pilotsuz təyyarələr) Liviyada həyata keçirdiyi əməliyyatlar dünya gündəminin əsas mövzularındandır.

“Vaşinqton Post” qəzeti Türkiyənin Liviya müharibəsinin gedişini dəyişdirdiyini yazır.

Qəzet qeyd edir ki, Liviyanın BMT tərəfindən tanınan Milli Razılıq Hökumətinin xəlifə Haftarın əlindəki Vatiyyə hərbi bazasını almaq üçün həyata keçirdiyi “Qəzəb vulkanı” əməliyyatı davam edir. Buna paralel olaraq, Haftar qruplaşmasının ölkənin qərb bölgələrindən geri çəkilməsi müşahidə olunur.

Haftar strateji şəhərləri və qəsəbələri itirməkdədir.

“Burada ən önəmli məqam Türkiyənin Milli Razılıq Hökumətinə verdiyi hava dəstəyidir. Türkiyəni İHA və SİHA-ları, eləcə də hava müdafiə sistemləri Liviyanın qərb bölgəsinin təxminən hamısının Rusiya tərəfindən dəstəklənən və ötən ildən başlayaraq, paytaxt Trablusu ələ keçirməyə çalışan Haftarın əlindən alınmasına kömək etdi. 5 ay öncə Rusiyanın göndərdiyi muzdlu əsgərlərlə Birləşmiş Ərəb Əmirliyinin İHA-ları Haftar qruplaşmasının güclənməsi ilə nəticələndi. Lakin Türkiyənin Milli Razılıq Hökumətinə İHA və SİHA-larla verdiyi dəstək güc balansını dəyişdirdi. Xüsusilə Haftarın əlindəki Rusiya istehalı olan “Pantsir” hava müdafiə sistemlərinin Türkiyə SİHA-ları ilə məhv edilməsi diqqət çəkir”. – qəzet yazır.

Bu ilin fevral ayında Türkiyə pilotsuz təyyarələrinin Suriyada Rusiya istehsalı olan “Pantsir-S1” özüyeriyən zenit-raket sistemlərini hərəkət vəziyyətində məhv etməsi müharibə tarixinə bir ilk olaraq keçdi. Bu sistemlərin biri 17 milyon dollardır. Daha əvvəl “Pansir-S1” sistemini təkcə İsrail vurmuşdu. İsrail F-16, F-35 kimi döyüş təyyarələri ilə Şama hücum zamanı bu sistemi sıradan çıxardı, lakin raket sistemi onda bağlı vəziyyətdə idi. Bu sistemləri işlədiyi vaxt vurmaq heç vaxt mümkün olmayıb. Türkiyə isə SİHA-larla bu sistemləri işlədiyi halda məhv etməklə müharibə tarixində ilkə imza atdı. Türkiyə pilotsuz təyyarələrinin əsas üstünlüyü düşməni kor və kar edən MİLKAR, KOREL və REDET sistemləri ilə təchiz edilməsidir.



Suriyada, ardınca Liviyada Türkiyənin uğurla apardığı pilotsuz təyyarələrlə müharibəsi eyni ssenarinin Dağlıq Qarabağda da tətbiq ediləcəyinə dair fikirlərin meydana çıxmasına səbəb olub. Belə fikirlər xüsusilə Ermənistanda gündəmə gəlir.

Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, türkoloq Ruben Safrastyan hesab edir ki, Azərbaycan Qarabağda mümkün müharibədə Türkiyənin pilotsuz təyyarələrindən istifadə edəcək: “Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq və müqavilələr də bunu deməyə əsas verir”.

2016-cı ilin “aprel müharibəsi”ndə Azərbaycan Ordusu İAİ Harop “Kamikadze” PUA”, “ThunderB” nəzarət dronları və “Spike” TƏİR-ləri (tank əleyhinə idarəolunan raket kompleksi) sınaqdan çıxardı və düşmən ordusunun hərbi texnikası məhv edildi. Bu təcrübəni və dünyada artıq müharibələrin elektron formada aparıldığı reallığını nəzərə alsaq, Qarabağda mümkün müharibədə eyni ssenarinin tətbiq ediləcəyini deyə bilərik. Lakin bu dəfə Azərbaycanın üstünlüyü daha çoxdur. Çünki məhz Türkiyənin Yaxın Şərqdə müharibə tarixini dəyişdirən elektron hərbi metodlarından yararlanmaq imkanı var. Ermənistanı narahat edən əsas amillərdən biri məhz budur.

Erməni şərhçi Akop Badalyan iddia edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Ramazan bayramı münasibətilə zəng edərkən, bu məsələlər də müzakirə olunub.

“Ərdoğan İlham Əliyevə zəng vurdu. İki prezident koronavirusla mübarizəni müzakirə etdilər. Ehtimal ki, Türkiyə və Azərbaycan prezidentləri Suriyada və Liviyadakı müharibədən, Türkiyənin pilotsuz təyyarələrlə müharibə təcrübəsinin Qarabağda mümkün müharibədə də tətbiqindən danışdılar. Türklərin Liviyadakı uğurları Azərbaycanı ruhlandırır və azərbaycanlılar bunu öz qələbəsi kimi qəbul edir”, - Badalyan qorxu ilə yazır.

Mart ayında Azərbaycanın Müdafiə Nazirliyində keçirilən xidməti müşavirədə müdafiə naziri Zakir Həsənovun Türkiyə Silahlı Qüvvələrinin döyüş təcrübəsini öyrənərək ordumuzun hazırlıq planına daxil edilməsi, o cümlədən, Türkiyə istehsalı olan müasir silah, hərbi texnika və avadanlıqların alınmasının bundan sonra da davam etdiriləcəyinə dair dedikləri də təsadüfi hesab edilməməlidir.

Asif

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.