Atalığımın əməlini anama deyəndə artıq gec idi– 16+

7-05-2014, 12:02   
Atalığımın əməlini anama deyəndə artıq gec idi
“Qəlbiqırıq” layihəsində

Hələ gəncdir. Bütün dişləri çürüsə də, üzündəki gözəlliyə xələl gəlməyib. Ancaq gülümsünəndə adamın ürəyi ağrıyır.

Qonşuların köməyi ilə yaşayan 3 uşaq anası Şəhla əslində, işləmək istəyir, amma xəstə görünüşü olduğuna görə onu kimsə işə götürmür.

Beləcə, “Qəlbiqırıq” layihəsinin qonağı gənc yaşlarından həyatı qaralan bir qadındır.

ANAMA DEYƏNDƏ DƏ ARTIQ GEC İDİ

- Şəhla, yoxsulsan, bilirəm, illərdir də səni tanıyıram. Amma incimə, bu yoxsulluqda 3 uşağı niyə dünyaya gətirdin? Axı onlara da yazıq, nə verəcəksən onlara?

- Ağlım olsaydı bu halda olmazdım ki... Amma 3 uşağın hamısı mənim istəyimlə olmayıb. Böyük qızım…

Bir az dayanır, mənə baxır və tərəddüd edir. Onu ürəkləndirirəm ki, nə demək istədiyini bilirəm.

- Hə, ögey atam 15 yaşım olanda mənə təcavüz etdi, balaca idim, heç düz əməlli-başlı nə baş verdiyini də anlamadım, anama deyəndə də artıq gec idi.

ATAM ÖLƏNDƏN SONRA ƏRƏ GETMƏSƏYDİ…

- Anan nə etdi?

- Elə nə edibsə, o edib də… Atam öləndən sonra təzədən ərə getməsəydi, hər şey başqa olardı. Bakının mərkəzində 3 otaqlı evimiz vardı, anam bu adama ərə gedəndən sonra atalığım evi satdı, bizi gətirib bu daxmaya tıxadı. Bura gələndə məni evə almadı, iki həftə bayırda qaldım, qorxudan evdən uzaqlaşmadım, gecələri də qapının arxasında büzüşüb yatırdım ki, kimsə mənə nəsə etməsin.

- Bəs anan nə deyir olanlara?

- Heç nə…

- Hamilə olduğunu biləndə nə dedi?

- Məni döydü… İnanmadı, döydü ki, başqası ilə zibil eləmisən, şər atırsan ona… Sonra atalığımla danışdı, o da anamı döydü. İnkar da etmədi. Anam ancaq bundan sonra inandı.

ATALIĞIMIN İYİ GƏLİRDİ BURNUMA

- Bu hadisədən sonra da anan ayrılmadı bu adamdan?

- Yox, görürsən də ayrılmayıb… Qız doğulandan sonra ona baxa bilmədim, özümdən də, ondan da iyrənirdim, atalığımın iyi gəlirdi burnuma qızı götürən kimi… Elə nə oldusa onda oldu, arıqlayıb bu hala gəldim, vərəmli xəstəyə oxşayıram. Qızı da əvvəl anam saxladı, böyüyəndən sonra analıq üstün gəldi, yanıma aldım. Hərdən qorxuram ki, atalığım ona da nəsə edər. Evin yanında ona bir otaq tikiblər, qoymuram orda yatsın, yanımda, elə bu balaca evdə qalır mənimlə…

- Sonra sən böyüdün, nə oldu, bəs bu iki uşağın atası kimdir? İndi də təksən axı...

- 22 yaşım olanda Biləsuvar rayonundan biri ilə tanış oldum. Orda qohumlarımız var, kəndə getmişdim, bir ayağı şikəst idi, mən də bilirdim ki, bu halımla mənə sahib çıxan olmayacaq, dedilər, mən də razılaşdım. Elə orda da evlənib qaldım kənddə. İki uşaq doğulandan sonra onun ayağı tam tutuldu. Ev də atasının idi, mənim orda qalmamı istəmirdilər baldızlarım. Yoldaşım pis adam deyildi, amma məni də qoruya bilmirdi. Əvvəl İrana gedib alver etməyə başladım, uşaqları saxlamaq üçün... Amma evdən çıxarandan sonra yenə bura gəldim. Başqa hara gedəydim?!.

AĞZIMDA DİŞİM YOXDUR

- İndi nə deyir, yenədəmi incidir?

-İncidir də sözdür?Allahın bəlasıdır, iki gündən bir deyir ki, çıx evdən. Anam dərzilik edir, amma qazandığı pulu da o əlindən alır ki, birdən mənə verər.

- Heç anana demisən ki, ayrıl bu adamdan?

- Nə ayrılması, hələ ona kömək də edir. Gözü ağrıyırdı, ordan-burdan borc tapıb əməliyyat etdirdi. Amma mənim ağzımda dişim yoxdur, heç nə etmir. Sonra keçən il bir uşaq vurdu maşınla, iş verdilər, hansısa rayonda cəza çəkməlidir, komendaturadır, nədir, orda qalmalıdır. Hər ay anam paltar tikib 220 manatı ora verir ki, bu qalsın evdə…

- Bəs indi nə edəcəksən? Bu uşaqların taleyi necə olacaq?

- Bilmirəm. Böyük qızı rahat adamla evləndirə bilsəm, yaxşı olar. Oğlanlardan böyüyü işləyir indi…

- Balacadır axı… O, nə iş görə bilər?

- Bu vaxtlar kəndlərdə bağları şumlayıb bir az pul qazanır. Amma inanırsan, elə allahsız adamlar var ki, onun belə, pulunu kəsirlər.

DÜKAN SAHİBİ TƏKLİF ETDİ Kİ, ONUNLA…

- Yaxşı, bəs özün niyə işləmirsən?

- İstəyirəm, bir necə dəfə getmişəm. Bir dəfə hələ onda dişlərim də çürüməmişdi, getdim, dükanın sahibi təklif etdi ki, onunla yaxınlıq edim, mən də razılaşmadım. İşə götürmədi. Sonra yaxınlıqda böyük market açıldı, ora getdim ki, süpürgəçi işləyim. İşə götürdülər, iki həftə işlədim. Sonra dükanı işlədən qadın, Məlahət çağırdı ki, vallah, mən də istəyirdim işləyəsən, ancaq alıcılar sənin xəstə olduğunu düşünür, dükana gəlməyə çəkinirlər. Nə deyə bilərdim, dükanın sahibi odur…

- Sənin qaldığın otaq əslində pis deyil, kim təmir edib?

- İki il əvvəl Türkiyədən gəlmiş bir adam vardı. Yaxşı adam idi. Dindardı, onunla tanış olan iki azərbaycanlı qadın mənim vəziyyətimi deyiblər ona, o də gəldi, danışdı, kömək etmək istədiyini dedi. Mənə ayrıca ev də tikmək istədi, amma ögey atam həyətdən torpaq vermədi, yazıq da elə bu balaca otağı təmir edib yanında bir hamam, tualet artıra bildi. Yaxşı da kömək edirdi mənə burda olanda. Pul da verirdi, onun da yarısını atalığım tutub alırdı, vermək istəməyəndə də iki dəfə evdən qovdu. O türk mənə yaxşı soyuducu, televizor da almışdı, irilərindən, amma onu da bu adam satdı, bu qırıq soyuducunu verdi ki, bəsindir.

ADAMIN ALLAHI VAR

- Yaxşı, o bu pulları neynir axı?

- Bilmirəm… Özünün övladı yoxdur, Mətişi (böyük qızı nəzərdə tutur) övladı saymır. Deyir ki, bu boyda həyəti, evi sizə qoyub gedəcəm. İndidən onun qisasını alır bizdən.

- Bəs ərindən xəbər yoxdur?

- Var, keçən il ayağı bir az açıldı, İrana müalicəyə gedəndən sonra… Sonra yeşik sexində işləməyə başladı, işləyəndə kömək edir yazıq, adamın Allahı var, amma nə qazanır ki…

BİLİRƏM Kİ, BU PULLAR NƏZİRDİR

- Yaxşı, sən işləmirsən, vəziyyətin belə… Necə dolanırsan?

- Qonşular verir. Yemək, pul… Bilirəm ki, bu pullar nəzirdir, hərdən düşünürəm ki, bu nəzir mənə düşmür, əlim-ayağım tutur, niyə mənə nəzir verməlidirlər? Ancaq nə edim…

- Uşaqlar nə deyir, ürəkləri bir şey istəyəndə necə yola verirsən onları?

- Ən pisi də budur. Kiçik oğlum yoxdan-vardan anlamaq istəmir. Bayramqabağı, sən demə, gedirmiş qonşuya ki, anam belə dedi, elə dedi. Ya da balaca vedrəni götürüb gedirmiş ki, suya gəlmişəm. Qadın da bilirmiş ki, bu, əslində pula gəlib, çünki o qadın bunu heç vaxt boş qaytarmırdı. O da pulu alıb yığırmış. Novruz bayramı gələndə çıxartdı ki, məndə pul var, bayram bazarlığı edək. Saydım, 12 manat pul idi, götürüb getdim dükana, özünə də püstə aldım. Ən çox püstəni sevir. İnanırsan, o püstəni yeyəndə boğazım düyünləndi.

- Qonşularından razısan deyəsən?

- Hə, Allah onlardan razı olsun.

ÇÜRÜK DİŞLƏRİNİN GÖRÜNMƏSİ

Şəhlanın dərdi çoxdur, danışmaqla bitməz. Amma mən daha çox danışdırmıram onu… Kiçik oğlu adını eşidib bir az daha diqqətlə bizim söhbətimizə qulaq asmağa başlayır, gülümsəyirəm. Dərslərini soruşuram. Bir az dili dolaşa-dolaş yaxşı olduğunu deyir. Çox arıqdır, elə o da anası kimi xəstəyə oxşayır.

Şəklini çəkmək istəyirəm razı olmur, ehtiyat eləyir ki, birdən atalığı hardansa öyrənər, bunu da bəhanə edib onu incidər.

Sağollaşıb çıxıram… Şəhla isə əli ilə ağzını tutaraq arxamca gülümsünür. Çünki çürük dişlərinin görünməsini istəmir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.