Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən sammitindən əvvəl jurnalistlərin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna münaqişəsində mümkün vasitəçiliyi barədə suallarına cavab verərkən “bunun mümkün olmadığını” deyib:
“Rəcəb Ərdoğan Ukrayna üzrə danışıqlarında mümkün vasitəçi hesab olunmur”.
Bununla belə Peskov əlavə edib ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Astanadakı görüşləri zamanı Ukraynadakı vəziyyəti müzakirə ediblər.
TASS xəbər agentliyi bildirir ki, Ərdoğan-Putin danışıqları 1 saatadək çəkib.
Peskovun sözlərinə görə onlar iqtisadiyyat və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi 2022-ci ilin 24 fevralında başlayıb.
Türkiyə bu müdaxiləni pisləsə də, başlanğıcda Rusiyaya qarşı sanksiyalara qoşulmamışdı.
Amma bir sıra Türkiyə bankları ABŞ-ın dolayısı ilə sanksiyalarından çəkinərək Rusiya bankları ilə əməkdaşlığı dayandırıblar.
Türkiyə prezidenti müdaxilənin ilk günündən öz vasitəçiliyini təklif edib və bundan sonra İstanbul razılaşması deyilən sənədin layihəsi hazırlanıb. Lakin Ukrayna bu sənədi imzalamaqdan boyun qaçırıb.
Ukrayna taxılının Ukrayna limanlarından ixracı Türkiyə və BMT-nin vasitəçiliyi ilə baş tutub.
Qara dəniz taxıl razılaşması barədə saziş ilk dəfə 2022-ci ilin iyulunda imzalanıb. Bu dördtərəfli razılaşmanı BMT, Türkiyə, Ukrayna və Rusiya imzalayıblar.
Razılaşma Rusiya və Ukraynanın Qara dənizdəki limanlarından kənd təsərrüfatı mallarının maneəsiz ixracını nəzərdə tuturdu.
Ərdoğanın da vasitəçilik etdiyi saziş ötən yaydan bəri Ukraynadan taxıl ixracının davam etməsinə səbəb olub. Böyük taxıl istehsalçısı olan Ukrayna 2022-ci ilin yayından bəri dəniz vasitəsilə 33 milyon tona yaxın taxıl və digər kənd təsərrüfatı məhsulu ixrac edə bilib ki, bu da qlobal təchizat zəncirini təmin edib.
Lakin 2023-cü ilin iyulunda Rusiya Ukrayna taxılının Qara dəniz limanlarından ixracına şərait yaradan bu sazişdən çıxıb. Bunu öz ərzaq və gübrə ixracının ciddi maneələrlə üzləşməsi ilə əsaslandırıb.