Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kreml İrəvanı "itiuclu daş"la təhdid etdi: Rusiya "Qərbi seçsən, yox edərəm" mesajı verdi

11-02-2023, 14:46   


Kreml Paşinyan hakimiyyətinə dolayısı ilə deməyə çalışır ki, əgər, rəsmi İrəvan Rusiyanın regional maraqlarını anlamırsa, başa salacaq, nəzərə almaq istəmirsə, onda məcbur edəcək... Eyni zamanda, Rusiya rəsmi İrəvana Ermənistanın 1991-ci il sərhədlərinin də əslində, keçmiş SSRİ tərəfindən uydurulduğu və reallığı əks etdirmədiyi barədə təhdidkar məzmunlu xəbərdarlıq edir, Cənubi Qafqazın böyük dəyişikliklər ərəfəsində olduğuna eyham vurur...

Cənubi Qafqazda siyasi-diplomatik fəallığın artmaqda olduğu müşahidə olunur. Bu regionda maraqları olan bütün ölkələr geopolitik proseslərə müdaxilə etməyə cəhd göstərirlər. Və belə vəziyyət indiki halda, regionda sabitlik əvəzinə gərginliyin daha da artmasına yol açır.

Məsələ ondadır ki, Cənubi Qafqazda yerləşməyə can atan dövlətlərin sırası kifayət qədər genişdir. Üstəlik, bu dövlətlərin əksəriyyəti bir-birinə rəqibdir və onların maraqları kəskin şəkildə toqquşur. Regional gərginliyi artıran əsas faktor da elə bu məqamdır.

Son bir neçə gün ərzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ayrı-ayrılıqda həm Rusiya, həm də Qərb ölkələrindən olan həmkarları ilə müzakirələr aparıblar. Rəsmi İrəvan isə növbəti dəfə ikibaşlı oyunlara xüsusi həvəs göstərməsi ilə diqqəti çəkir. Belə ki, xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın bitib-tükənməyən iddialarına bağlı eyni mövzuları rusiyalı və fransalı həmkarlarının diqqətinə çatdırıb.

Bütün bunlara paralel olaraq, Cənubi Qafqazda maraqları olan kənar ölkələr də bir-biri ilə məsləhətləşmələr aparırlar. Belə ki, ABŞ dövlət katibi Entoni Blinken və Fransa xarici işlər naziri Katrin Kolonna Azərbaycan-Ermənistan münasibətləri ətrafında yaranmış vəziyyəti müzakirə ediblər. Hər iki tərəf sülh prosesinin inkişafında maraqlı olduqlarını vurğulamaqla yanaşı, Laçın yolu ilə bağlı vəziyyətə toxunublar. Halbuki, məhz sonuncu məsələnin ABŞ və Fransaya qətiyyən aidiyyəti yoxdur. Bu məsələ Azərbaycanın daxili işidir. Və rəsmi Bakı bu mövzunu heç kimlə müzakirə etmək niyyətində deyil.

30ed3f36-8368-4d7c-9517-ac6085b0de46.jpg (136 KB)

Ancaq ABŞ və Fransa diplomatiya liderlərinin Cənubi Qafqazla bağlı bütün məsələlərdə ortaq mövqedən çıxış etməyə hazırlaşması ciddi maraq doğurur. Çünki bu ortaqlıq üçün Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan ilə müzakirələri intensicləşdirməyi də vacib hesab edirlər. Buna paralel olaraq, rəsmi İrəvanın Rusiyanın vasitəçiliyi ilə növbəti yüksək səviyyəli görüşə qarşı çıxmayacağına eyham vurması isə daha bir ziddiyyətli məqam kimi ön plana çıxır.

Belə anlaşılır ki, Ermənistan ABŞ və Qərbi növbəti dəfə regional sülh prosesində qarşı-qarşıya gətirməyə çalışır. ABŞ və Qərb sülh danışıqlarını bərpa edərək, Cənubi Qafqazda geopolitik proseslərin istiqamətlərini dəyişmək niyyətindədir. Rəsmi İrəvan isə son vaxtlara qədər uzaq durmağa çalışdığı Rusiya faktorunu yenidən sülh prosesinə gətirməklə, hər iki tərəfi dolayısı ilə şantaj etməyə cəhd göstərir. Və bununla da Ermənistana daha çox mənfəət vəd edən tərəfə doğru yönələcəyinin mesajını verir.

Təbii ki, Rusiya rəsmi İrəvanın "sürüşkən müttəfiq" taktikasından ciddi şəkildə narazıdır. Böyük ehtimalla hazırda rəsmi İrəvanı Kremlin qəzəbindən Rusiyanın Ukrayna savaşında ağır vəziyyətə düşməsi hələlik qoruyur. Ancaq bu, Ermənistan üçün qətiyyən etibarlı müdafiə faktoru rolunu oynamır və ən yaxşı halda, müvəqqəti xarakter daşıyır.

Məsələ ondadır ki, Rusiya Ermənistanın davranışlarından, rəsmi İrəvanın sülh prosesində ABŞ və Qərbə üstünlük verərək, anlamağa çalışmasından ciddi şəkildə narahatdır. Çünki ABŞ və Qərbin vasitəçiliyi ilə imzalanacaq sülh sazişi Rusiyanın Cənubi Qafqazda rolunu minimum səviyyəyə qədər zəiflədə bilər. "Rusiya Cənubi Qafqazdan çıxmaq niyyətində deyil" deyən İrəvandakı rus səfirin açıqlaması və Xarici İşlər Nazirliyinin təmsilçisi Mariya Zaxarovanın sərt xəbərdarlığı da vəziyyətin böhran həddinə çatdığını göstərir.

Ona görə də, Rusiyanın Ermənistandakı əsas təbliğat ruporlarından olan "Qolos Armenii" nəşrinin rəsmi İrəvanı kəskin ittihamlara məruz qoyması da qətiyyən gözlənilməz deyil. Kremlə sadiqliyi ilə seçilən keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın nəzarətində olan bu erməni nəşri hesab edir ki, Paşinyan hakimiyyəti Qərb kəşfiyyatının təhlükəli oyunlarında alətə çevrilib: "Paşinyan hakimiyyəti Ermənistanın təhlükəsizliyini təmin etmək ümidi ilə ABŞ və Qərbin Rusiyanı regiondan sıxışdırmaq məqsədi güdən təlimatlarını icra edir".

dfff46f85a6f7716afea452049b8c6e007a.jpeg (143 KB)

Göründüyü kimi, Kreml Paşinyan hakimiyyətini erməni media resursları üzərindən də ittiham etməyə başlayıb. Buna paralel olaraq, Mariya Zaxarovanın baş nazir Nikol Paşinyanın son açıqlamasını əsəbi tonda təkzib etməsi də rəsmi İrəvan üçün "cəza zərbəsi"nin o qədər də uzaqda olmadığını biruzə verir. Və baş nazir Nikol Paşinyanın son açıqlamasının Kremldə qıcıq doğurduğu artıq şübhə yaratmır.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan KTMT-nın müşahidə missiyası göndərmək təklifinə eyham vuraraq, Ermənistanla sərhəddə Rusiya qoşunlarının mövcudluğundan Azərbaycanın narahat olduğunu vurğulamışdı. Ardınca isə erməni baş nazir KTMT-dan Ermənistanın təhlükəsizlik strukturu barədə dəqiq cavab almadığını bildirmişdi: "Avropa Birliyinin missiya göndərməsisə Praqa görüşündə Ermənistan ərazisinin dəqiq müəyyən olunması sahəsində mümkün oldu".

Rusiya Xarici İşlər Nazirliyinin təmsilçisi isə buna cavab olaraq, vurğulayıb ki, əgər, baş nazir Nikol Paşinyanın açıqlaması Avropa Birliyinin regiona çəkilməsinə haqq qazandırmaq məqsədi güdürsə, bu, o qədər də uğurlu deyil. Yəni, Kreml rəsmi İrəvanın Rusiyanın patronajlığı altında olan KTMT-nın deyil, məhz Avropa Birliyi missiyasının seçilməsi ilə bağlı bəhanələrini qətiyyən ciddiyə almır.

Azərbaycanın Qarabağ regionunda rus sülhməramlıların olduğunu, Ermənistan sərhədlərinin Rusiya qoşunları tərəfindən qorunduğunu xatırladan Mariya Zaxarova rəsmi Bakının bu məsələ ilə bağlı narahatlığına və etirazlarına isə heç vaxt şahid olmadıqlarını vurğulayıb: "Əksinə, Azərbaycanın məhz Avropa Birliyi tərəfindən Ermənistana müşahidə missiyası yerləşdirilməsindən narazı olduğu artıq rəsmən bəyan edilib".

Eyni zamanda, M.Zaxarova Kreml adından Ermənistanı dolayısı ilə təhdid etməyi də qətiyyən unutmayıb. O, bildirib ki, Avropa Birliyi Cənubi Qafqazda təhlükəsizlik sistemini dəyişməyə cəhd göstərir: "Ancaq unudurlar ki, Cənubi Qafqazda Rusiya qoşunlarının mövcudluğu və Ermənistanın KTMT üzvlüyü "itiuclu daş" rolunu oynayır. İnanmaq istərdik ki, rəsmi İrəvan bunu anlayır və nəzərə alır".

ef14b9c0-7d7b-4546-92ff-062e54303361.jpg (105 KB)

Göründüyü kimi, Kremldən mesaj verilir ki, əgər, Ermənistan anlamırsa, Rusiya onu başa sala bilər. Rəsmi İrəvan bu reallığı nəzərə almaq istəmirsə, onda regionda"itiuclu daş" rolunu oynayan Rusiya qoşunları dərhal hərəkətə gəlib, Ermənistana xatırladar. Və bu, onu göstərir ki, Paşinyan hakimiyyəti Ermənistanı Rusiyadan uzaqlaşdırıb, Qərbə yaxınlaşmağa cəhd göstərsə də, Kreml heç bir halda, rəsmi İrəvana belə bir şans tanımaq niyyətində deyil.

Məsələ ondadır ki, Kreml indi Ermənistanı hətta açıq və birbaşa təhdid etməyə də başlayıb. Rusiya Daxili və Xarici Siyasət Şurasının mərkəz direktorunun müavini Dmitri Suslov bildirib ki, əgər, rəsmi İrəvan Qərbin xeyrinə strateji seçim edərsə, bu, Ermənistan üçün intihar anlamı daşıya bilər: "İlk olaraq, ermənilər Dağlıq Qarabağda yaşamaq hüququnu itirəcəklər. Ardınca isə Ermənistan keçmiş SSRİ-nin müəyyənləşdirdiyi inzibati ərazi bölgüsünü ifadə edən 1991-ci sərhədlərini də unutmalı olacaq".

Belə anlaşılır ki, Kreml Ermənistanın mövcudluğunun birbaşa Rusiyadan asılı olduğunu qabartmağa başlayıb. Kreml rəsmi İrəvanı xəbərdar edir ki, Rusiya müdafiə etməsə, Ermənistan dövləti olmayacaq. Qərb isə Ermənistana yardıma həvəs göstərməyəcək. Dolayısı ilə rəsmi İrəvana 1991-ci il sərhədlərinin əslində, keçmiş SSRİ tərəfindən uydurulduğu və reallığı əks etdirmədiyi mesajı verilir. Və, Rusiya xarici işlər naziri Sergey Lavrovun "Ermənistan Azərbaycan ərazilərini işğal etmişdi" məzmunlu açıqlamasından sonra növbəti xəbərdarlıq təsiri bağışlayır.

Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda ABŞ və Qərb Rusiya ilə həlledici geopolitik savaşa başlayıb. Ancaq hər iki tərəfin zərbələri hələlik yalnız birbaşa Ermənistana dəyir. Ona görə də, böyük ehtimalla Ermənistanın gələcək taleyini hətta bu geopolitik savaşın nəticələri də xilas edə bilməyəcək. Və bu baxımdan, hesab etmək olar ki, hazırda Cənubi Qafqazda böyük geopolitik dəyişikliklər ərəfəsindədir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar