Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Məşhur geoloq: “İstanbulda 7 bal gücündə zəlzələ 25 milyon insana təsir edəcək” - MÜSAHİBƏ

16-02-2023, 15:12   


Məşhur geoloq: “İstanbulda 7 bal gücündə zəlzələ 25 milyon insana təsir edəcək” - MÜSAHİBƏ


Türkiyədə baş verən dəhşətli zəlzələlər gündəmin əsas mövzusudur.

6 fevralda Kahramanmaraş, Hatay, Qaziantep, Şanlıurfa, Diyarbakır, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda baş verən zəlzələ bəzi iddiaları da gündəmə gətirib. Xüsusilə, Kahramanmaraşda 9 saat fərqlə 7,7 və 7,6 bal gücündə 2 böyük zəlzələnin baş verməsi itki sayının kəskin artmasına səbəb oldu. Son məlumatlara əsasən, zəlzələ nəticəsində 36 mindən çox insan həlak olub, 108 mindən çox da yaralı var. 

Cebhe.info-nun suallarını Türkiyənin Qazi Universitetinin dosenti, geoloq və fəlakətlərin idarə edilməsi üzrə mütəxəssis Bülənt Özmən cavablandırıb.

- Bülənt bəy, zəlzələlərdən sonra Türkiyədəki ümumi vəziyyət necədir?

- Hamımız bütün prosesləri çox yaxından izləyirik. Təəssüf ki, 2 güclü zəlzələdən sonra onminlərlə vətəndaşımızı itirdik və bölgədə çox böyük dağıntılar meydana gəldi. Hələ ki, tam olaraq hesablamalar aparılmamasına rəğmən, çox ciddi şəkildə sarsılmışıq. Artıq dövlət və millət olaraq əl birliyi ilə sürətli şəkildə çalışaraq zəlzələ bölgələrini əvvəlki və ya əvvəlkindən daha yaxşı vəziyyətə gətirməliyik. Yəni həmin bölgələri ayağa qaldırmalı və düzəltməliyik. Zəlzələdən zərərçəkənləri də bir an öncə əvvəlki həyatlarına qaytaracaq tədbirlər lazımdır.

- Başda Kahramanmaraş və Hatay olmaqla həmin ərazidə yenidən güclü zəlzələ ehtimalı var?

- Əslində zəlzələ 11 əyalətə birbaşa, digərlərinə isə dolayı yolla təsir etdi. Hətta zəlzələnin təsir etdiyi əyalətlərin sayı 15-ə çatır. Bu zəlzələ təxminən 14% Türkiyə vətəndaşına birbaşa təsir etdi. Biz həm bölgələrdəki zəlzələ aktivliyinə, həm də keçmişdəki zəlzələlərə baxdığımız zaman bunun baş verəcəyi gözlənilirdi. Fəqət 9 saat fasilə ilə bir-birinə bənzəyən və aralarında təxminən 100 kilometrlik məsafə olan bənzər böyüklükdəki 2 böyük zəlzələnin baş verməsi çox gözlənilmirdi. 

Bu iki zəlzələ nəticəsində isə Şərqi Anadolu fay xəttinin qırılmayan hissəsi də qırıldı. Birinci zəlzələ nəticəsində 300-350 kilometrlik sınma xətti meydana gəldi. İkinci də isə ən azı 100-150 kilometrlik sınma xətti yaratdığı ifadə olunur. Zəlzələ elmi bizə dəqiq danışmaq şansı verməsə də, bundan sonra eyni bölgədə bənzər böyüklükdə bir zəlzələnin olma ehtimalı çox aşağıdır. Həm fay xətlərinə, həm də sınma xətlərinə baxanda belə qənaətə gəlmək olar.

- Son zamanlar bir çox mütəxəssislər tərəfindən tezliklə İstanbulda da zəlzələ baş verəcəyi ilə bağlı xəbərdarlıq səsləndirilir. Sizcə, bu deyilənlər nə dərəcədə əsaslıdır?

- Bunları bu zəlzələ ilə əlaqələndirməmək lazımdır. 6 fevralda meydana gələn zəlzələlər ilə İstanbulda baş vermə ehtimalı olan zəlzələ bir-birindən tam fərqlənəcək. Onların baş vermə səbəblərinin də bir-biri ilə heç bir əlaqəsi olmayacaq. Yəni 6 fevralda Türkiyəni yasa boğan 2 böyük zəlzələ meydana gəlmədən öncə İstanbulda zəlzələ ehtimalı nə qədər yüksək idisə, yenə də o dərəcədə yüksəkdir. Ümumiyyətlə, buna İstanbul zəlzələsi yox, Mərmərə zəlzələsi deməliyik. Çünki zəlzələ Mərmərə dənizi içərisində meydana gələcək. Sadəcə İstanbula yox, Mərmərə dənizinin ətrafında yerləşən bütün əyalətlərə təsir edəcək. 

Onsuz da İstanbulda zəlzələnin olacağı bilinən bir həqiqətdir. İstanbulda və Mərmərə dənizində baş verəcək zəlzələnin də 7 baldan güclü olacağı ehtimalının yüksək olduğu bir çox çalışmada müəyyən olunub. Mərmərə dənizinin ətrafında olan vilayətlərdə təxminən 25 milyona yaxın insan yaşayır.

7 baldan yüksək olan zəlzələ onlara ciddi şəkildə təsir edəcək. Amma bunlar sadəcə ehtimallardır və nə zaman olacağını dəqiq demək imkanımız yoxdur. Bunun əsas səbəblərindən biri də 1766-cı ildə Kumburqazda baş verən zəlzələdir.  256 il içərisində  orada gərginlik davam edir və gələcəkdə qırılaraq həmin bölgədə zəlzələ meydana gəlməsi ehtimal olunur. Ancaq bunun nə zaman olacağı barədə heç birimiz fikir bildirə bilmərik. Yəni zəlzələnin konkret tarixini proqnozlaşdırmak mümkün deyil.

- Həm Türkiyə, həm də dünya tərəfindən bu zəlzələ əsrin fəlakəti adlandırılır. Sizcə bu fəlakətin yaşanmasına təsir edən ən böyük səbəb nədir?

- İstər zəlzələ, istərsə də digər təbii fəlakətlərdən sonra öncə edilən çalışmalara baxmaq lazımdır. Yəni bütün tələblər ciddi şəkildə yerinə yetirilmiş olsaydı, minlərlə bina dağılmazdı. Əgər əlimizdə olan zəlzələ xəritələrinə, fay xətlərinə və bina tikintisi qaydalarına diqqətlə baxılsaydı, eləcə də bütün qaydalara ciddi şəkildə riayət edilsə və yoxlamlar vaxtında keçirilsəydi, o qədər bina dağılmazdı. Həmçinin, bu qədər də bina ciddi şəkildə zərər görməzdi. 

Amma bu mexanizmləri düzgün şəkildə istifadə edə bilmədiyimiz ortaya çıxdı. Biz ancaq dağılan binalara fokuslanırıq, amma eyni bölgədə dağılmayan minlərlə binanın olduğunu da görürük. Deməli, türk insanları olaraq zəlzələyə dayanıqlı bina inşa edə bilirik. Önəmli olan zəlzələyə dayanıqlı binaların sayını artırmaqdır. Dayanıqsız olanları isə mümkün qədər minimum səviyyəyə endirməli və belə böyük zəlzələrdən ən az ziyanla çıxmağın yollarını tapmalıyıq. Onsuz da elm bunun üçün var. 

- Bəs zəlzələnin qarşısını almaq mümkündür?

- Zəlzələrin qarşısını tamamilə almaq mümkün deyil. Bunlar hansısa formada olacaq. Türkiyədə də çox sayda zəlzələ meydana gətirmə potensialı olan fay xətləri var. Bunlar çalışmalar nəticəsində ortaya çıxarılır. Hazırda 550 ədən zəlzələ meydana gətirmək potensialının mövcud olduğu fay xəttinin olduğu aşkarlanıb. Təbii ki, belə çalışmalarda tikinti və abadlaşdırma planlarında fay xətlərini nəzərə alaraq,  bufer zona formalaşdırmalıyıq. Bununla yanaşı, zəlzələ ehtimalı olan yerlərdə tikintiyə icazə verilməməlidir.

- Zəlzələ baş verdikdən sonra xarici qüvvələr tərəfindən süni şəkildə törədildiyi barədə iddia gündəmə gəldi. Siz bu ehtimalları necə dəyərləndirirsiniz?

- Konkret şəkildə deyirəm ki, bu böyüklükdə bir zəlzələnin süni şəkildə yardılması mümkün deyil.

Elmir Mustafa
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar