Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kor kora “kor” deməsə... – Rusiya Azərbaycandan üzr istəyəcəkmi?

5-02-2023, 16:14   


İşğalçı ölkələrin özlərini “işğalçı” adlandırması faktına bu günədək rast gəlinməyib. Təcavüzkarlar həmişə bir bəhanə tapıb təcavüzkarlıqlarına haqq qazandırmağa çalışıblar. Hazırda bunu Rusiyanın timsalında bütün dünya əyani görür.

Ermənistan isə öz işğalçılığını, ölkəmizə qarşı aqressiv və həyasız ərazi iddiasını uzun illər belə əsaslandırıb ki, guya Azərbaycan keçmiş DQMV ermənilərinə qarşı assimilyasiya-diskriminasiya siyasəti aparıb. Sən demə, Qarabağ erməniləri Azərbaycanın tərkibində it zülmü çəkib, “qəddar azərbaycanlılar”dan olmazın işgəncə görüb, mənəvi və fiziki terrora, hətta soyqırımına məruz qalıb (Bu necə soyqırımı, necə assimilyasiyadır ki, Qarabağda hələ də on minlərlə erməni yaşayır, qırılıb qurtarmaq əvəzinə çoxalıblar!) İndi də Laçın yolundakı qanuni aksiyanı bəhanə edib köhnə bayatıları oxuyurlar.

Əlbəttə ki, hamısı ağ yalandır. Çünki ortada daşdan keçən dəlil-sübutlar, sənədlər var. Gerçək budur ki, tam əksinə, Qarabağ erməniləri Azərbaycanın yerdə qalan əhalisi ilə müqayisədə daha yaxşı yaşayıb. Hətta öz dillərində məktəbləri, institutu olub, digər etnik qrupların (ruslar xaric) belə imkanları olmadığı halda.

Əfsus ki, xristian Qərbində erməni nağıllarına bu gün də inananlar var. Lakin bu o demək deyil ki, Azərbaycan separatçıların nazı ilə oynayacaq, onlara torpaqlarımızda ikinci saxta erməni dövləti qurmağa izn verəcək. Qulaqlarının dibini görəndə bunu da görərlər!

Odur ki, yaxşı olar Ermənistan öncə etirafda bulunsun ki, on illərlə apardığı işğalçılıq və Türkə nifrət siyasət onun xalqına nə qazandırıb? Haylar ağ günə çıxıbmı? İşğal olmasaydı, erməni xalqı, Qarabağdakı əhali indi necə yaşayardı?

Amma biz nə görürük? Onu ki, S. Lavrovun Ermənistanın Azərbaycanın 7 rayonunu onillərlə işğalda saxlaması və Azərbaycanın öz torpaqlarını azad etməsi barədə açıqlaması kapitulyant ölkədə isterik reaksiyalara, şizofrenik tutmalara və “maitsum” qıcolmalarına səbəb olub.

Məsələyə Ermənistan Prezidenti baş müşavirinin milli təhlükəsizlik üzrə köməkçisi Vladimir Poqosyan da reaksiya bildirib. Əvvəlcə o, Lavrova Azərbaycan ərazilərinin Ermənistan tərəfindən vaxtilə işğal olunduğunu deyəndə “ehtiyatlı olmağı” məsləhət görüb, ardınca isə deyib: “Məgər bizə silah-sursatı Rusiya verməyib? Onda cənab Əliyevin qarşısında üzr istə, de ki, bağışla, biz işğala kömək etmişik, özümüz də işğalçıyıq”.

Hələ harasıdır, daha sonra Poqosyan bir az da tikanlı danışıb: “Əgər siz Azərbaycanın 7 rayonunu bizim işğal etdiyimizi deyirsinizsə, onda gəlin Ukraynanın Krım, Donetsk və Luqans ərazilərinin işğalından danışaq. Xoşunuza gəlir? İndi orada müharibə aparırsınız. Əgər biz Azərbaycanın 7 rayonunu işğal etmişiksə, siz də Ukraynanın indi yerləşdiyiniz ərazilərini işğal etmisiniz”.

Poqosyandan LAVROVA: “Siz Əliyevdən üzr istəməlisiniz, çünki 7 rayonu işğal  etməyə yardım göstərmisiz”

Erməni olanda nə olar. Sözün düzünü deyir. Azərbaycan xalqı Xankəndindəki 366-cı Rusiya alayının Xocalı soyqırımında iştirakını, 44 günlük müharibənin sonuna yaxın Şuşaya “İsgəndər M” ballistik raketlərinin atılmasını da unutmayıb – Poqosyan bunu dilə gətirməsə də. Diqqət edin, özü də o, hansısa sıravi erməni deyil, rəsmi şəxsdir.

Beləcə, açıqlamada etiraf etirafa qarışıb. Necə deyərlər, kor kora “kor” deməsə, bağrı çatlar. Yaxud işğalçı işğalçıya tən gərək, tən olmasa...

armenia-russia-flags-1-1024x682.jpg (137 KB)

Aydındır ki, Rusiya və Ermənistan eyni bezin qırağı, Azərbaycana qarşı işğal ortaqlarıdır. O zaman təkcə İrəvan yox, Moskva da bizdən üzr istəməlidir! Hər halda, beynəlxalq hüququ, BMT Nizamnaməsini hələ heç kim ləğv eləməyib.

Ancaq işə bax ki, dünənin təcavüzkarı olan Ermənistan indi beynəlxalq hüquqdan Azərbaycandan da çox danışır. Eləcə də şimal qonşumuz Ukraynaya hərbi təcavüzünün qanuni olduğunu, ora rus əhalini “nasistlərdən qorumaq üçün” girdiyini iddia edir. Yəni ki, xilaskar qismində.

Ermənistan da 30 il eyni havanı çalmışdı...

musavat.com

Zahid SƏFƏROĞLU

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar