Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Türkiyə “müttəfiq hədəfi”nə çevrilir: ABŞ və NATO “zəlzələ manevrləri”nə başlayıb

16-02-2023, 20:19   


ABŞ və Qərb indiki situasiyada Türkiyənin kənar təzyiqlərə daha həssas ola biləcəyini diqqətə alır, rəsmi Ankaranı NATO-nun istəklərini icra etmək məcburiyyətində buraxmağa çalışır… Ağ Ev Türkiyəyə maliyyə dəstəyinin verilməsini, “F-16” döyüş təyyarələrinin satılmasını, Ərdoğan hakimiyyətinə seçkidə qələbə şansını artıra biləcək bəzi güzəştlərin edilməsini də “siyasi bazarlıq masası”na çıxartmağa can atır…

Türkiyədə baş vermiş təbii fəlakət dünyanın siyasət məkanına da öz təsirini göstərməyə başlayıb. Rəsmi Ankara Türkiyəyə dəstək verən ölkələrlə münasibətlərinə yenidən baxa biləcəyinə yönəlik mesajlar verir. Xüsusilə də, Türkiyə-Yunanıstan münasibətlərində kifayət qədər yumşalma maşahidə olunur. Halbuki, təbii fəlakətin baş verməsinə və Yunanıstanın Türkiyəyə dəstəyinə qədər bu münasibətlər az qala savaşöncəsi situasiya təsiri bağışlayırdı.

Eyni zamanda, Türkiyədə baş verən zəlzələnin mövcud nəticələrindən faydalanmağa can atan beynəlxalq siyasi iradə mərkəzləri də olmamış deyil. Həmin beynəlxalq siyasi iradə mərkəzləri indiki vəziyyəti Türkiyəyə yönəlik təzyiqləri gücləndirmək üçün ən sərfəli situasiya olaraq görürlər. Və artıq bu istiqamətdə konkret addımların atılmasına yönəlik cəhdlərin mövcudluğu da qətiyyən diqqətdən yayınmır.  

Maraqlıdır ki, təbii fəlakətin ilk günlərində NATO baş katibi Yens Stoltenberq bu qurumun Türkiyəyə dəstək üçün hazırlıq prosesinə başladığını bəyan etmişdi. Düzdür, əksər NATO ölkələri Türkiyəyə müəyyən səviyyədə yardım göstərdilər. Ancaq həmin ölkələr öz dəstəklərini NATO adından deyil, fərdi şəkildə reallaşdırdılar. Bu baxımdan, NATO-nun Türkiyəyə yardımının nədən ibarət olduğu hələ də məlum deyil. Ola bilsin ki, bu, daha sonrakı mərhələdə tədricən aydınlaşmağa başlayacaq.

452eefa4-220d-42dc-a7b5-7624cb6245f9.jpg (252 KB) 

Ancaq hələlik NATO-nun baş katibi Yens Stoltenberq bu ağır günlərdə Türkiyəyə səfər etməklə, diqqəti öz üzərinə çəkib. Bu səfərə duyulan ehtiyac rəsmi açıqlamalarda NATO-nun öz önəmli üzvü Türkiyəyə dəstəyini ifadə etmək niyyəti ilə arqumentləşdirilmişdi. Halbuki, səfər ərəfəsində və ondan sonra verilən bəzi açıqlamalar NATO baş katibinin daha fərqli hədəflərinin olduğunu da sezdirirdi.

Məsələ ondadır ki, NATO baş katibi səfər ərəfəsində İsveç və Finlandiyanın eyni vaxtda bu quruma üzvlüyündə israrlı olduğunu da vurğulamışdı. O, vurğulamışdı ki, NATO baş katibi kimi, uzun müddətdən bəridir ki, şəxsən rəsmi Ankaranı bu iki dövlətin eyni vaxtda üzvlüyünü təsdiqləməyə çağırmaqda davam edir. Ancaq Türkiyə bu barədə qərar verməyə tələsmir. Və hətta Finlandiyanın NATO-ya təkbaşına üzvlüyünə daha müsbət yanaşdığını biruzə verir.

Təbii ki, NATO-da, eləcə də Qərb siyasi dairələrində rəsmi Ankaranın bu mövqeyi bir çoxlarını qətiyyən qane etmir. Onlar hesab edirlər ki, Türkiyə öz mövqeyi ilə NATO-nun genişlənərək, daha da güclənmək şansını bloklayır, ən azından, bu prosesi qeyri-müəyyən müddətə qədər əngəlləməyə çalışır. Ona görə də, rəsmi Ankaraya bu proseslə bağlı mümkün qədər tez bir zamanda qərar verilməsi üçün təzyiqlər göstərilir.

14704572t1h44ac.jpg (32 KB) 

NATO baş katibi Y.Stoltenberq Ankarada bu mövzunu artıq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə bağlı qapılar arxasında müzakirə edib. NATO baş katibinin Türkiyə prezidentindən istədiklərini tam ala bilmədiyi isə onun xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ortaq mətbuat konfransında ortaya çıxıb. Belə ki, NATO baş katibi İslamın müqəddəs kitabının yandırılmasının Türkiyədə doğurduğu kəskin reaksiyanı anladığını vurğulayıb: “Mən müsəlmanların heysiyyatına toxunan həmin aksiyaları utancverici və qəbuledilməz hesab edirəm. Ancaq nəzərə almaq lazımdır ki, bu utancverici davranış həmin dövlətin qanunlarına zidd deyil”.

Digər tərəfdən, NATO baş katibi İsveç və Finlandiyanın Türkiyə qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək üçün olduqca çox iş gördüyünü də vurğulayıb. Onun fikrincə, bu iki dövlətin NATO-ya üzvlüyünün təsdiqlənməsinin vaxtı da çoxdan çatıb. Xarici işlər naziri M.Çavuşoğlu isə cavabında bildirib ki, Türkiyə NATO-nun güclənməsinə hər cür dəstək verməyə hazırdır: “Ancaq biz İsveç və Finlandiyadan olan gözləntilərimizi artıq rəsmən bəyan etmişik. Və Türkiyə həmin gözləntilərinə yalnız kağız üzərində deyil, həm də atılan real addımlarla da cavab gözləyir”.

Belə anlaşılır ki, NATO baş katibi İsveç və Finlandiyanın quruma üzvlüyü ilə bağlı nə qədər optimist olsa da, rəsmi Ankara qətiyyən eyni mövqedə deyil. Əksinə, Türkiyə mövcud situasiyadan və proseslərin inkişaf istiqamətlərindən ciddi şəkildə narazı olduğunu qətiyyən gizlətmir. Və rəsmi Ankaranın bu prinsipial mövqeyinin yaxın gələcəkdə Türkiyəyə başqa istiqamətlərdən daha ciddi problemlər yarada biləcəyi də qətiyyən istisna deyil.

biden-erdogannn.JPG (25 KB) 

Məsələ ondadır ki, ABŞ və Qərb indiki situasiyada Türkiyənin kənar təzyiqlərə daha həssas ola biləcəyini diqqətə alır. Ona görə də, təzyiqləri gücləndirməklə, rəsmi Ankaranı yola gətirməyə çalışır. Bəzi ehtimallara görə, bu məsələ Türkiyənin təbii fəlakət bölgəsinin bərpasına maliyyə qaynaqları cəlb etməsinə əngəl törədə bilər. Yəni, əgər, rəsmi Ankara ABŞ və Qərbin tələblərini yerinə yetirməzsə, Ağ Evin beynəlxalq maliyyə qurumlarının Türkiyəyə iriməbləğli kreditlər ayırmasını bloklama ehtimalı da qətiyyən istisna deyil.

Təbii ki, ABŞ-ın dövlət katibi Entoni Blinkenin Türkiyəyə bu həftə reallaşacaq səfərində bütün bu məsələlər geniş şəkildə müzakirə ediləcək. Böyük ehtimalla amerikalı diplomat Türkiyəyə “F-16” döyüş təyyarələrinin satılması, eləcə də, zəlzələ bölgəsi ilə bağlı maliyyə dəstəyinin əvəzində rəsmi Ankaradan İsveç və Finlandiyanın NATO üzvlüyünün təsdiqlənməsini istəyəcək. Ağ Evin bu “siyasi bazarlıq” manevrlərində Ərdoğan hakimiyyətinə seçkidə qələbə şansını artıra biləcək güzəştlərin nəzərdə tutulma ehtimalı da qətiyyən istisna deyil.

Bütün bunlar onu göstərir ki, ABŞ və NATO öz strateji hədəflərinə çatmaq üçün Türkiyəyə qarşı təzyiqləri gücləndirməyə üstünlük verirlər. Ən əsasısa, təbii fəlakətin çətin vəziyyətə saldığına əmin olduqlarından Türkiyəyə qarşı təzyiqlərin daha effektiv ola biləcəyinə də ümid edirlər. Və bu baxımdan, Türkiyənin xarici təzyiqlərə immunitetinin hansı səviyyədə olması böyük önəm daşımağa başlayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar