Avropanın Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq cəhdləri hər gün daha da sürətlənir, çünki Nikol Paşinyan və komandası bu layihədə fəal iştirak edir. Avropalılarla hər rəsmi görüşdən sonra onun ritorikası daha dağıdıcı və təhlükəli olur. Bu, təbii ki, Ermənistan üçün nəticəsiz qalmayacaq.
Erməni şərhçi Naira Vanyan belə dəyərləndirir. Çox keçmir ki, rusiyalı təbliğatçı Marqarita Simonyan Dünya Gənclər Festivalında çıxışı zamanı bənzər fikirlərlə təhdid edir. Sitat: "Ermənistan gəncləri başa düşməlidirlər ki, ölkənin Baş naziri Nikol Paşinyan satqındır və Ermənistanı tam məhvə aparır".
Əgər o, hakimiyyətdə qalsa və Ermənistanın gəncləri və yaşlı nəsli onu dəstəkləməkdə davam edərsə, deməli, beş il ərzində Ermənistan olmayacaq”, - Simonyan bildirib. Və daha kimlər, kimlər sıraya düzüblər: Duma deputatları, hərbi ekspertlər...
Hiss olunur ki, Rusiya Ermənistan liderini açıq surətdə xəbərdar edir. Lavrov da Antalyada İrəvana bəyanatlar göndərdi. Kreml izah etmək istəyir ki, Paşinyanın bu çək-çevirləri mənasızdır, Ermənistan Rusiyanın çətiri altından çıxmağa cürət edə bilməz. Hətta Zvartnots aeroportundan rus sərhədçilərinin çıxarılması reallaşarsa, yenə də Ermənistan sərhədləri rus hərbçilərinin nəzarətində olacaq. Avropadan gətirilmiş 200 nəfərlik müşahidəçi ruslarə əvəz edə bilməz. O halda mümkündür ki, Fransa böyük bir qoşun göndərir və bütün sərhədlərə yerləşdirir. Bu da Rusiyaya əlcək atmaqdır. Ermənistanı böyüdüb-yetişdirən, qarnını doyuran, pulsuz silah verən, sərhədini qoruyan Rusiya sizcə, əl-qolunu sallayıb regionu tərk edərək yerini Fransaya verərmi? Bu, Rusiya üçün siyasi ölümdür. Paşinyan da inanmır ki, rus ordusunu, bazalarını çıxarmaq mümkün olacaq. 2044-cü ilədək Gümrüdə 102-cu hərbi baza qalmalıdır. Əgər müqaviləni birtərəfli qaydada pozmaq istəsələr, Rusiyanın daxildə müxtəlif güclərin və ordu içində müəyyən qüvvələrin əli ilə hərbi çevriliş etməsi istisna deyil. ABŞ regiona diplomatik korpus adı ilə kəşfiyyatını yerləşdirdiyi üçün demək olar ki, hərbi çevriliş zamanı Paşinyanın təhlükəsizliyi təmin oluna bilər. Fransa da hərbi attaşesini Ermənistan Müdafiə Nazirliyində təyin etməsinə görə proseslərə müəyyən müdaxilələr mümkündür. Lakin bütövlükdə prosesin qarşısını almaq çətin olacaq. Onsuz da strateji rəqabətin poliqonuna çevrilmiş Ermənistan, bu dəfə böyük vətəndaş müharibəsinin, xaosun içinə düşə bilər. Hələlik Rusiya çevriliş niyyətində deyil. XİN rəsmisi Zaxarova da ötən həftə bu barədə danışdı. Rusiya Cənubi Qafqazda destabilizasiya olacağı halda, onun üçün ikinci front açılmasından çəkinir. Ona görə Paşinyanla indiki "mehriban düşmənçilik" bir müddət davam edəcək. Amma o da var ki, Paşinyan seçim etmiş kimi görünür, yəni ən azı KTMT üzvlüyünü tərk etmək astanasındadır. Ondan sonra Rusiya ilə müttəfiqliyə son qoyulmuş kimi sayılacaq. Sadəcə, erməni baş nazir və kabineti prosesi astagəl aparır. Bəs, Ermənistanın Avropaya qoşulması ona nə verə bilər? Axı Türkiyəsiz və Azərbaycansız mümkün deyil. Ötən həftə Simonyan Aİ üzvlüyünə namizəd olmağa hazır olduqlarını açıqladı. Gürcüstan və Moldovadan sonra Ermənistan üçün Avropa Birliyinə qapıların açılması realdır, əgər Paşinyan hakimiyyəti qoruyub saxlaya bilərsə... Bu, Qərbin regionla bağlı strateji addımlarıdır, yəni Ermənistana, yaxud Gürcüstana xüsusi sevgi deyil. Amma qonşuluqda iki ölkə gələcəkdə Aİ üzvü olarsa, Azərbaycan üçün də müsbət hadisədir. Paşinyan bu gedişatı görür, anlayır ki, Avroatlantik məkana inteqrasiya, Bakı və Ankara ilə barışıq, ərazi iddialarına son qoyub Qərbə doğru irəliləmək siyasəti yalnız Ermənistanı Rusiyanın vassalı olmaqdan xilas edə bilər. Buna qədər isə Qərb onu rusların qəzəbindən qorumalıdır...
Azər Talıbov
Anaxeber.info