Dortmund “Borussiya”sının yarımmüdafiəçisi İlkay Gündoğan martın əvvəllərində Krıma gizli səfər edib və 24 gün orada qalıb.
Türk əsilli futbolçunun səfərində məqsəd aldığı zədəni müalicə etdirmək olub.
Məsələnin ən maraqlı tərəfi odur ki, Gündoğanın səfəri bu bölgənin Rusiyaya birləşdirilməsi ilə nəticələnən referendumdan bir neçə gün əvvələ – Krımda qeyri-sabit vəziyyətin davam etdiyi dövrə təsadüf edib. Çoxlarının müalicə üçün Almaniyaya üz tutduğu müasir dövrdə Gündoğanın Almaniyadan Ukrayna ərazisinə gəlməsi isə daha çox təəccüb doğurub.
Ukraynanın tribuna.com saytının jurnalistlərinin araşdırması nəticəsində bəlli olub ki, Gündoğanın ötən ilin avqust ayında, Paraqvayla yoxlama oyununda belindən aldığı zədə onun futbolçu karyerasına birdəfəlik nöqtə qoya bilərmiş. Həmin vaxtdan yaşıl meydana çıxa bilməyən İlkay Gündoğanın müalicəsinin bir nəticə vermədiyini görən “Borussiya” futbolçuya səhhətiylə bağlı özü bildiyi qaydada hərəkət etməyə icazə verib.
Almaniyada bir neçə ay aparılan müalicə zamanı həkimlər futbolçuya dəqiq diaqnoz qoya bilməyiblər. Bu səbəbdən futbolçunun ağrıları artıb, əsəb sistemi pozulmağa doğru gedib. Məlum olub ki, 23 yaşlı futbolçu ağrıkəsicilərin köməyi olmadan nə yeriyə, nə də otura bilirmiş. Təbii ki, belə durumda onun məşq etməsi artıq möcüzə olardı.
“Borussiya”dan müalicəsi ilə bağlı razılıq aldıqdan sonra Gündoğan gözəl təbiəti olan Krıma getmək qərarına gəlib. Məlum olub ki, bu məqsədlə Gündoğan, mediada yazıldığı kimi, Ukrayna Müdafiə Nazirliyinin Krımdakı hərbi hospitalında yox, nazirliyin mərkəzi uşaq klinik sanatoriyasına müraciət edib. Bu mərkəz təkcə uşaqların deyil, nevroloji xəstəliyi olan böyüklərin də müalicə ilə məşğuldur.
Gündoğan Yevpatoriyada martın 10-dan aprelin 6-dək müalicə olunub. Martın 16-da isə referendumdan sonra Krım Rusiyanın tərkibinə birləşdirilib. Lakin həmin dövrdə bölgədə münaqişəli vəziyyətin olmasına baxmayaraq, türk futbolçu müalicəsini davam etdirib.
Sanatoriyanın direktoru Yuri Ponomarenko Gündoğanın onların mərkəzində müalicə olunduğunu təsdiqləyib: “Gündoğan bizim haqqımızda internetdən məlumat toplayıb. Bundan başqa, əvvəllər burada olan onun hansısa yaxını da futbolçuya mərkəzimiz haqda danışıb. O, dərhal bura gəlmək qərarı verməyib. Əvvəlcə bizdən gördüyümüz işlər haqda məlumat aldı. Sonra iki gün vaxt istədi və yalnız bundan sonra Krıma gəlmək qərarı verdi. Biz ona xüsusi diqqət göstərdik. Axı, başa düşürdük ki, o, sadə adam deyil. Gündoğan 24 gün burada qaldı və ayrılanda bizdən razılığını ifadə etdi”.
İndi işin digər tərəfi – “Borussiya”nın İlkayın Krıma səfərini nə üçün gizli saxlaması da maraq doğurur. Ukrayna mediası bildirir ki, Gündoğanın mürəkkəb bir dövrdə Krıma səfəri və Ukrayna Müdafiə Nazirliyinin tabeçiliyində olan mərkəzdə müalicə olunması klubun nüfuzuna zərbə ola bilərdi. Kluba yaxın mənbələr bildirir ki, “Borussiya” siyasi məsələlərdən mümkün qədər uzaq durmağa çalışır və ona görə də Rusiya ilə Ukrayna arasında siyasi gərginliyin olduğu bir vaxtda futbolçunun Krıma getməsini təsdiq etmək istəməyib. Klubdan qısaca olaraq yalnız onu deyiblər ki, İlkay Ukraynada müalicədə olub. Krımla bağlı hansısa açıqlamanın verilməsi isə klubu çətin vəziyyətdə qoya bilərdi.
Futbolçunun özü və meneceri olan atası məsələylə bağlı şərh verməyib.
Yalnız o məlumdur ki, Krım səfərindən sonra “Borussiya” öz futbolçusu ilə müqavilənin müddətini 2016-cı ilin yayına qədər uzadıb.
Amma istənilən halda, bu səfər müəyyən suallar doğurur: Gündoğan konkret kimin məsləhəti ilə Krıma gedib? Yevpatoriyadakı şərait adı dünyada dillər əzbəri olan Münhen klinikalarını nədə üstələyir? Nəhayət, Krımdakı müalicə İlkaya kömək edibmi?