Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Lavrov Bakıya niyə gəlir?

17-02-2023, 15:55   


Lavrov Bakıya niyə gəlir? 

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib. Lavrovun Azərbaycana səfərinə hazırlıq getdiyi bildirilir. Agentliyimizin həmsöhbəti Rusiya XİN başçısının Bakıya səfərinin fevral ayının sonunda baş tutacağı, hələlik dəqiq tarixin müəyyənləşmədiyini söyləyib. 

Qeyd edək ki, fevralın 14-də Bakıya səfər edən Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi Azərbaycan Prezidenti İlham Əliyev də qəbul edib. 

Görüş zamanı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesi müzakirə olunub. Xovayevin səfərinin detalları məlum olmasa da, Sergey Lavrovun Azərbaycana gəlişi həmin müzakirələrin daha yüksək səviyyədə davamı hesab oluna bilər. Xatırladaq ki, Xovayev fevralın 9-da İrəvana səfər edib. Fevralın 11-də isə Ermənistan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub. 

Ermənistan mediasının yazdığına görə, Rusiyanın diplomatik fəallığının artmasında məqsəd Moskvanın vasitəçiliyi ilə danışıqların yenidən təşkilinə nail olmaqdır. Lakin Paşinyan hakimiyyəti Azərbaycan ərazisində sülməramlı missiya həyata keçirən Rusiyadan Laçın-Xankəndi yolunun açılması üçün Azərbaycana təzyiq göstərməyi tələb edir. Rusiyanın bu məsələdə müşahidəçi mövqe tutması rəsmi İrəvanı qane etmədiyindən Paşinyan daha çox Qərbin vasitəçiliyi ilə danışıqlara üstünlük verdiyini nümayiş etdirir. 

Əslində, son aylar nə Avropa İttifaqının, nə də ABŞ-ın vasitəçiliyi ilə müzakirələr keçirilib. Ancaq Rusiya ilə müqayisədə, tərəflər arasında görüşün təşkilinə çalışan ABŞ və Ermənistana müşahidəçi missiya göndərən Avropa İttifaqı diplomatik müstəvidə daha fəal görünür. Üstəlik, Türkiyənin son günlər Azərbaycan və Ermənistan arasında danışıqların təşkili üçün üçtərəfli formatı yaratmaq cəhdi müşahidə olunur. Bütün bunlar Nikol Paşinyana Rusiyaya təyiq üçün əlavə manevr imkanları açır. Ermənistan tərəfi Lavrovun iştirakı ilə üçtərəfli görüşün keçirilməsinə etiraz etmədiyini bildirsə də, faktiki olaraq müzakirələrdə maraqlı görünmür. 

Ümumiyyətlə, danışıqlara ev sahibliyi etməyə çalışan Rusiya hələlik nə Ermənistanla, nə də Azərbaycanla anlaşa bilir. Çünki ötən il oktyabrın 31-də Azərbaycan və Ermənistan liderlərinin Soçidə keçirilmiş görüşü zamanı Rusiya tərəfinin irəli sürdüyü təkliflər sülh prosesinə zərbə vurub. Bu baxımdan, Rusiyanın sülh təşəbbüsü Azərbaycan üçün kifayət qədər cəlebedici təsir bağışlamır. 

Üstəlik, Ruben Vardanyanın Rusiya tərəfindən siyasi missioner kimi münaqişəni yenidən alovlandırmaq məqsədilə Qarabağa göndərilməsi Azərbaycanda Putinin sülh təşəbbüslərinə ciddi etimadsızlıq yaradıb. Rəsmi Bakı Vardanyanın Qarabağı həmişəlik tərk etməsini Rusiyanın qarşısında əsas şərt kimi irəli sürür. Yəni Rusiya özünə problem yaradıb. Çünki Vardanyanın Qarabağdan çıxıb getməsi Ermənistan hakimiyyətinin də marağındadır. Bu tələb yerinə yetirilməyənə qədər Rusiyanın vasitəçilik səylərinin reallaşması mümkün görünmür. Xovayevin tərəflərə yeni sülh təklifləri təqdim etməsi barədə məlumatlar da çox güman ki, bu narazılığı aradan qaldırmağa xidmət edir. 

Xarici işlər naziri Lavrovun Bakıya səfəri də danışıqlar prosesində Rusiyanın moderatorluğunun bərpasına hesablanıb. Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Kreml Azərbaycan-Ermənistan münasibətlərinin tənizmlənməsinə dair danışıqlarda təşəbbüsü ələ almağa çalışır:

“Brüssel formatı iflasa uğrayıb. Vaşinqton formatı da ciddi nəticə vermir. Azərbaycan və Ermənistan arasında birbaşa təmasların artması müşahidə olunur. Bir neçə aydır Azərbaycan və Ermənistan bir-birinə qarşılıqlı şəkildə sülh təklifləri təqdim edir. Avropa İttifaqının Ermənistana daxil olmasından sonra Rusiya Cənubi Qafqazda prosesi tam nəzarətə götürməyə, beləliklə, Azərbaycanla Ermənistan arasında birbaşa təmaslara son qoymağa çalışır. 

İqor Xovayevin Ermənistana və Azərbaycana səfərləri, həmçinin Sergey Lavrovun Ararat Mirzoyanla telefon danışığı sadəcə olaraq, Rusiya tərəfinin prosesi uzatmaq niyyətindən xəbər verir. Əgər Rusiya sülh müqaviləsində maraqlı olsaydı, Qarabağda separatçılığı körükləməzdi. Ruben Vardanyanı təlimatlandırıb Qarabağa göndərən Rusiyanın vasitəçilik missiyası sülhə xidmət etmir. Rusiyanın siyasəti böhranlı vəziyyətləri idarə etməkdən ibarətdir. Kreml Qərbə mesaj vermək istəyir ki, proses Moskvanın nəzarəti altındadır. Rusiya müəyyən sülh təklifi irəli sürə bilər. Amma Azərbaycanın bunu qəbul edəcəyi inandırıcı görünmür. Çünki Rusiya Qarabağda separatçılığın davam etməsində maraqlıdır. Hesab edirəm ki, Xovayevin və Lavrovun səfərləri sülhün əldə olunmasına xidmət etmir”. 

Müşfiq Abdulla
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar