Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Deyə bilmərik ki, İranın Azərbaycandakı casuslarının kökü kəsilib” - Onlar haradadır?

8-02-2023, 17:45   


“Ümumilikdə, dünyada heç bir dövlət onun marağında olan dövlətin casus fəaliyyətindən sığortalanmayıb. Yəni hansısa bir dövlətin digər bir dövlət ərazisində marağı varsa, mütləq onun orada casusu olmalıdır”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında iranşünas, politoloq Sədrəddin Soltan Azərbaycanda İran agenturasının tam təmizlənməsindən, habelə həmin şəbəkə üzvlərinin hansı qurumlarda çoxalmasından söz açarkən deyib. 

S.Soltanın sözlərinə görə,onların fəaliyyətini və sayını minimuma endirmək həm cəmiyyətin ayıq-sayıqlığının, həm də həmin dövlətin qurumlarının işidir: 

“Heç vaxt deyə bilmərik ki, İranın Azərbaycandakı casuslarının hamısının kökü kəsilib və s. Bu, mümkün deyil. Lakin onların sayının azalması və fəaliyyətlərinin minimuma endirilməsi mümkündür. Bunu Azərbaycan cəmiyyəti ölkənin güc strukturlarıyla birgə həyata keçirə bilərlər”. 

O, nümunə də çəkib:

“Məsələn, Ukrayna hadisələri göstərdi ki, xarici kəşfiyyatın ölkənin təhlükəsizlik xidmətlərinə nüfuz etməsi mümkündür. Azərbaycanın bir sıra orqanları, ictimai təşkilatları, məktəbləri, yaxud məscidlərində, yəni ölkənin bütün ictimai-siyasi hərəkatlarının olduğu yerlərdə onların olmaması istisna edilmir".  

S.Soltan əlavə edib ki, bütün bu fəaliyyət və ayıq-sayıqlıq bu tip şəbəkənin və agenturanın ölkə daxilində miminimuma endirilməsi üçün vacib bir amildir və bunun üçün çalışmalıyıq: 

“Bunu siyasi partiyalar sıfırlaşdıra bilər, yaxud ictimai hərəkat təşkilatları bunu sıfıra endirə bilər. Lakin yenə deyirəm ki, bütövlükdə, ölkə üzrə bunların fəaliyyətini sıfıra endirmək çətin və mümkünsüzdür. 

O ki qaldı onların qarşısını almağa, bu, ilk növbədə, ölkə vətəndaşlarının dövlətçilik şüurundan keçir. Azərbaycanda dövlətçilik şüuru güclənərsə, milli özünüdərk, eləcə də milli düşüncə məsələləri inkişaf edərsə, bu tip neqativ hallar minimuma enər. Çünki dövlətin təhlükəsizliyi, onun qüdrəti və suverenliyinin qorunması kimi məsələlər bir dəfəyə həll olunmur. Bunu hər gün və hər saniyə qorumaq lazımdır. Çünki düşmən ölkəyə hər an nüfuz edə bilər. Yoxsa ki götürüb 15-20 nəfər şübhəlini tutmaqla iş bitmir. Əksinə, bu tip məsələlər hər an cəmiyyətin və uyğun qurumların nəzarəti altında olmalıdır. Bütün qurumlar bu tip məsələlərdə diqqətli olmalıdır. Bu hansısa bir qurumun funskiyası deyil”. 

“Məsələn, Elm və Təhsil Nazirliyi niyə bu işə diqqət yetirməsin? Məlum oldu ki, Azərbaycan məktəblərində “Salam Fərmandeh” mahnısı oxunulub. Deməli, Təhsil Nazirliyi də buna fikir verməlidir. Yaxud Azərbaycanın Mədəniyyət Nazirliyi. Misal çəkirəm, muzeylərdəki bərpa işlərində İran-fars elementləri ola bilər. Niyə buna nazirlik nəzarət etməsin? 

Qısası, dəxli yoxdur. Ölkədə bütün strukturlar bu tip məsələlərdə diqqətli olmalıdırlar. Çünki bəlli oldu ki, İrandakı rejim Ermənistandakı kimi Azərbaycanı sevən deyil. Ona görə də ətrafımızda düşmən rejimlər çox olduğundan, Azərbaycan dövlətinin bu məsələdə yumruq olması vacibdir”, - yekunlaşdırıb.

Rafi MÜSLÜMOV 



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar