Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ daha bir “dağıdıcı silah”ını işə salıb: Ağ Ev Rusiyanı daxildən vurmağa çalışır

13-02-2023, 18:39   


Rusiya ərazisində terror dalğasının ola biləcəyi ilə bağlı təhlükəli ehtimal ön plana keçib, Ağ Evin Ukrayna savaşında hədəflərinə tam çatmadığı üçün Rusiyanı daxildən sarsıtmaq planları qurduğu iddia olunur... Hazırda terror variantı bu nəhəng ölkəni daxildən daha effektiv vura biləcək əsas mexanizm kimi görünür, yaxın vaxtlarda Rusiya cəmiyyətini xofa salaraq, sabitliyi poza biləcək dəhşətli hadisələrin törədiləcəyi gözlənilir...

ABŞ və bəzi Qərb ölkələrinin son davranışlarında müəyyən müəmmalı məqamlar müşahidə olunur. Belə ki, həmin dövlətlərin səfirlikləri fəaliyyət göstərdikləri ölkələrdə öz vətəndaşlarına müraciətləri artıq “ənənə”yə çevirmiş kimi görünürlər. Və bu “ənənə” bir çox hallarda məyusedici nəticələrə yol açır.

Məsələ ondadır ki, ABŞ və Qərb ölkələrinin diplomatik nümayəndəliklərinin öz vətəndaşlarına son iki müraciəti Türkiyədə faciəvi hadisələrlə yadda qalıb. İlk belə müraciətdən bir neçə gün sonra İstanbulda terror aksiyası baş vermişdi. Sonrakı müraciət isə bu ilin yanvar ayına təsadüf edirdi.

ABŞ və əksər Avropa dövlətlərinin səfirlikləri bir neçə həftə ardıcıl şəkildə öz vətəndaşlarını Türkiyəyə səfərdən imtinaya və bu ölkəni vaxt itirmədən tərk etməyə çağırırdılar. Nə qədər qəribə də olsa, bu çağırışlar müxtəlif səbəblərlə izah olunsa da, konkret rəsmi mövqe bildirmirdi. Ən sondasa, həmin ölkələr Türkiyədəki diplomatik nümayəndəliklərini belə, bağlamaq qərarına gəldilər.

452eefa4-220d-42dc-a7b5-7624cb6245f9.jpg (252 KB) 

Təbii ki, rəsmi Ankara ABŞ və Avropa ölkələrindən bu davranışların səbəblərinin daha dəqiq şəkildə izahını tələb etdi. Hətta NATO üzrə müttəfiq olan bu ölkələri Türkiyəni yaxınlaşan təhlükədən xəbərdar etməyərək, öhdəlikləri pozmaqda da qınadı. Bunun qarşılığında verilən cavablar isə Türkiyədə terror aksiyalarının törədilə biləcyindən narahatlıqlarını ifadə etməkdən uzağa getmədi. Və bir qədər sonra Türkiyədə terror aksiyaları deyil, son yüz ilin ən güclü zəlzələsi baş verdi.  

Maraqlıdır ki, indi təxminən oxşar prosesə Rusiya ilə bağlı da start verilib. Belə ki, ABŞ-ın Rusiyadakı səfirliyi amerikalılara müraciətlə, bu ölkəni dərhal tərk etməyə çağırıb. Ona görə də, belə təxmin etmək olar ki, yaxın vaxtlarda Rusiya ərazisində hansısa dəhşətli hadisələr baş verə bilər. Və bu, Rusiya cəmiyyətində ciddi gərginliyə də yol açmağa başlayıb.

Onu da qeyd etmək lazımdır ki, ABŞ səfirliyinin Rusiyadakı amerikalılara müraciətinin bu ölkədə siyasi-ictimai dalğalanma yaratmaq məqsədi güdə biləcəyi də qətiyyən istisna olunmur. Çünki Rusiya cəmiyyətinin xof texnologiyasına daha həssas vəziyyətə gətirilməsi ABŞ və Qərbin maraqlarına tamamilə cavab verir. Hər halda, bu, Rusiya əhalisinin Putin hakimiyyətinə qarşı etiraz dalğasına münbit şərait yarada bilər.

24d70acd8d1b6f62b68acce5b853356c.jpg (164 KB) 

Təbii ki, Kremlin də hazırda Ağ Evin davranışlarını cavabsız buraxmadığını nəzərə aldıqda, ABŞ və Rusiya arasında siyasi-psixoloji savaşın artıq son həddə qədər intensivləşdiyini də düşünmək olar. Son baş verən olaylar da məhz bu siyasi-psixoloji savaşın əlamətləri kimi diqqəti çəkir. Üstəlik, Kremlin ABŞ səfirliyinin son davranışlarına reaksiyası daha konkret və birmənalı ittiham xarakteri daşıdığından siyasi-psixoloji savaşın inkişaf edəcəyinə də işarədir.

Məsələ ondadır ki, ABŞ Ermənistandakı keçmiş diplomatik təmsilçisi Linn Treysini Rusiyaya səfir təyin edib. ABŞ-ın Rusiyadakı yeni səfiri Linn Treysi isə ziddiyyətləri dərinləşdirmək, fərqli konflikt səbəbləri yaratmaq üzrə peşəkar mütəxəssis sayılır. Onun Rusiyaya getməsindən sonra bu, açıq-aşkar və daha qabarıq şəkildə nəzərə çarpır.

Bir neçə gün öncə ABŞ-ın Rusiyadakı səfirliyinin öz ölkəsinin vətəndaşlarına müraciət edərək, Rusiyanı dərhal tərk etməyə çağırması da bu baxımdan, təsadüfi və ya xoşniyyətli addım hesab olunmur. ABŞ səfirliyi bu çağırışını nə qədər qəribə də olsa, Kremlin ikili vətəndaşlığı tanımayacağı və amerikalıları da Rusiya ordusuna çağıra biləcəyi ilə əsaslandırıb. Ancaq müəyyən mənada, absurd xarakter daşısa da, ABŞ səfirliyinin "Rusiyanı dərhal tərk edin" məzmunlu bu çağırışı iki ölkə arasında siyasi-psixoloji gərginliyin maksimum həddə çatdırılması üçün tamamilə kifayət edib.

073816c1b650bc3d945af75d161df8f9.jpg (404 KB) 

Buna cavab olaraq, Kreml isə Rusiya kəşfiyyatının ABŞ tərəfindən müxtəlif terrorçu qruplaşmaların gizli əməkdaşlığa cəlb edilməsi barədə məlumatlara malik olduğunu vurğulayıb. Kremlə yaxın siyasi dairələr iddia edirlər ki, ABŞ həmin terrorçu qruplaşmalardan məhz Rusiya ərazisində kütləvi terror aksiyaları törətmək üçün istifadə etmək niyyətindədir. Ona görə də, hələlik rus kəşfiyyatına istinadən yayılan bu məlumatların daha çox ABŞ-ı beynəlxalq terrorizmlə əlaqələrdə ittiham etmək məqsədi daşıdığını da düşünmək olar.

Ancaq əsl həqiqətdə bütün bu qarşılıqlı siyasi-psixoloji oyunlarda güdülən məqsəd yəqin ki, yaxın vaxtlarda ortaya çıxmağa başlayacaq. Hələlik isə onu demək olar ki, nə ABŞ-a, nə də Rusiyaya inanmaq mümkün deyil. Çünki hər iki nəhəng dövlət öz maraqları naminə beynəlxalq ictimai rəyin manipulyasiya olunmasına xüsusi həvəs göstərir. Eyni zamanda, həm ABŞ-dan, həm də Rusiyadan istənilən addımı gözləmək mümkündür. Yəni, hər iki tərəfin iddiaları yalan da ola bilər, sonradan reallığa da çevrilə bilər.

Bu baxımdan, Rusiya ərazisində terror dalğasının ola biləcəyi hər halda, təhlükəli olaraq, qalmaqdadır. Bəzi rus politoloqlar hesab edirlər ki, Ağ Ev Ukrayna savaşında hədəflərinə tam çatmadığı üçün Rusiyanı daxildən sarsıtmaq planları qurmuş ola bilər. Onların fikrincə, hazırda ölkə daxilində terror variantı Rusiyanı içəridən daha effektiv vura biləcək əsas mexanizm kimi görünür. Və belə anlaşılır ki, ABŞ “diplomatik yumruq” silahına da sarılıb, yaxın vaxtlarda Rusiya cəmiyyətini xofa salaraq, sabitliyi poza biləcək dəhşətli planların reallaşdırılma ehtimalı qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar